Əmrah Çəlikəl: `Zaur Tağızadə kimilər yüzündən biri olur`
Əmrah Çəlikəl: `Zaur Tağızadə kimilər yüzündən biri olur`
`Bizim Qurban Qurbanova yaratdığımız sərbəstliyi dünyada çox az klub öz məşqçisinə verir`
`Qarabağ` klubunun direktoru Əmrah Çəlikəlin sportal.az saytına müsahibəsi
Ardıcıl bir neçə il Avroliqadakı uğurlu çıxışlar ilə `Qarabağ`ın ölkədə ən çox sevilən klublarından birinə çevrildi. Ancaq sonra bir eniş yaşandı və `Qarabağ` hətta avrokuboklara vəsiqə də qazana bilmədi. Bu enişin səbəbi nə idi?
Mən buna eniş deməzdim. Sadəcə son illər Azərbaycanda digər klubların səviyyəsi qalxıb, rəqabət artıb. Bütün komandalar `Qarabağ`la sanki bir Avropa klubuna qarşı oynayırmış kimi mücadilə aparırlar. Biz buna sevinirik. Ancaq digər tərəfdən də bu bizə çətinlik yaradır. Nəzərə almaq lazımdır ki, yorğunçuluq da var idi. Ardıcıl 3 il həm Avroliqada, həm öklə çempionatında gərgin mübarizə apardıq və bunun nəticəsi kimi yorğunluq öz sözünü dedi. Ötən mövsüm məhz bu səbəbdən avrokuboklardan kənar qaldıq. Məncə, `Qarabağ` yenə ölkənin ən sevilən klublarındandır. `Neftçi`nin Avroliqadakı uğurları da bizi sevindirir.
Qış fasiləsinə liderdən 3 xal geridə yollandınız. Nəticəni qənaətbəxş hesab etmək olarmı?
Daha da yaxşı ola bilərdi. Çünki qazanmalı olduğumuz bəzi oyunlarda yersiz xallar itirdik. Ancaq ümumi götürəndə, bu nəticəni qənaətbəxş hesab edirəm.
Bir müddət əvvəl baş məşqçi Qurban Qurbanov istefa vermək istədi. Onu necə fikrindən döndərsiz?
Ardıcıl məğlubiyyətlərdən sonra pis vəziyyət yaranmışdı. Qurban bəy də getməklə komandanı bu durumdan çıxarmağı düşünürdü. Ancaq bir şeyi bilin ki, rəhbərliyin Qurban bəylə münasibəti rəhbər-işçi yox, dostluq və qardaşlıq münasibətidi. Biz ona çox güvənirik. Qurban Qurbanov `Qarabağ`a bağlı adamdı.
Təbii ki, Qurban Qurbanovun uğurlarından danışarkən rəhbərliyin müsbət keyfiyyətlərini də qeyd etməliyik. Çünki Azərbaycanda məşqçi ilə uzunmüddətli işbirliyi quran klublar çox azdır. Sizdəki bu güvəncin sirri nədir?
Hər klubda olduğu kimi, bizdə də rəhbərlik və sponsorlar yaxşı nəticə tələb edirlər. Ancaq bizdə nəticədən başqa mənəvi məsələlərə də böyük önəm verilir. Qurban bəylə bizim aramızda heç vaxt pul məsələsi ön planda olmayıb. Bizim Qurban Qurbanova yaratdığımız sərbəstliyi dünyada çox az klub öz məşqçisinə verir. O, komandanın daxilində hər bir dəyişikliyi etmək səlahiyyətinə malikdir. Lakin o, bundan sui- istifadə etmir. Futbolçu seçiminə belə çox həssas yanaşır. Başqa bir məşqçiyə bu qədər səlahiyyət verilsəydi, qarşısına çıxanı gətirə bilərdi. Ancaq Qurban bəy belə deyil, dəfələrlə izləyib sonra qərar verir. Bütün bunlar ona qarşı olan sevgini, hörməti daha da artırır.
`Qarabağ` Əfran İsmayılov, Rauf Əliyev kimi istedadları yetişdirməklə Azərbaycan futbolu adına böyük işlər görür. Siz bu futbolçuları sıfırdan yetişdirməklə onlara böyük pullar verməyə başladınız. Ancaq zaman keçdikcə sanki bu futbolçular daha çox pulu düşünməyə başladılar və karyeralarında eniş yaşanmağa başladı. Harada yanlış etdiniz? Bəlkə yerli futbolçulara lazım olandan daha çox pul verməyinizlə xətaya yol verdiniz?
Bu bizimlə əlaqəli olan məsələ deyil. Azərbaycanda yaxşı futbolçular heç də tez-tez üzə çıxmır. Qurban Qurbanov bir neçə il əvvəl dediyiniz futbolçulara şans verməklə həm özünü sübut etdi, həm də onlara özlərini sübut etmək imkanı yaratdı. Təəssüf ki, klublarımız futbolçu yetişdirməkdənsə, böyük pullar qarşılığında hazır futbolçuları heyətinə qatmaq yolunu tutdular. Biz isə özümüz futbolçu yetişdirməklə bu futbolçuları qazandıq. Ancaq bu gün Azərbaycan futbolunun öz reallıqları var. Hansı futbolçuya öz klubunda qazandığından üçqat artığını versən, dərhal iş yerini dəyişər. Futbolçu pul iyi gələn tərəfə baxar.
Ancaq vaxt var idi Zaur Tağızadə `Xəzər Lənkəran`ın çox sərfəli təklifindən imtina edərək `Neftçi`də qalmağı üstün tutmuşdu. Deməli, indi elələri yoxdur...
Zaur Tağızadə kimilər yüzündən biri olur, üçü olur, beşi olur. Qalanları isə reallığa uyğun hərəkət edirlər. Ola bilsin ki, onların pula ehtiyacları olur. Bəlkə də, futbolçular bizim dediyimiz yolla getsəydilər, sabah onların qiyməti yüzminlərlə yox, milyonlarla ölçülərdi. Ancaq sərfəli təklif qarşısında hər insan özünü saxlaya bilmir.
`Bakı` və `Qəbələ` klubları böyük işlər görürlər. İnfrastruktur, uşaq futbolu ən yüksək səviyyədə inkişaf etdirilir. Ancaq `Qarabağ`da bunlar görünmür.
6-7 aydan sonra Suraxanıdakı bazamızın tikintisi sona çatacaq. Bazamız hazır olandan sonra baxarsınız. Orada hər cür şəraitimiz olacaq.
Ev oyunlarını Ağdamda keçirməməyiyiniz narazılıqla qarşılanır. Bu məsələdə vəziyyət nə yerdədi?
Biz bu məsələni qapatdıq. Burada başqa səbəb axtarmaq lazım deyil. Düşünürük ki, Bakıda daha yaxşı şəraitdə oynayıb, daha yaxşı nəticə əldə edə bilərik.
Uzun illərdi ki, azarkeşlərinizin çempionluq həsrətinə son qoya bilmirsiniz. Bunun səbəbi nə ola bilər?
Dəqiq səbəbini deyə bilmirəm. Biz də çempion olmaq istəyirik və bunun üçün var gücümüzü ortaya qoyacağıq. Ancaq alınmasa, dünyanın sonu olmayacaq. Çalışacağıq ki, `Qarabağ`ın adını Avropada duyuraq.
Antalyadakı toplanışın gedişati sizi qane edirəm?
Bəli, çox razıyam. Bizim işimiz odur ki, məşqçiyə lazım olan hər cür şərait yaradaq. Bu günə qədər hər hansı narazılıq olmadı.
Yeni transfer etdiniz. Başqa adlar olacaqmı?
İnşallah. Qurban bəyin istəyindən asılı olaraq bir neçə transfer edə bilərik.