Emin ümidlidir...

single-news
7 Yan 2011

Emin ümidlidir...



O, `Qarabağ`ın ən təcrübəli futbolçularından sayılır. Baxmayaraq ki, cəmi 30 yaşı var, İmaməliyev futbolçu karyerasının zənginliyi ilə öyünə bilər. 2003-2005-ci illər aralığında `Qarabağ`ımızın sıralarında top qovan Emin 3 illik fasilədən sonra yenidən öz sevimli komandasına geri döndü və artıq 3 ildi `Qarabağ`ımızın uğurları üçün tər tökür. O, danışmaqdan daha çox işləməyə üstünlük verir. Daim peşəkarlığı ön plana çıxır və işi ilə diqqəti cəlb edir.   Çempionatın ilk yarısında zədə səbəbindən çox da oynamaq şansı əldə etməsə də, oynadığı məqamlarda bütün bacarığını ortaya qoymağa çalışır. Avrokuboklarda 2 qol vuran, premyerliqda 2 qol vuran və 2 ötürmə verən Emin çempionatın ikinci yarısına ümidlə baxır:` Zədə səbəbindən ilk dövrədə demək olar ki, 2 ay oynamadım. Düzdü, zədə futbolun ayrılmaz hissəsidir. Amma qəribədir ki, zədə hər zaman məni formamın zirvəsində `haqlayır`. İnşallah, yaranmış fasilə yerinə düşdü. Həm komandamız, həm də mənim üçün.  Avrokuboklarda uzun yol keçmişdik. Komandanın 6-7 ay zədədən əziyyət çəkməsi normaldır. Amma buna baxmayaraq komanda sona yaxın toparlana bildi. Antalyadakı keçirəcəyimiz toplantının xeyrimizə olacağını düşünürəm. Belə baxanda liderdən cəmi 8 xal geridəyik. Hələ heç nə bitməyib. Sona qədər mübarizəmizi davam etdirəcəyik. Komandamızda 25 futbolçu var. Rəqabət yetərincə yüksəkdir. BÜtün bunların komandanın xeyrinə olacağını düşünürəm. İnşallah, `Qarabağ` qışdan sonra daha yaxşı çıxış edəcək.`

Paylaş

// pop up