Əmrah Çəlikəl “Gənclərbirliyi”ni hakimi almaqda ittiham etdi (ÇEMPİON, 26.12.2005)

single-news
26 Dek 2005

Əmrah Çəlikəl “Gənclərbirliyi”ni hakimi almaqda ittiham etdi (ÇEMPİON, 26.12.2005)



Cari mövsüm hakimlərlə bağlı narazılıqlar kütləvi hal alıb desək yəqin ki, yanılmarıq. Dünən 13-cü turun görüşləri çərçivəsində keçirilən “Qarabağ” - “Gənclərbirliyi” matçı da istisna olmadı. Vüsal Əliyevin başçılıq etdiyi hakimlər briqadası qarşılaşmanı pis idarə etməsə də, 76-cı dəqiqədə baş verən hadisə “Qarabağ”ı narazı saldı. Belə ki, bu vaxt Davud Kərimi ilə Samir Musayevin mübarizəsindən sonra ikinci topu qapıdan keçirdi. Lakin referi Kərimiyə qarşı kobudluq edildiyini səbəb gətirərək qolu qeydə almadı. Bu qərar ağdamlıların açıq-aşkar narazılığına səbəb oldu. Onlar qolun qaydalar çərçivəsində vurulduğunu iddia edərək hakimin qeyri-obyektiv qərar verdiyini bildirməkdən çəkinmədilər. AFFA-ya niyə məktub göndərildi? Görüşdən sonra protokola qeydlərini yazmağa gecikən klubun məşqçisi Şaiq Həsənov və icraçı direktor Əmrah Çəlikəllə dördüncü hakim Elçin Məmmədov arasında insident yarandı. Belə ki, “Qarabağ” klubunun rəsmiləri inadla qeydlərini aparmağa cəhd göstərsələr də, hakimlər onların gecikdiyinə görə buna imkan vermədilər. Beləliklə, klubun gücü yalnız AFFA-ya məktub göndərməyə çatdı. 52-ci dəqiqədə ağdamlıların forvardı Müşfiq Hüseynov “Gənclərbirliyi”nin qapıçısı Davud Kərimi ilə təkbətək çıxarkən kobudluqla saxlanıldı. Bu zaman qapıçıya sarı vərəqə deyil, qırmızı vərəqə göstərilməli olduğunu qeyd edən “Qarabağ” rəsmilərinin fikrinin nə qədər obyektiv olduğuna müvafiq qurumlar, yəqin ki, aydınlıq gətiriəcək. Dünən klubun icraçı direktoru Əmrah Çəlikəllə danışdıqda o, hakimlərdən narazılığını gizlətmədi: “Vüsal Əliyev görüşü ədalətli idarə etmədi. Müşfiqin yıxıldığı epizoddan əlavə, Samirin qol vurduğu vəziyyətdə də ədalətsiz qərar qəbul edib qələbəni əlimizdən aldı. Görüşdən sonra protokola qeyd etməyimizə də mane oldular. Artıq AFFA-ya məktub ünvanlamışıq. Referi matçın nəticəsinə təsir edən qərar qəbul etdiyi üçün görüşün təzədən keçirilməsini istəyirik. Sumqayıtlıların “Şahdağ”la görüşündə onların xeyrinə üç penalti təyin etdilər. Bu matçda da belə. Belə görünür ki, “Gənclərbirliyi”nin hakimlərlə əlaqəsi var. Bunu matçdan sonra onların mətbuat xidmətinin rəhbəri Fərhad Həsənova da dedim. Yenə deyirəm ki, AFFA-ya məktub yollayıb, onlardan haqqımızı tələb edəcəyik”. Fərhad Həsənov bu iddia ilə razı deyil “Qarabağ” rəhbərliyinin ittihamlarına münasibət öyrənmək üçün “Gənclərbirliyi”nin mətbuat xidmətinin rəhbəri Fərhad Həsənova müraciət etdik: “Əmrah Çəlikəl görüşdən sonra mənə “Oyunu almısınız” - dedi. Yanımda olan Asim Xudiyev və AFFA nümayəndəsi Tofiq Fətullayev də buna şahiddirlər. Ona cavab verməyə isə Asim bəy mane oldu. “Qarabağ” özü keçən il neçə dəfə oyun almışdı. İndi imkanları yoxdur, amma bizdən belə əməl gözləyirlər. Gör “Qarabağ” bizdən nə qədər qorxur ki, matçı aldığımızı düşünür. Biz heç vaxt belə etməmişik, etmərik də. O ki qaldı oyunun təkrar keçirilməsinə, məncə, bunun reallaşması mümkün deyil. Keçən dəfə “Şahdağ”ın baş məşqçisi Sabir Əliyev də belə dedi. Lakin heç nə alınmadı. Gərək futbol qaydalarını biləsən ki, hansı hallarda matçın təkrar keçirilməsini tələb edəsən. Əslində mən özüm də hakimdən narazıyam. Vüsalın verdiyi penalti doğru deyildi. İlk hissədə meydançada biz dominantluq edirdik. Lakin referi ədalətsiz qərar qəbul edib bizi sındırdı. Lakin biz onlardan fərqli olaraq, hakimlərdən şikayət etmirik”.

Paylaş