Əmrah Çəlikəl: «Bu dəqiqə «Qarabağ»ın səviyyəli yerli futbolçu transfer etməsi mümkün deyil» (qol.az)
Əmrah Çəlikəl: «Bu dəqiqə «Qarabağ»ın səviyyəli yerli futbolçu transfer etməsi mümkün deyil» (qol.az)
Albaniyalı Admir Teli istisna olmaqla, heyəti bütövlükdə azərbaycanlı futbolçulardan təşkil edilən və buna görə bütün yerli klublara nümunə kimi göstərilən «Qarabağ» komandasının iki əcnəbi futbolçunu baxışa çağırması maraqla qarşılanıb. «Qarabağ»ın direktoru Əmrah Çəlikəl Qol.Az-ın müxbiri ilə söhbətində Vaqif Cavadovu «Tvente»yə transfer etdikdən sonra onun mövqeyinə səviyyəli futbolçu gətirmək zərurəti yarandığını bildirib. «Bundan başqa, hazırda «Qarabağ» turnir cədvəlində ikinci pillədədir. Bu mənada, bizim çempionatda daha yaxşı çıxış etməyimiz üçün əlavə səviyyəli oyunçulara ehtiyacımız var. Hazırda «Qarabağ»ın keyfiyyətli yerli futbolçu transfer etməsi mümkün deyil. Çünki futbolçuların hər birinin öz komandaları ilə müqavilələri var. Bu mənada, biz əcnəbi futbolçuları komandaya baxışa çağırdıq».
Əmrah Çəlikəl qış fasiləsində daha bir neçə əcnəbi futbolçunun baxışa dəvət ediləcəyini vurğulayıb. «Baş məşqçi nə qədər istəsə, baxışa o qədər futbolçu dəvət ediləcək».
Xatırladaq ki, hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan «Qarabağ» Rusiyanın MOİK klubunun əvəzedici heyətindən 21 yaşlı yarımmüdafiəçi Maksim Fyodorovu və Fransanın aşağı liqa təmsilçisi "Sainte Genevieve Sports" klubunun braziliyalı 24 yaşlı hücumçusu Qabriel Apolo Mendonca Roşanı baxışa dəvət edib.