EMRAH ÇELİKEL: “KOMANDAMIZA BÖHTAN ATILMASINA İMKAN VERMƏYƏCƏYİK!”

single-news
18 Apr 2006

EMRAH ÇELİKEL: “KOMANDAMIZA BÖHTAN ATILMASINA İMKAN VERMƏYƏCƏYİK!”



Azərbaycan Çempionatının 21-ci turunun mərkəzi qarşılaşması Suraxanı qəsəbə stadionunda keçirildi və “Qarabağ” çempionluğa iddialı “İnter” klubunu 1:0 hesabı ilə məğlub etdi. Məğlubiyyəti həzm edə bilməyən qonaq komandanın futbolçuları isə final fiti səslənən kimi klubumuzun futbolçularına böhtan atmaqdan belə çəkinmədilər... Final fiti səslənəndən az sonra Samir Musayev və Mixail Makovski arasında insident yaşandı. Baş hakim Babək Quliyev isə haqlı olaraq hər iki futbolçunu sarı vərəqə ilə cəzalandırdı. Çoxları bunun dərinliyinə varmasa da, orada olan olayları detallıqla nəzərinizə çatdıraq: Matçın artırma dəqiqələri oynanarkən qonaq komandanın 4 nömrəli oyunçusu Mixail Makovski “pulumuzu qaytarın”(ruscadan tərcümə) deyə futbolçularımıza qarşı böhtan xarkerli ittihamlar irəli sürdü. Bu sözü eşıdənlərdən futbolçuya ən yaxın olan Samir Musayev rəqibdən kimə pul verildiyini deməsini tələb etdi. Məhz bu məsələ oyundan sonra yaranmış insidentin yaranma səsəbi oldu... Məsələyə “Qarabağ” Futbol Klubunun icraçı direktoru Işık Emrah Çelikel rəsmi açıqlama vermişdir: “Biz “Qarabağ” Futbol Klubu olaraq hələ çempionat başlanmamışdan əvvəl də təmiz, ədalətlilik prinsipini ən uca tutacağımızı dəfələrlə bildirmişdik. Göstərdiyimiz oyunumuzla da bunu sübut etməyə çalışırıq. Hər bir oyuna qələbə üçün çıxırıq. Gözəl komandamız var və bu komandanın adına ləkə yaxmaq, adından çirkin işlərdə istifadə etmək heç kimə baş ucalığı gətirməz. Son oyunda da rəqib futbolçuların guya ki oyunu almaları barədə futbolçularımıza qarşı böhtan atması “Qarabağ” Futbol Klubu olaraq, bizi çox təəssüfləndirir. Əgər futbolumuzu inkşaf etdirmək istəyiriksə, məğlubiyyəti həzm etməyi bacarmalıyıq. Rəqib oyunçunun sözlərinə istinad etsək, komandamız həmin oyunda məğlub olsaydı kimlərsə komandamızın adına ləkə yaxmış olacaq, “Qarabağ” adının çirkinliklərlə birgə çəkilməsinə zəmin yaradacaqdırlar. Bildirmək istəyirik ki, Futbolçu bu ittihamlarını sübut edə bilərsə AFFA-nın bu çirkinlikdə iştirak edənlərin ən ağır cəza ilə cəzalandırmasına tərəfdar olduğumuzu bəyan edirik. Bir daha bəyan edirik ki, “Qarabağ” Futbol Klubu heç zaman belə oyunlara uymayacaq, həmişə ədalətin tərəfində olacaqdır. Biz digər klubların da bizi dəstəkləyəcəklərinə və sonda qalib tərəfin Azərbaycan futbolu olacağına inanırıq.”

Paylaş