Əmrah Çəlikəl: AFFA rəhbərliyinə və yığmanın məşqçilərinə müraciət edəcəyik (apasport.az)
19 Apr 2010
Əmrah Çəlikəl: AFFA rəhbərliyinə və yığmanın məşqçilərinə müraciət edəcəyik (apasport.az)
“Futbolçularımızın “Bakı” ilə oyundan əvvəl əhval-ruhiyyəsi çox yaxşı idi. Ancaq sonda aldığımız ağır məğlubiyyət bizi üzdü”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.
Unibank Premyer Liqasının XXVIII turunda “Bakı”ya 1:4 hesabı ilə uduzan “Qarabağ” Quzanlı stadionunu məğlub tərk etdi. Çəlikəlin fikrincə, məğlubiyyətə futbolçuların yorğunluğu səbəb olub: “Bildiyiniz kimi, ötən həftə Azərbaycan yığmasının Bakıda təlim-məşq toplanışı keçirildi. Milli komandaya çağırılan futbolçularımız XXVIII turdakı oyunun hazırlığından kənarda qalmışdılar. Onlar “Bakı” ilə oyunda qaça bilmirdilər. Rəqibdə isə yığmaya çağırılan futbolçu az idi. İstənilən halda, belə məğlubiyyətə layiq deyildik”.
Klub rəsmisi ağır məğlubiyyətə görə futbolçuları cəzalandırmayacaqları söyləyib: “Həmin məğlubiyyəti yığmanın toplanışları ilə əlaqələndirmək də düzgün deyil. Ancaq son toplanış birbaşa nəticəyə təsir göstərdi. Qurban Qurbanov başda olmaqla, həmin oyunu təhlil edəcəyik. Yığmanın məşqçiləri və AFFA rəhbərliyinə müraciət edəcəyik ki, belə toplanışlara futbolçu çağırarkən, heyətimizin geniş olmadığını nəzərə alsınlar”.