EMRAH ÇELİKEL: "PONOMARYOV AZƏRBAYCAN FUTBOLUNUN QAYMAĞIDIR"

single-news
15 Sen 2005

EMRAH ÇELİKEL: "PONOMARYOV AZƏRBAYCAN FUTBOLUNUN QAYMAĞIDIR"



"Qarabağ" Futbol Klubunun Direktoru Emrah Çelikel "Futbol+" qəzetinin 15.09.2005-ci il tarixli nömrəsində "Əlifba dərsi" Rubrikasının qonağı olub. Yazının ziyarətçilərimiz arasında marağını nəzərə alıb onu sizin diqqətinizə çatdırırıq: Azərbaycan futbolunda öz dəsti-xəttiylə seçilən "Qarabağ"ın son illərdə yenidən dirçəlməsində türkiyəli iş adamlarının xidməti az deyil. Elə klubun icraçı direktoru Əmrah Çəlikəl də bu işdə xüsusi pay sahibidi. Artıq xeyli müddətdi Azərbaycan futbolunda çalışmasına rəğmən, azarkeşlərin elə də yaxından tanımadığı Əmrah bəyi "Əlifba dərsi"nə çağırdıq. Azərbaycan. Sizin ölkəyə gəlməyim 1997-ci ilə təsadüf edir. Atamın Bakıda işləməsiylə əlaqədar mən də Azərbaycana gəlməli oldum. Ailəmizin yanına gələndə artıq 22 yaşım vardı. Yəni bütün gəncliyim burda keçib. Həyatı Azərbaycanda öyrəndim. Ara-sıra ölkənin bəzi rayonlarını da gəzirəm. Deyərdim ki, insan həyatının ən şən dönəmini burda keçirdim. Bakı. Paytaxt olmaqla bərabər, Bakı həm də böyük şəhərdi. Günü-gündən gözəlləşməkdədi. Xeyli müddətdi burda yaşadığımdan artıq bu şəhərə alışmışam. Cim-Bom. Azərbaycanda yaşamağıma baxmayaraq, türk dünyasını sərgilədiyi futbolla, qazandığı nəticələriylə sevindirən "Qalatasaray"a daim azarkeşlik etmişəm. Bu istək Türkiyədə yaşayanda da var idi. İndinin özündə də "Cim-Bom"un ən sadiq azarkeşlərindən biri kimi özümü qeyd edə bilərəm. Çempion. Futbol bir növ ondan ötrü oynanılır ki, ya çempion olasan, ya da mükafata layiq yerlərdən birini tutasan. Hələlik ölkənizdə işlədiyim müddət ərzində çempionluq sevinci yaşamaq qismət olmayıb. Lakin inanıram ki, yaxın gələcəkdə komandamız bu ada sahib çıxa biləcək. Dəniz. Dənizə getməyi çox xoşlayıram. Doğulub boya-başa çatdığım Ankarada dəniz olmasa da, ali təhsil aldığı illərdə dənizə gedərdik. Amma bura gəldikdən sonra bu yöndə daha geniş imkanlar əldə etdim. İstirahət etmək, təmizlənmək üçün hər həftəsonu dənizə baş çəkməyi unutmuram. Ermənistan. Bu ölkənin Azərbaycana qarşı təcavüzü qardaş ölkə kimi Türkiyənin daim diqqət mərkəzində olub. Biz də yaşadığımız ölkənin ən gözəl, dilbər guşələrinin düşmən tapdağı altında olduğundan xəbərdarıq. Və bunu ürəkağrısıyla qarşılayırıq. Hətta təmsilçisi olduğumuz Ağdama da baş çəkdik. Sağ olsun, rayonun icra başçısı ki, bu işdə bizə yardımçı oldu. Sərhəd bölgəsiylə 100 metr məsafədən Ağdam şəhərini seyr etmək imkanı da qazandıq. İnanın ki, vitse-prezidentimiz Tahir Gözəl hətta özünü saxlaya bilməyib ağladı da. Bir türk kimi biz də Ermənistanın bu təcavüzünü daim pisləmişik və pisləyəcəyik. Ətir. Doğrusu, hansısa ətiri ayrıca vurğulaya bilmərəm. Belə ki, xoşladığım hər hansa ətir oldu, ondan da istifadə edirəm. Futbol. Bu oyuna maraq məndə çoxdan var idi. Ərciyə Universitetinin Bədən Tərbiyəsi və İdman fakultəsini bitirməyim də bu yola az əhəmiyyət daşımayıb. Bura gəldiyim zaman isə idmanla bağlı olmağım üzündən rəhbərlik mənə "Qarabağ" futbol klubuyla məşğul olmağı məsləhət gördü. Mən də bu işi özümə doğma bildiyim üçün təklifi qəbul etdim. Gözəl. Tahir bəylə öncədən tanışlığım yox idi. Onunla burda işləməyə başladıqdan sonra daha yaxından tanış olmaq imkanı qazandım. Və artıq xeyli müddətdi bir yerdə çalışırıq. Hakimlik. Azərbaycan qatıldığı turnirlərlə qarşılaşdığı ölkələrlə müqayisədə ən gənc cumhuriyyətlərdən biridi. Əlbəttə, yeniliklərlə ayaqlaşmağın çətin olması üzündən çatışmazlıqlar olmalıdı. Bu gün hakimliyin səviyyəsi aşağıdı. Amma bunu "hakimlər pis niyyətlidi" deyə adlandırdığımız zaman biz onları daha çox səhv addımlar atmağa təhrik edirik. Əksinə, onları başa salmaqla, yardımçı olmaqla biz də məsuliyyət altına girmiş olarıq. Məşhur bir türk kəlamıyla desək, "əlimizi daş altına qoymuş olarıq". Bu oyunun inkişafına zərər verə biləcək hər bir əngəli qaldırmaq üçün bütün dəstəyimizi verməliyik. Amma "hakimlik bizi qane etmir, aşağı səviyyədədi" demək ən rahat yoldu. İstanbul. Paytaxt Ankarada yaşasam da, İstanbulu çox sevirəm. İstanbulda ən çox xoşladığım isə Taksimdi. O qədər gözəl yerdi ki, insan dincəldiyini, rahatladığını hiss edir. Jurnalist. Mətbuata, həmçinin qələm əhlinə böyük hörmətim var. Onlar bizim gördüyümüz işlərə çox əmək sərf edir, kömək göstərirlər. Onu qiymətləndirməmək olmaz. Sadəcə, biz reklam olunmaqdan xoşlanmırıq. Gördüyümüz işlərlə bir əsər ortaya çıxarmaq istəyirik və bu zaman çalışırıq ki, həmin əsər özümüzdən öndə olsun. Yoxsa bu hörmətsizlik və saymamazlıq kimi başa düşülməməlidi. Klublar. Artıq iki ildi ki, Azərbaycan futboluyla yaxından tanışam. Etiraf etmək lazımdı ki, bu iki ildə futbol adına çox böyük yol qət edilib. Ən azından klub səviyyəsində inkişaf göz qabağındadı. Baxmayaraq ki, klublarda problemlər yetərincə çoxdu. Elə götürək stadion, baza problemini. Bütün klublar bu problemin çözülməsi üçün əlindən gələni edir. Amma xaricdən bir qədər səviyyəli futbolçu dəvət edəndə bizim sahələri bəyənməməsi səbəbindən gəlmək istəmir. Elə arenalarda oynaya bilməyəcəklərini söyləyirlər. Texniki çatışmazlıqlar çoxdu. Futbolçu qıtlığı da göz qabağındadı. Bütün bunlar isə qısa zaman kəsiyində həllini tapa biləcək problemlər deyil. Biz Suraxanıdakı stadiona xeyli xərc çəkib təmir işləri apardıq. Amma orda bir neçə məşqdən sonra sahə tamam korlandı. Mən "Beşiktaş", "Fənərbaxça", "Qalatasaray"ın bazalarını gəzmişəm. Təkcə uşaq komandalarının 4-5 sahəsi var. Həm süni, həm də təbii örtüklü. Bizim tək Suraxanı stadionunda həm oynayırıq, həm məşq edirik və s. Bir sözlə, hələ klublar peşəkarlığa gedən yoldadı. YAZINI BÜTÜNLÜKLƏ "MƏTBUAT" BÖLÜMÜNDƏN OXUYA BİLƏRSİNİZ.

Paylaş

// pop up