Emin İmaməliyev: “Hələ həyata keçməyən çox arzum var” (çempion, 24-12-2008)

single-news
24 Dek 2008

Emin İmaməliyev: “Hələ həyata keçməyən çox arzum var” (çempion, 24-12-2008)



Karyerası boyunca iddialı elita təmsilçilərinin şərəfini qoruyan oyunçu, sürəti və driblinqləri ilə istənilən rəqibə təhlükə yaratmaq iqtidarında olan futbolçu, ikiqat Azərbaycan çempionu, özünə qapalı insan, qayğıkeş ata və ən nəhayət “həyat səhvlər üzərində qurulub”, deyən Emin İmaməliyev. Onu çoxları sevir... Onunla adətən bazalarda, matçlardan sonra söhbətləşirdik. Təbii ki, öz oyunu, təmsil etdiyi komandanın çıxışı, ümumiyyətlə futbol barədə... Bu dəfəki məqsədimiz isə tamam başqa idi. Bəstəboy oyunçu ilə görüşməyimizi başqa amillər şərtləndirdi. Belə ki, onu redaksiyamıza dəvət edib şəxsi həyatı barədə söhbətləşmək qərarına gəldik. Təklifimizi məmnuniyyətlə qəbul edən İmaməliyev qəzetimizin qonağı oldu. “çempion” ailəsinin suallarını həvəslə cavablandıran Emin redaksiyamızdan xoş təəssüratlarla ayrıldı. Söhbət əsnasında ona ilk sualımız belə oldu.
- Emin, uşaqlığın necə keçib. ümumiyyətlə, bu illəri necə xatırlayırsan?
- 1980-cı ildə Bakı şəhərində anadan olmuşam. Uşaqlığım normal keçib. Nə bəy balası kimi bəslənmişəm, nə də ki, lap bərbad vəziyyətdə yaşamışam.
- Evin böyük övladı olmusan?
- Yox. 3 qardaşım var. 1-i məndən böyükdür.
- Bacınız olmayıb?
- Xeyr.
- Adətən, bacısı olmayan qardaşlar mətbəxt işlərində səriştəli olurlar. Sən necə?
- Mətbəx işləri deyəndə, çeşid-çeşid yeməklər bişirə bilməsəm də, kartof qızartmağı bacarıram.
- Uşaqlıqda dəcəl olmusan?
- Deməzdim.
- Belə olan halda dərslərini yaxşı oxumalısan. Mənimlə razısan?
- Məktəb illəri həqiqətən də, insan həyatının ən şirin anlarıdır, çağlarıdır, məqamlarıdır. O illəri ömrümün sonuna qədər unutmayacağam. Birinci sinifə getdiyim gün indiki kimi yadımdadır. 152 saylı orta məktəbin önündə hamı kimi mən də anamın əlindən tutub həyəcanla sinif otağına daxil olacağım vaxtı gözləyirdim. çox sevincli idim...
- Ən çox sevdiyin fənn hansı olub?
- Ədəbiyyatı və riyaziyyatı fərqləndirərdim.
- Dərsdən qaçdığın gün olub?
- çox olub. Hamısı da futbola görə.

“Xatirələri
varaqlayanda kim
olduğunu unudursan”
 - Futbol demişkən, futbolçu olduğunu əməlli-başlı unutmuşduq haa.
- Hər dəfə xatirələri varaqlayanda kim olduğunu unudursan.
- Necə oldu ki, futbolçu olmağa qərar verdin?
- Uzun hekayətdir. Əvvəlcə onu deyim ki, futbol oynamağa məhəllə stadionunda başlamışam. 4-5 yaşım olarkən 10-12 yaşlı uşaqlarla eyni komandada oynamağı xoşlayırdım. çünki həmişə özümdən yaşca böyük insanlardan nə isə mənimsəməyə çalışmışam. Sonra məktəbə yazıldım. Amma futbola olan marağım sönməmişdi. Bunu ən çox qardaşım hiss edirdi. O, mənə belə bir sual verdi: Futbolçu olmaq istəyirsən? Təbii ki, həyatda ən çox istədiyim şey futbolçu olmaq idi. Belə olan halda ona “yox” deyə bilməzdim.
- Futbol məktəbinə yazılmağın dərsə davamiyyətinə mənfi təsir göstərmədi?
- Mən səhər növbəsində oxuyurdum. Tərslikdən yaş qrupumda olan komandanın məşqləri səhər vaxtlarına təsadüf edirdi. Məktəb çantasını götürüb evdən çıxsam da, birbaşa stadiona gedirdim. Bir dəfə üç ay məktəbə getməmişdim.
- Bəs valideynlərinin bu məsələdən xəbərləri yox idi?
- Sinif yoldaşlarıma xəstə olduğum üçün dərsə gəlmədiyimi demişdim. Uşaqlar da buna inanmışdılar. Həftənin 5-ci günü idi. Evdə oturmuşdum. Birdən qapı döyüldü. Açanda gözləmədiyim mənzərə ilə qarşılaşdım. Sinif uşaqlarının yarıdan çoxu mənim səhhətimlə maraqlanmağa gəlmişdilər. Xoşbəxtlikdən valideynlərim evdə yox idilər. Sözsüz, onlar dərsə getmədiyimi bildilər. Amma artıq gec idi, seçimimi etmişdim.

”Ata və ana övladın
başının tacıdır”
- Valideynlərin yaşayırlar?
- Bəli.
- Yəqin ki, sənə yenə də uşaq kimi baxırlar...
- Valideyn övladın başının tacıdır. Bacardığın qədər onların qoyduğu qaydalara riayət etməlisən. Nə qədər böyük olsan da, valideynlərin gözündə uşaq qalırsan. Onlar əvvəlki nəvazişlərini sənə göstərirlər. Necə də olmasa canlarının bir parçasısan.
- Onların borclarını qaytarmağa çalışırsan?
- “Ana haqqı, tanrı haqqı”, deyib müdriklərimiz. Onların borcları qurtaran borclardan deyil. Amma yenə çalışırıq.
- Hazırda özün də valideynsən. Uşaqlarına kifayət qədər vaxt ayıra bilirsən?
- Valideyn olanda ata və ananın səni böyüdüb boya-başa çatdırmaq üçün hansı əziyyətlərə qatlaşdığını anlamağa başlayırsan. Allah hamıya qismət eləsin. İki övladım var. Biri lap balacadır, digəri isə bağçaya gedir. özüm uşaqlarla məşğul olmağa çalışıram. Düzü, övladımı bağçaya aparmaq mənə bir neçə dəfə nəsib olub. Təbii ki, övladının əlindən tutub onu həyata alışdırmağın şirinliyini sözlə ifadə etmək çətindir.
- Bildiyimə görə, oğlunun 1 yaşı yenicə tamam olub. Onun sənin yolunu davam etdirməsinin tərəfdarısan?
- çox istərdim. Amma peşə seçimini uşağın ixtiyarına buraxmaq daha məqsədəuyğundur.

“Təsadüfdən
xoşbəxtlik doğub”
- Əksər gənclərin ilk məhəbbəti məktəb illərinə təsadüf edir. Sənin həyatında da eyni hadisə baş verib?
- Yox, sevgi-məhəbbətlə aram olmayıb.
- Niyə?
- Vaxt olmayıb.
- Bəs hansı hadisə ailə qurmağına zəmin yaradıb?
- Bir gün dostum Namiq məni şam yeməyinə dəvət etdi. Həmin vaxt gələcək həyat yoldaşımla tanış oldum. Elə oradaca, həmin xanımla evlənmək qərarına gəldim.
- Deməli, həyat yollarında birgə addımladığın şəxslə təsadüfən tanış olmusan...
- Bəli.
- Maraqlıdır, təsadüfdən xoşbəxtlik doğubmu?
- Həyatda təsadüflər olmur. Deməli, qədərimdə bu var imiş. O gün məni qədər həmin qonaqlığa aparıb ki, gələcək həyatımı qurum. Bu məsələdə taleyimdən razıyam.
- İstədiyini həyata keçirməyi bacarırsan?
- Allahın köməkliyi ilə arzularımı həyata keçirmişəm. İnanıram ki, keşməkeşli həyat yollarında həmişə inamla addımlayacağam.
- Həyata keçməyən arzun qalmayıb?
- İnsan yaşadıqca, özü üçün xəyallar qurur, qurduğu xəyalları gerçəkləşdirməyə çalışır. Arzular tükənmir. Hələ həyata keçməyən çox arzum var.

”çox bilsəydim,
alim olardım”
- 28 yaşın olsa da, saçlarına dən düşüb. Bu nə ilə əlaqədardır?
- Nə bilim. Allahın qismətidir.
- Bəlkə çox bildiyindəndir?
- çox bilsəydim, alim olardım da...
- Bəlkə həyatını dəyişmək istəyirsən?
- Adətən, insan bəyənmədiyi həyatda yaşamaq istəmir və yeni həyat sevdasına düşür. Mən isə həyatımdan məmnunam.
- Ən kədərləndiyin və ən sevindiyin anları necə xatırlayırsan?
- Səfərdə Polşaya 0:5 hesabı ilə məğlub olduğumuz matçı heç xatırlamaq istəmirəm. Vurulan qolların birində səhvim oldu, bu da məni futbol ictimaiyyətinin, mətbuatın qınaq obyektinə çevirdi. Elə bil milli komanda təkcə Emin İmaməliyevdən ibarət imiş. Polşa ilə matçdan 4 gün sonra isə evdə Finlandiya yığma komandası ilə qarşılaşacaqdıq. Gərgin idim, kədərli idim, qisas hissi ilə alışıb-yanırdım, bəzi jurnalistlərə və futbol ictimaiyyətinə özümü sübut etmək istəyirdim. Finlandiya ilə görüşdən öncə Şahin Diniyevdən xahiş etmişdim ki, mənə bir neçə dəqiqəlik də olsa şans versin. Komandamıza qələbə qazandıracaq qolun müəllifi olacağıma bütün varlığımla inanırdım. Sağ olsun, Diniyev arzumu gözümdə qoymadı. Meydançaya çıxdıqdan bir neçə dəqiqə sonra isə rəqib qapıçısını məyus edib Tofiq Bəhramov adına stadiona toplaşan insanlara və bütün Azərbaycan xalqına sevinc bəxş etdim. Həmin an dünya mənim idi.
- Heç səhv etmisən?
- çox olub. Amma bu gün etdiyim səhvi, sabah təkrarlamamağa çalışmışam. Hər kəs səhv edə bilər, bunu dərk etməyəndə isə faciə ilə üzləşirsən. Heç kim deyə bilməz ki, mən səhv etməmişəm. çünki həyat səhvlər üzərində qurulub.
- Heç tutduğun əmələ görə peşiman olmusan?
- Hər şeyi planlı şəkildə həyata keçirməyə çalışmışam. Bu səbəbdən büdrəməmişəm.
- çox qapalı insansan. Buna hansısa hadisə səbəb olmayıb ki?
- Hər kəsin bir xarakteri var. Mən də beləyəm. Yox, həyatımın axarını dəyişəcək hadisə ilə üzləşməmişəm.
- Məncə, sən ən qeyri-adi şeyi sıradan bir hadisə kimi qəbul edirsən...
- Razı deyiləm. İnsan var sevindiyini büruzə verir, mən isə ürəyimdə sevinirəm. Qeyri-adi şeyə ürəyi daş olan insan da təəccüblənir. Və yaxud da ki, arzuna çatanda səndən xoşbəxti olmur. Mən “İnter”ə bir arzu ilə gəlmişdim. Bu klubla çempionluq sevincini yaşayım. Şükürlər olsun ki, arzuma çatdım. Bax, həmin gün çox sevinirdim.

“Oynadığım klublara və işlədiyim məşqçilərə
böyük hörmətim var”
- Karyeran boyunca paytaxt təmsilçilərinin uğurları üçün çalışmısan. Bölgə təmsilçilərindən təklif almamısan, yoxsa oynamağa razılıq verməmisən?
- Bakıda doğulduğumdan bu şəhər mənə əzizdir. Tale bizi heç vaxt ayrı salmayıb.
- Bildiyimə görə, ən böyük arzun Azərbaycanı xarici ölkələrin çempionatında təmsil etmək olub. Yanılmıram ki?
- Bəli, az qala ən böyük arzuma çatacaqdım. çünki həm “Trabzonspor”un, həm də Odessanın məşqçilər korpusu oyunumu bəyənmişdilər. Lakin maliyyə məsələləri ucbatından legioner həyatı yaşaya bilmədim. Əslində mən hər iki klubun irəli sürdüyü istənilən şərtlərə razı idim. Odessa rəhbərliyinə “maaşsız da oynaya bilərəm” demişdim. Lakin “Şəfa”nın prezidenti Emin Eminbəyli transferimin reallaşması üçün qarşı tərəfdən böyük miqdarda vəsait istədi. Nəticədə həmin klublara keçidim alınmadı. Ailəli olduğuma baxmayaraq, yenə də legioner həyatı yaşamaq istəyirəm.
- Həmişə iddialı elita təmsilçilərinin şərəfini qorumusan. Hansı klubda özünü daha rahat hiss etmisən?
- Oynadığım klublar arasında fərq qoymaq istəmirəm. Şərəfini qoruduğum klublara və rəhbərliyi altında oynadığım məşqçilərə böyük hörmətim var. İndiyə qədər heç bir klubdan incikliklə ayrılmamışam.
- Yazını major notlarla bitirmək istədiyimdən, fikrimizi komik hadisəyə yönəltmək istəyirəm. Başına gələn məzəli hadisələrdən birini danışa bilərsən?
- Ruslan Musayevin toyunda idik. Şənlik Sumqayıt şəhərində təşkil edilmişdi. Əvvəllər futbolçu olan, hazırda isə yan xətt hakimi işləyən bir nəfər olduqca çox spirtli içki qəbul etmişdi. Rəqs etdiyimiz ərazidən bir az aralı tort var idi. Həmin şəxs şıdırğı oynayan zaman özünü saxlaya bilməyib tortun üstünə yıxıldı. Həmin hadisə zamanı o ki var güldük...

Paylaş

// pop up