EMRAH ÇELİKEL: “QARABAĞ” VƏ “NEFTÇİ” HƏR ZAMAN DOSTDURLAR VƏ BU DOSTLUQ ƏBƏDİDİR”

single-news
5 May 2005

EMRAH ÇELİKEL: “QARABAĞ” VƏ “NEFTÇİ” HƏR ZAMAN DOSTDURLAR VƏ BU DOSTLUQ ƏBƏDİDİR”



Azərbaycan Futbolu inkşafdadır. Eyni səviyyəli 7-8 klubun çempionatımızda mübarizə aparması , digər 4-5 klubun da gündən – günə daha da keyfiyyətli futbol göstərməsi sevindirici haldır. Rəqabət olan yerdə inkşaf olar. Bu baxımdan futbolumuzun doğru yolda olduğunu əminliklə söyləyə bilərik. Dediklərimizin barız nümunəsi isə, 04.05.2005-ci il tarixində baş tutdu. “Qarabağ” “Neftçi”nı qəbul edirdi. Hələ uzun müddət bu matçı izləyənlər möhtəşəm matçın təəsürratından ayrıla bilməyəcəklər. Azərbaycan derbisi adlandırılan bu matç həqiqətən də adına layiq oldu. Hər iki komanda bacarıqlarını ortaya qoydu. Azarkeşlər müdhiş mücadilənin şahidi oldular. Qalib tərəf isə “Qarabağ” oldu. Əslində isə bu matçdan Azərbaycan Futbolunun qalib gəldiyini desək yanılmarıq.Buna görə, bu qələbə və digər məsələlər haqqında klubumuzun İcraçı Direktoru Işık Emrah Çelikelin fikirlərini öyrənməyə bilməzdik. -Emrah bəy, sizi möhtəşəm qələbə münasibətilə təbrik edirik. - Çox sağ olun, bu hamımızın qələbəsidir. Mən də bütün “Qarabağ” sevərləri Klubumuzun rəhbərliyi adından təbrik edir, çempionluq sevinci yaşamağı arzulayıram. Meydanda rəqibimiz olan, əslində isə Dost “Neftçi” Klubunu da gözəl oyun münasibətilə təbrik edirəm. - Matçdan əvvəl və matçdan sonra bəzi maraqlı fikirlər söylənildi. İlk öncə təhlükəsizliklə bağlı bəzi neqativ fikirlər mediyada yer almaqdadır. Sizin buna münasibətiniz böyük maraq doğurur? - Mən hələ matçdan öncə təhlükəsizliyin yüksək səviyyədə olacağını bildirmişdim. Matçda olanlar da şahiddirlər ki, matçda təhlükəsizlik tam təmin olunmuşdur. Tahir bəy şəxsən özü matç zamanı azarkeşlər arasında hər hansı bir insidentin yaşanmaması üçün onların arasında idi. Təhlükəsizliyin tam təmin olunması üçün mühafizə xidməti də ayrılmışdır. Klubun Vitse-Prezidentinin təhlükəsizliyə belə önəm verməsi Klubun bu oyuna göstərdiyi önəmin bariz nümunəsidir. Bundan başqa Suraxanı Rayon Polis İdarəsi də bizə böyük yardım göstərdi ki, buna görə onlara da təşəkkürümü bildirirəm. Onu da deməliyəm ki, insident baş verə də bilməzdi. Çünki, meydanda iki dost komanda var idi. Orada Tahir bəyin dediyi bir fikrini də vurğulamaq istərdim: “Mənim bir yarım “Qarabağ” bir yarım isə “Neftçi”dir.” Təkcə bu cümlə hər şeyi deyir. - Amma bugünkü qəzetlərdə təhlükəsizliyin o qədər də yaxşı təmin olunmaması haqda yazılar yer alıb. - Doğrudur. Əgər biz meydançada futbolçularla hakim arasında da təhlükəsizliyi matç zamanı qorumalıydıqsa, onda düz yazırlar. Hər hansı komandanın futbolçusu gedib hakimi vurursa, ona günahkar biz deyilik. Buna görə AFFA var və bu məsələlərə onlar baxaraq, müvafiq tədbirlər görürlər. - Bəzi fikirlərə görə isə, “Qarabağ” FK 3000 nəfərlik meydana 6000-dən artıq azarkeş buraxmaqla təhlükəsizlik qaydalarına əməl etməyib. - Bu fikirlə razı olsam da, məsələyə başqa tərəfdən baxaq. Futbol azarkeşi, fərqi yoxdur istər “Neftçi”, istərsə də, “Qarabağ”lı olsun, matçı izləmək istəyir. Biz öz teleyayım hüquqlarımızı AFFA-ya vermişik və onların səlahiyyətindədir ki, hansı kanala bu matçı yayımlamaq üçün səlahiyyət verilib. Amma səlahiyyətli olan telekanal bu matçın önəmini nəzərə almayıb, öz mənafeyini üstün tutaraq, matçı xalqa verməkdən imtina edərək, bir gün sonra, teleməkanda baxım reytinqinin ən aşağı səviyyəli zaman kəsiyində efirə verməklə öz borcunu vermiş hesab edir. Biz isə, öz borcumuzu az da olsa verməyə çalışdıq. Belə matçı izləməyə gələnləri qapı arxasında saxlamağı özümüzə sığışdırmayaraq, bütün gələnlərin matça baxması üçün şərait yaratdıq. Matç o qədər gözəl idi ki, inanın heç kim matçdan sonra ayaq üstə qaldığını yox, gözəl oyunun şahidi olduğunu danışırdı. - “Neftçi” rəhbərliyi “Qarabağ” rəhbərliyini ilk dövrədə qələbə münasibətilə onları təbrik etmədiklərimizi deyir. Bu doğrudanmı belədir? - Bu günkü qəzetlərin birində Ağasəlim müəllimin bizi onları qələbə münasibətilə təbrik etmədiyimizə görə günahlandırdığını mən də oxudum. Burada ya anlaşılmazlığın yol verildiyini, ya da, “Qarabağ”ın rəhbərliyi nəzərdə tutulmadığını fikirləşirəm. Ağasəlim müəllimi biz də daxil olmaqla bütün Azərbaycan futbol aləmi üçün güclü mütəxəssis, futbol bilicisi kimi tanınır. Bu baxımdan, əgər biz doğrudanda belə səhvliyə yol vermiş olsaydıq, onda üzr də istəyərdik. Amma biz “Neftçi”nin bütün uğurlarına həmişə sevinib, onları ilk təbrik edənlərdən biri olmuşuq. Ən son “Birlik Kuboku”ndakı uğurunda da ilk təbrik edən məhz “Qarabağ” olub. Təbrikimiz mediyada da yer alıb.Dünənki matçda da “Neftçi”nin cavab topunu vurduğu zaman Tahir bəy “Neftçi”nın Prezidenti Rövnəq müəllimi qapımıza vurulmuş gözəl qol münasibətilə elə yerindəcə təbrik etdi. “Qarabağ” və “Neftçi” hər zaman dostdurlar və bu dostluq əbədidir. Onların arasını kimsə vura bilməz. Necə deyərlər: “Biz əzəli rəqib, əbədi dostuq.” “Neftçi” Azrəbaycan futbolunun flaqmanıdır. “Neftçi” bizim böyüyümüzdür. Azərbaycan Futbolu “Neftçi” adı ilə tanınıb. “Qarabağ”ın da Azərbaycan Futbolunda öz yeri var. Ona görə də, gəlin boş yazılanlara inanmayıb, hər şeyi olduğu kimi qəbul edək. - Emrah bəy, “Qarabağ”ın qarşıda dörd matçı qalıb. Nə deyə bilərsiniz? - Biz rəhbərlik olaraq, həm klubun Prezidenti, həm Tahir bəy “Qarabağ”a inanırıq. Bizim komandada Azərbaycanın ən gözəl futbolçuları toplanıb. Bu fotbolçularla ən yüksəklərə də qalxmağımıza həmişə olduğu kimi, bundan sonra da inanacağıq. Görüşdü: Asif Əsgərov "Qarabağ" FK Mətbuat Katibi.

Paylaş

// pop up