Əmrah ÇƏLİKƏL:“Adil Nadirov bizi yolumuzdan döndərə bilməz" (HET-TRİK, 16.12.2005)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
16 Dek 2005
Əmrah ÇƏLİKƏL:“Adil Nadirov bizi yolumuzdan döndərə bilməz" (HET-TRİK, 16.12.2005)
"Qarabağ" ötən mövsümün sonlarından başlayaraq, özünün eniş dövrünə qədəm qoyub. Çempionluğu əldən verən Ağdam klubunun yeni çempionatda çıxışı da sual altında idi. Lakin dövlət başçısının işə qarışmasından sonra rəhbərlik fikrindən daşınaraq, davam qərarını verdi. Kluba daha bir zərbə isə azarkeşlərdən dəydi.
"Qarabağ" Ağdam klubudur deyə, heyətdəki bütün futbolçuların "Qarabağ"lı olmasını istəyən fanatlar komandadakı əcnəbilərin əleyhinə irqçi şüarlar da səsləndirməyə başladılar. Xüsusilə "Qarabağ" - "Gəncə" matçında bu, daha qabarıq şəkil aldı. Bir qrup şəxslər isə rəhbərliyə olan etirazlarını mətbuat səhifələrinə çıxardılar. 13-cü Azərbaycan çempionatı bitdikdən sonra komandanı baş məşqçiylə yanaşı, bir neçə aparıcı futbolçu da tərk etdi. Hətta klubun vitse-prezidenti Tahir Gözəlin də vəzifəsindən kənarlaşdırıldığı söylənilirdi. Yuxarıda qeyd etdiyimiz bu məsələlərə aydınlıq gətirmək üçün klubun icraçı direktoru Əmrah Çəlikəllə söhbət etdik.
"ƏN LAYİQLİ FUTBOLÇULAR AĞDAMIN ADINI DOĞRULTMALIDIR"
- Ötən illə müqayisədə "Qarabağ"ın zəiflədiyini, aparıcı futbolçuların komandanı tərk etməsini söyləyə bilərik. Buna baxmayaraq, komanda daxilində hər şey normaldır. Rəhbərliyin fikri var idi ki, hər şeyi "sıfır"dan başlayaraq birinci dəstədə oynayaq və gənc futbolçular yetişdirək. Ancaq sonra qərara alındı ki, çempionatda çıxışımızı davam etdirməliyik. Buna görə də bir neçə aparıcı futbolçu komandanı tərk etdi.
- Azarkeşlərin fikrincə, "Qarabağ" Ağdamı təmsil etdiyindən komandada yalnız yerli futbolçular oynamalıdır. Bu fikirlə razısız?
- Bu, normal fikir deyil. Ağdamı təmsil etdiyimizə görə fəxr edirik. Biz yüksək dəstədə oynayarıq. Ən layiqli futbolçular ağdamın adını döğrultmalıdır.
"AZARKEŞLƏRLƏ HEÇ VAXT PROBLEMİMİZ OLMAYIB"
- Ümumiyyətlə, azarkeşlərlə probleminiz var?
- Azarkeşlərlə heç vaxt problemimiz olmayıb.
- Ancaq ötən mövsümün sonlarında sizə qarşı çıxmışdılar…
- Yəqin ki, "Gəncə" ilə oyunda yaşanan qalmaqalı nəzərdə tutursunuz. O olay "Qarabağ"ı, bəzi futbolçuları, o vaxtkı baş məşqçini istəməyən bir neçə nəfərin əvvəlcədən hazırladığı plan idi. "Qarabağ"ı istəyən, "Qarabağ"ı dəstəkləyənlər belə etməzdi axı… "Gəncə" ilə oyun bizim üçün böyük önəm daşıyırdı. Onlardan xal alsaydıq, ilk "dördlüy"ə düşə bilərdik. Həmin vaxt istefa çağırışları komandaya pis təsir etdi.Bu da hazırlanmış iş idi. Oyunun videoyazısına baxsanız, həmin matçda stadionda 20 yaşından yuxarı bir azarkeş görməyəcəksiniz. Çünki hamısı uşaqlar idi. Mən fikirləşmirəm ki, uşaqların "istefa" çağırışlarını rəhbərlik qəbul etməlidir. Yəni bu, kimlərinsə planlaşdırdığı iş idi.
"BİZ HEÇ KİMİ ZORLA OYUNA GƏTİRMİRİK"
- Onda söyləmək olar ki, azarkeşlərlə klub arasında yaranan problem İqor Ponomaryova görə idi?
- Ponomaryovla "Qarabağ"ın heç bir problemi olmayıb.
- Azarkeşlərin azyaşlı olduğunu özünüz də etiraf etdiniz. Sizcə, onları stadiona gətirərək "Qarabağ"ı məcburi dəstəkləmələrini tələb etmək doğrudur?
- Biz heç kimi zorla oyuna gətirmirik. Sadəcə, dəvət edirik. Oyuna baxmaq istəyənlərə də şərait yaradırıq. Uşaqların stadiona gəlməsi sevindiricidir. Onların idamana cəlb olunmasının düzgün olduğunu fikirləşirik.
"YAŞAR MƏHƏRRƏMOVU BİR DƏFƏ DƏ OLSUN GÖRMƏMİŞƏM"
- Mətbuatda tez-tez Yaşar Məhərrəmov adlı şəxs sizə qarşı çıxış edir. Onun fikirləri komandaya problem yaratmır ki?
- Kollektivimiz güclüdür. Yaşar Məhərrəmovu bir dəfə də olsun görməmişəm. Adını mətbuatdan öyrəndim. Bir dəfə də sizin qəzetdə şəklini görmüşəm. Bu günə kimi onunla bir görüşüm də olmayıb. Hər bir insanın şəxsi fikri var. Bu, normal haldır. "Qarabağ"ı sevən, onun uğurlarını istəyən bir şəxs ancaq "Qarabağ"ı dəstəkləyə bilər. Yaşar Məhərrəmov da, başqaları da öz fikirlərini sərbəst deyə bilərlər. Onlarla problem görmürük. Bizə heç bir ziyanları yoxdur. Çünki kollektivimiz bir-birinə inanır. Biz prezidentimizin tapşırıqlarıyla işləyirik.
- Azarkeşlərin "istefa" çağırışlarında və Yaşar Məhərrəmovun çıxışlarında Adil Nadirovun əli olduğu söylənilir…
- Düzü, bu, mənim üçün maraqlı deyil. Ona görə ki, biz öz işimizə motivasiya olmuşuq. İstər Yaşar Məhərrəmov olsun, istər Adil Nadirov və ya bir başqası bizi yolumuzdan döndərə bilməz.
"ABDULBARİ GÖZƏL BU MƏSƏLƏLƏRLƏ ÇOX DA MARAQLANMIR"
- Adil Nadirov bu məsələlərə görə vəzifəsindən uşaqlaşdırılıb?
- Yaşar Məhərrəmov bir-iki aydın ortaya çıxıb. Adil bəy isə ötən mövsümün birinci dövrəsindən etibarən bizdə işləmir.
- Konkret söyləmək olar ki, Yaşar Məhərrəmov Adil Nadirovun sifarişlərini yerinə yetirir?
- Bizim üçün bunun heç bir önəmi yoxdur. Məhərrəmovun dediklərinə "Qarabağ" rəhbərliyini tanıyanlardan heç kim inanmaz. Onun söylədikləri mənasız fikirlərdir. Klub haqda hərə öz fikrini bizlərə bir cür çatdırır. Onlar da qəzet səhifələrini üstün tutublar.
- Bütün bu məsələlərə "Qarabağ"ın prezidenti Abdulbari Gözəlin münasibəti necədir?
- Abdulbari bəyin bizdən istədiyi gözəl komanda yaratmaqdır. Gördüyümüz işlər haqqında daim ona məlumat veririk. Açığı, o, bu məsələlərlə çox da maraqlanmır. "Azərsun Holdinq"in sponsor kimi 2001-ci ildə "Qarabağ"a verdiyi dəstəkdən bütün Azərbaycanın xəbəri var. Bu işlər saf ürək və xoş niyyətlə həyata keçirilir.
"RƏHBƏRLİK KOMANDADAN RAZI DEYİL"
- Komandanın çıxışı Abdulbari Gözəli qane edir?
- "Qarabağ" turnir cədvəlinin 9-cu pilləsində qərar tutub. Bundan kim razı qalar ki? "MKT-Araz" və "Gəncə"yə qarşı bizim komanda çox gözəl oyun nümayiş etdirdi. Uşaqlar oyuna can yandırırdılar. Kim istəməz ki, çempion olsun, ilk "üçlük"də yer alsın? Biz "Qarabağ" futbol klubunun gələcəyini qurmaq üçün çalışırıq.
- İkinci dövrədə daha iddialı "Qarabağ" görə biləcəyik?
- Bunların hamısı birinci dövrə bitdikdən sonra prezidentlə olacaq görüşdən asılıdır. Mən də inanıram ki, belə olacaq.
SAMİR VƏ ASLAN "QARABAĞ"DA QALACAQ
- Fasilədə bir neçə futbolçunun "Qarabağ"ı tərk edəcəyi söylənilir. Sizin bundan xəbəriniz var?
- Futbolçunun komandadan getməsi onun istəyindən asılı ola bilər. O, bu haqda bizə müraciət edərsə, məsələyə baxıla bilər. Yaxud da baş məşqçi oyunçunu istəməzsə, onun komandadan getməsi mümkündür. Mətbuatda Aslan Kərimovla Samir Musayevin "Qarabağ"dan ayrılacağı yazılıb. Yüz faiz deyə bilərəm ki, bu iki futbolçu çempionatın sonuna qədər "Qarabağ"da qalacaq.
- Bizdə olan məlumata görə, birinci dövrə bitdikdən sonra baş məşqçi də dəyişəcək…
- "Gənclərbirliyi" ilə oyundan sonra prezidentlə görüş olacaq. Hərt şeyə ondan sonra aydınlıq gələcək.
- Əgər Elxan Abdullayev göndərilərsə, yeni məşqçi əcnəbi olacaq, yoxsa yerli? Bu posta namizədlər sırasında Kazbek Tuayevin da adı hallanır…
- Bunların çoxu söz-söhbətlərdir. Buna münasibət bildirmək istəməzdim. Çünki mənim səlahiyyətlərimə aid məsələ deyil. Hər şey rəhbərliyin verəcəyi qərardan asılı olacaq. Elxan Abdullayev qala da bilər, yenisi gətirilə də.
"LEGİONERLƏRİ "MİLLİLƏŞDİRMƏK" HAQDA DÜŞÜNMÜRÜK"
- Tahir Gözəl vitse-prezident vəzifəsindən uzaqlaşdırılıb?
- Tahir bəyin komandadan kənarlaşdırılması barədə heç bir rəsmi məlumat verilməyib. Yenə də vitse-prezidentdir. "Qarabağ" haqda ona məlumat veririk, tapşırıqlar alırıq. Onun öz işi bir qədər artdığından komandaya əvvəlki kimi vaxt ayıra bilmir. Fərq ondadır ki, indi Abdulbari Gözəl komandaya daha yaxındır.
- Klubların bir çoxu legioner limitinin yaratdığı problemlərdən qaçmaq üçün "milliləşdirmə" prosesindən istifadə edirlər. Sizin belə fikriniz var?
- Belə fikrimiz yoxdur. Deyə bilmərəm ki, onlar düz edirlər və ya düz etmirlər. Bu, mənim İşim deyil. Biz Azərbaycan futbolunu inkişaf etdirmək istəyirik. Legionerləri "milliləşdirmək" haqda düşünmürük.