Əmrah ÇƏLİKƏL «Fuad Yamanı baş məşqçi olmaq üçün dəvət etmişdik» (HET-TRİK, 26.08.2005)

single-news
26 Avq 2005

Əmrah ÇƏLİKƏL «Fuad Yamanı baş məşqçi olmaq üçün dəvət etmişdik» (HET-TRİK, 26.08.2005)



Türkiyəli çalışdırıcı Fuad Yaman qəzetimizin ötən sayında verdiyi eksklüziv müsahibədə «Qarabağ»dan dəvət aldığını bildirib. Klub rəsmilərindən Əmrah Çəlikəllə görüşdüyünü etiraf edən Yaman komandanın baş direktoru ilə söhbətin alındığını da vurğulayıb. Doğurdan da qəribə bir mənzərədir. «Qarabağ» rəhbərliyi bir ay öncə sükanı həvalə etdiyi Elxan Abdullayevə görünür, daha güvənmir. İyulun əvvəlində baş məşqçi postuna təyinat alan Abdullayev belə getsə, heç birinci dövrənin axırınadək burada duruş gətirməyəcək. Hərçənd «Qarabağ»ın baş direktoru Əmrah Çəlikəl belə düşünmür. - Fuad Yaman Bakıya mənim dəvətimlə gəlmişdi. Onunla bəzi məsələlər ətrafında görüşmək lazım idi. Bu məqsədlə də iki gün danışıqlar apardıq. Lakin sonda vəziyyət elə alındı ki, Yaman Türkiyəyə qayıtmalı oldu. Buna da səbəb onun «Karvan»la arasında yaranan problemdir. Yevlax klubu ondan pulunu tələb edir. Fuad hoca Bakıya gələn kimi özü ilə bərabər «Karvan» rəhbərliyinin görüşünə getdik. Orada mənə məlum oldu ki, klub başbilənləri Yamandan verdikləri müqavilə haqqını geri qaytarmalarını istəyir. Türkiyəli çalışdırıcı isə keçmiş rəhbərliyi ilə görüşdə müsbət heç nəyə nail ola bilmədi. Yəni «Karvan» rəsmiləri məşqçiyə güzəştə getmədi. - Sözlərinizdən belə başa düşdük ki, Yamanı baş məşqçi vəzifəsinə gətirmək üçün Bakıya dəvət etmisiz… - Elədir. Yaman «Qarabağ»da çalışa bilərdi. Amma bizim onunla bağlı fikrimiz tək baş məşqçi postu ilə əlaqədar deyil. Biz ona komandada başqa vəzifədə də işləmək imkanı yaratmaq istəyirdik. Düzü, onadək Yamana hansı postu verəcəyimizi müəyyənləşdirməmişdik. Bunu onun özü seçməli idi. Lakin sonda iş elə gətirdi ki, Yamanla danışıqlarımızı yarıda dayandırıb bu barədə fikir mübadiləsi aparmadıq. - Türkiyəli mütəxəssis qəzetimizə verdiyi müsahibədə «Qarabağ»dan bir illik müqavilə təklifi aldığını bildirib. Onunla anlaşmanın maliyyə tərəfini müzakirə etdinizmi? - Yamanla heç bu haqda da danışmağa ehtiyac qalmadı. Çünki bayaq dediyim kimi Fuad hocanın «Karvan»la probleminin ortalığa çıxması hər şeyi dəyişdi. - Lakin məşqçi mətbuatda gedən bügünkü müsahibəsində maliyyə məsələlərini razılaşdırmadığını iddia edir. Belə olan halda kimə inanaq? - Mən yenə təkrar edirəm, Yamanla pul söhbəti aparmamışıq. Başa düşmürəm, o, niyə belə danışıb. - İndi yenə Yamanın təyinatı məsələsi gündəmdə qalırmı? - Xeyr. Fuad hocanın «Karvan»la problemi olduğunu dəqiqləşdirəndən sonra onunla təmasımızı kəsmişik. Yamanla tərəfdaşlığımız daha mümkünsüzləşib. - Bəs, digər məşqçilərlə necə, danışıq apardığınız varmı? - Biz artıq öz fikrimizi qətiləşdirmişik. Yaman söhbətindən sonra kiminləsə bu istiqamətdə görüşmələrimiz olmayıb. «Qarabağ» rəhbərliyi Elxan Abdullayevlə işbirliyini davam etdirmək marağındadır. «Neftçi» ilə oyundan sonra bu istəyimizi qətiləşdirmişik. Abdullayevə güvənirik. Çempionatın son turu Elxan bəyin işində başarlı olduğunu təsdiqlədi. - Bu necə ola bilər ki, keçən mövsüm «Qarabağ» İqor Ponomaryovla evdə «Neftçi»ni üstələyir, lakin Abdullayev bunu bacarmır? - Ötən çempionatda heyətimiz bundan qat-qat güclü idi. Onda yaxşı kollektiv formalaşdırmışdıq. İndi isə komandamız əvvəlki səviyyədə deyil. Hər halda, mövsümlərarası fasilədə düşərgədən ayrılan oyunçuların yeri görsənir. Elxan bəy hazırkı heyətlə «Neftçi»dən xal ala bilirsə, bu da bir uğurdur. Qarşıdakı turlarda yəqin ki, bir qədər də toparlanacağıq. Futbolçular oyundan-oyuna artırırlar. Turlar keçdikcə «Qarabağ»ı daha iddialı görəcəksiz. - Elxan Abdullayevlə müqavilə bağlamadığınız söylənilir. Bu, doğrudanmı belədir? - Bilmirəm belə söz-söhbətləri ortalığa kim çıxarıb? Abdullayevlə əlbəttə ki, müqaviləmiz var. Özü də birinci dövrənin sonunadək… (Bir qədər duruxur. Az sonra fikrini dəyişib səhvini düzəldir). Xeyr, xeyr birinci dövrənin yox, mövsümün bitiminədək. Yəni Elxan bəy ən azı bir il «Qarabağ»da qalıb fəaliyyətini davam etdirəcək. - Maraqlıdır, rəhbərlik Abdullayevin qarşısına hansı məqsədlər qoyub? - Cari mövsümdə də medallar uğrunda mübarizə aparacağıq. Öncəki illər də belə olub, bundan sonra da belə olacaq. «Qarabağ» yalnız zirvə üçün döyüşür. Başqa heç nə bizi qane edə bilməz. Bu çempionatda heyətimiz bir qədər zəifləsə də, bundan qayğılanmırıq. «Qarabağ» mübarizə əzmini, döyüşkənliyini özündə saxlayıb. - «Qarabağ» rəhbərliyi keçirdiyi son toplantıda ictimaiyyətə «builki məqsədimiz həm də təmiz oyun prinsiplərinə sadiq qalmaqdır» mesajını verib. İndiki mərhələdə komandanız bunu bacaracaqmı? - «Qarabağ» həmişə təmiz futbol oynayıb. Heç kimdə işimiz olmayıb. Yalnız özümüzü düşünmüşük. Keçən mövsüm də məhz bunun hesabına uzun müddət çempionata liderlik etdik. Demək hər şey öz əlimizdədir. Yaxşı hazırlaşsaq, toparlana bilsək, kimsə qarşımızda durmağı bacarmayacaq. - Amma «Turan»la oyundan sonra klubunuzun prezidenti Abdulvari Gözəl bəy hakimlikdən kəskin şəkildə narazı qalıb. Hətta onun bununla əlaqədar ölkə rəhbərliyinə və AFFA rəsmilərinə müraciət ünvanladığı deyilir… - Düzü, Abdulvari Gözəl bəyin belə bir söz dediyini eşitməmişəm. Bəli, «Turan»la oyunda məğlub olmamalıydıq. Komandamız səfərdə mübarizə aparmasına baxmayaraq, olduqca gözəl təsir bağışladı. Haqqımız ən azından heç-heçə idi. Gəl ki, hakimlərin qərəzli münasibəti üzündən məğlubiyyətlə üzləşdik. Gözəl bəyin ölkə rəhbərliyinə və AFFA-ya müraciətindən də xəbərsizəm. Prezidentimiz ölkə xaricində olduğundan o, mənə belə bir söz deməyib.

Paylaş