EMRAH ÇELİKEL: "BİR AZ SƏBR EDİN, ÖZÜNÜZ HƏR ŞEYİ GÖRƏCƏKSİNİZ . . ."

single-news
24 Dek 2005

EMRAH ÇELİKEL: "BİR AZ SƏBR EDİN, ÖZÜNÜZ HƏR ŞEYİ GÖRƏCƏKSİNİZ . . ."



“Qarabağ” Futbol Klubunun mövsüm öncəsi Baş Məşqçi təyin etdiyi Elxan Abdullayevlə müqaviləni uzatmaması komandaya kimin gətiriləcəyi ,bundan başqa transferə çıxarılan futbolçuların nəyə görə bu aqibətlə üzləşməsi, kimlərlə danışıqlar getdiyi, nə zaman bütün bu və ya digər məsələlərə aydınlıq gələcəyi barədə suallar doğurdu. Bütün bu sualları komandamızın İcraçı Direktoru Işık Emrah Çelikel cavablandırdı: - Çıxartdığımız futbolçular etimadı doğrultmayanlardı. Yerli oyunçulara birinci dövrədə şans verdik və gördük ki, "Qarabağ"ın səviyyəsinə uyğun gəlmirlər. Onların hamısı azad agent statusu alıb. Məsləhət olmadı, saxlamadıq. O ki, qaldı legionerlərə, Bekovaç formasını çoxdan itirib. Onu bundan sonra, komandada saxlasaydıq da kömək edə bilməyəcəkdi. Kravçenko və Sokolovskini isə komandada saxlamaq istəyirdik. Hər ikisindən də razı idik. Lakin şərtlərimiz uyğun gəlmədi. Belə olacağını biz də gözləmirdik. - “Qarabağ” sevərlərin klubumuza çoxsaylı zəngləri bunu deməyə əsas verir ki, azarkeşlərimizə kimin baş məşqçi olacağı çox maraqlıdır. Yeni baş məşqçinin kimliyi nə vaxt məlum olacaq? - Gələn həftə klub rəhbərliyi bir araya gələcək və orada bütün bu məsələlərə aydınlıq gələcək. Məhz ondan sonra, baş məşqçinin kimliyi Klub Prezidentimiz tərəfindən açıqlanacaq. Namizədlər arasında həm əcnəbi, həm də yerli məşqçilər var. - Mətbuatda müxtəlif adlar çəkilir. Bunlara münasibətiniz necədir? - Mən də gündəlik dövrü mətbuatı izləyirəm. Orada, Vaqif Sadıqov, Əhməd Ələsgərov, Kazbek Tuayevin, bu günkü yazıda isə, Böyükağa Ağayev və Türkiyəli mütəxəssis Fuad Yamanın adları çəkilir. Mən bu yazıları təbii qarşılayıram. Adları çəkilən məşqçilər isə, təcrübəli və səviyyəli məşqçilərdir. Mən yalnız bir söz deyə bilərəm: Bir həftə də səbr edin, özünüz hər şeyi eşidəcəksiz. - Elxan Abdullayevlə niyə yollarımız ayrıldı? - Elxan bəy, gənc və perspektivli məşqçidir. Onun gələcəkdə böyük uğurlara imza atacağına nəinki inanıram, mən buna əminəm. Yollarımızın ayrılmasının səbəbi isə, sadəcə müqavilənin başa çatması idi. Elxan bəy öz şərtlərini irəli sürdü, biz isə öz təkliflərimizi. Fərqlər meydana çıxdı, ayrılmaq qərarı verdik. - İkinci dövrədə "Qarabağ"ın məqsədi nə olacaq? - Prezidentimiz əvvəl gündən hamımıza deyib ki, “Qarabağ" həmişə təmiz və gözəl futbol uğrunda mübarizə aparmalıdır. İkinci dövrədə də çalışacağıq ki, bu prinsipimizə sadiq qalaq. Amma bir fərq olacaq ki, ikinci dövrədə daha iddialı "Qarabağ" görəcəksiniz. Buna əmin ola bilərsiz. Bundan əlavə, Klub Direktoru Azərbaycan Xalqını Həmrəylik Günü və qarşıdan gələn Yeni il Bayramı münasibətilə təbrik etdi, onlara firavan həyat arzuladı...

Paylaş