Əmrah Çəlikəl: Onun “Arsenal”a keçidinə əngəl törətməmişik (apasport.az)

Əmrah Çəlikəl: Onun “Arsenal”a keçidinə əngəl törətməmişik (apasport.az)
Azərbaycan milli komandasının futbolçusu Elnur Allahverdiyev karyerasını “Arsenal” klubunda davam etdirmək istəyib. Apasport.az saytının Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, 15 aydır Ağdamın “Qarabağ” klubunda çıxış edən 27 yaşlı sol cinah müdafiəçisi Kiyev təmsilçisinə keçmək arzusunda olub. Ancaq klub rəhbərliyi iyunadək müqaviləsi olan futbolçunun anlaşma başa çatmamış buraxmaq istəmir.
Ukrayna mətbuatında yazılanları təkzib edən “Qarabağ”ın direktoru Əmrah Çəlikəlin sözlərinə görə, Elnurun “Arsenal”a keçidinə əngəl törətməyiblər. Çəlikəl saytımıza açıqlamasında bildirib ki, Vaqif Cavadovun qışda Hollandiyanın “Tvene” klubuna keçidindən sonra nəinki Allahverdiyev, ümumiyyətlə, heç bir futbolçu ilə bağlı rəsmi təklif almayıblar: “Elnurla bağlı onu deyə bilərəm ki, onun bizimlə müqaviləsi üç aydan sonra bitəcək. Bundan sonra istəsə, “Qarabağ”la anlaşmanı uzadacaq, yaxud xaricə gedəcək. Yəni həmin vaxt sərbəst futbolçu olan Allahverdiyev hansı klubla keçməklə bağlı özü qərar verəcək. Bizim belə fikrimiz olsaydı, Vaqifi də buraxmazdıq. Cavadovun yoxluğunu haradasa hiss etsək də, klubu yox, futbolçunu düşünərək onun gedişinə razılıq verdik”.
Qeyd edək ki, “Arsenal”ın sabiq baş məşqçisi Aleksandr Zavarov saytımıza açıqlamasında Allahverdiyevlə maraqlanmaları ilə bağlı xəbərləri təkzib etmişdi. Elnur yığmadakı komanda yoldaşı Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubuna keçmək istəyir. Hər halda, Mahir də bunda maraqlıdır və dostunun “Anji”də oynamasını istədiyini ruslara rəsmən bildirib.