EMRAH ÇELİKEL: “ƏSAS MƏQSƏDİMİZ “AKTİV İDARƏETMƏ” OLACAQ”

single-news
29 İyl 2006

EMRAH ÇELİKEL: “ƏSAS MƏQSƏDİMİZ “AKTİV İDARƏETMƏ” OLACAQ”



“Qarabağ” Futbol Klubu UEFA Kuboku İlkin təsnifat mərhələsində Moldovanın “Zimbru” komandası ilə iki oyunun nəticəsinə görə məğlub olaraq, ikinci mərhələyə keçə bilmədi. Bu qarşılaşma sonrası “Qarabağ” Futbol Klubunun rəhbərliyinin fikirlərini, qarşıdan gələn Ölkə Çempionatında komandanın hədəflərini öyrənmək üçün Komandanın Direktoru Işık Emrah Çelikellə müsahibəni diqqətinizə çatdırırıq: - Emrah bəy, heç kimin gözləmədiyi halda, komandamız yoluna davam edə bilmədi. Bunun səbəbi nə idi? - “Qarabağ” Futbol Klubunun rəhbərliyi əlindən gələn hər bir şeyi edərək bu oyuna ən yüksək səviyyədə təşkilatçılıq işləri görməyə, komanda üçün lazım olan hər bir şəraiti yaratmağa çalışdı. Lakin oyunda məğlub olduq və demək ki, hardasa çatışmamazlıqlara,əskikliklərə yol vermişik. Biz bu çatışmamazlıqları aradan qaldırmaq üçün bundan sonra daha böyük səylə çalışacağıq. - Dediyiniz çatışmamazlıqları araşdırmısınızmı? - Ən böyük çatışmamazlığımız bu oyundan qalib ayrıla bilməməyimizdir. Biz bu oyunu uduzmasaydıq, içərimizdə olan əskiklikləri görməzdik. Bu qədər azarkeş dəstəyi ilə komandamızın bir ilkə imza atdığının hamı şahidi oldu. Hamı “Qarabağ”ı dəstəkləmək üçün “Şəfa” stadionuna axışdı. Lakin komandamız ən əsas olan qələbəni qazana bilmədi. Azarkeşlərimiz oyuna gəlməklə sanki komandadan məğlub olmağın səbəbini soruşdu. Bütün bunların üzərində işləyib “Qarabağ”ı daha da inkşaf etdirməliyik. - Matç sonrası Baş Məşqçimiz də çatışmamazlığın olduğunu etiraf etdi.. - Heyətdə zədəlilər olması səbəbindən komandada problemlər var idi. Bu problemlər də oyuna sirayət etdi. Əsas heyətin birdən birə 5 futbolçusunun olmaması komandanın məğlubiyyətində pay sahibi oldu. Bu futbolçuların üçünün matçdan dörd gün öncə “Turan”la yoldaşlıq oyununda zədələnməsi onların vacib oyunda iştirakını əngəllədi. Bütün bunlara görə oyundan sonra Böyükağa müəllimin Xalqımızdan üzr istəməsi təqdirə layiqdir və biz bunu qiymətləndiririk. - Qarşıda nə kimi işlər görməyi düşünürsünüz? Komanda Prezidenti və Vitse Prezidentinin göstərişi ilə Dünyada ən inkşaf etmiş texnologiyanı Bakıya gətirməyi düşünürük. Dünya, Türkiyə praktikasını örnək götürərək, onların futbolçularla iş prinsipini komandamızda tətbiq edəcəyik. Bununla da hər bir futbolçunun verimini analiz edəcək, buna görə də hər bir futbolçuya xüsusi yanaşma tətbiq edəcəyik. Burada bir məqama diqqət yetirmək istəyirəm ki, Futbolçunun veriminin yüksək olması üçün də əlimizdən gələn hər bir şeyi edəcəyik. Onların bədənindəki prosesləri hər an öyrənəcək, buna uyğun adekvat addımlar atacağıq. Onların yemək, su və digər bütün tələbatları bizim nəzarətimiz altında olacaq. - Belə qənaətə gəlmək olar ki, futbolçular üzərində xüsusi idarəetmə sistemi tətbiq olunacaq? - Biz texniki təchizatla bərabər, xüsusi, bu işlərdə təctübəsi olan komandaya da etimad göstərəcəyik. Bununla da, məşqçilərin işinə müdaxilə etməmək şərtilə biz hər bir şəxsin gündəlik veriminə nəzarət edəcəyik. Məşqçilərdən isə vaxtlı vaxtında açıqlamalar istənəcək. Bununla da rəhbərlik bütün işlərdə aktiv rol oynayacaq. Burada bir məqamı vurğulamaq istəyirəm ki, rəhbərlik olaraq biz də qabaqcıl komandaların idarəetmə sistemini daha yaxından öyrənəcək, təhsil alacaq, onların iş təcrübəsindən daha çox yararlanmağa çalışacağıq. - Bütün bu dedikləriniz ən yaxın zamanda komandaya nə kimi müsbət təsiri olacaq? - Keçən illə müqayisədə bu il “Qarabağ” müsbət mənada çox-çox fərqləndi. Bütün bu işlərimiz isə gələn il üçün hesablanıb. Biz gələn il UEFA yarışlarına gedəcək “Qarabağ”ın qat-qat üstün inkşaf etməsinə çalışacağıq və bu yöndə bütün imkanlarımızı səfərbər edəcəyik. Daha qısa şəkildə fikrimizi bildirsək, gələn il “Qarabağ”ın əsas məqsədi: “Aktiv İdarəetmə” olacaq. Biz inkşaf etmiş klubların praktikasından bu yolun bizə də faydalı olacağını düşünürük. Sizə bu işlərdə uğurlar arzulayırıq.

Paylaş