Əmrah Çəlikəl: «Rövşən Əhmədovun kimə azarkeşlik etdiyi göz qabağında idi» (qol.az)

single-news
29 Noy 2010

Əmrah Çəlikəl: «Rövşən Əhmədovun kimə azarkeşlik etdiyi göz qabağında idi» (qol.az)



«BÜTÜN FUTBOL İCTİMAİYYƏTİ YIĞILIB PENALTİ OLDUĞUNU DESƏ BELƏ, XAQANİ MƏMMƏDOV YENƏ DƏ HAKİMLƏRİ HAQLI ÇIXARACAQ»

«Biz «Qarabağ» klubu olaraq, «Neftçi»yə qarşı keçirilmiş matçda hakim idarəçiliyindən narazıyıq. Söhbət təkcə penalti epizodlarından getmir. Hesab edirəm ki, dünənki qarşılaşmada hakim Rövşən Əhmədovun kimə azarkeşlik etdiyi göz qabağında idi». Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində Unibank Premyer Liqasının 15-ci turunun «Qarabağ» - «Neftçi» oyunundakı hakimliyi dəyərləndirən Ağdam klubunun direktoru Əmrah Çəlikəl söyləyib.
«Qarabağ» iddia edir ki, Rövşən Əhmədov «Neftçi»nin qapısına iki penaltini təyin etməyib. AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov isə Qol.Az-a hər iki penalti epizodunda qaydanın pozulmadığını bildirib. Onun sözlərinə görə, Rövşən Əhmədov oyunun nəticəsinə təsir edən səhvlərə yol verməyib.
«Mən onu söyləyə bilərəm ki, bütün futbol ictimaiyyəti yığılıb orada penalti olduğunu desə belə, Xaqani Məmmədov yenə də hakimləri haqlı çıxaracaq. Rövşən Əhmədov Xaqani Məmmədovun tabeçiliyində olan bir hakimdir. Hakimlər Komitəsinin sədri isə öz işçisini ələ verməyəcək ki?! Məmmədov Rövşəni müdafiə etməlidir və edir də. Bir sözlə, «Qarabağ» klubu hakim idarəçiliyindən birmənalı olaraq narazıdır. Rövşən nə istəyirsə onu da etdi, biz isə üç xaldan məhrum olduq» - deyə Əmrah Çəlikəl Qol.Az-a bildirib.
«Mən başa düşmürəm, nəyə görə bu cür hakim idarəçiliyinə göz yumurlar. Əslində, belə hərəkətlərlə onlar digər hakimləri də ruhlandırırlar. Əgər bu gün belə hərəkətlərə görə Rövşən haqlı çıxarılırsa, sabah da başqa bir hakim çıxıb istədiyi qərarı verə biləcək» - deyə Ə.Çəlikəl vurğulayıb.
Bütün bunlarla yanaşı, «Qarabağ» hakimlərlə bağlı AFFA-ya və PFL-ə müraciət etmək fikrində deyil. Əmrah Çəlikəlin sözlərinə görə, onsuz da AFFA-nın Hakimlər Komitəsi hər şeyə göz yumacaq: «Buna görə də biz müraciət etməyə bir məna görmürük».

Paylaş

// pop up