«Ən pis halda Avropa Liqasına vəsiqə qazanacağıq» - (fanat.az)

single-news
15 Mar 2011

«Ən pis halda Avropa Liqasına vəsiqə qazanacağıq» - (fanat.az)



Devran Ayhan: «Rəşad Sadiqovun gəlişi «Qarabağ» üçün böyük bir şansdı»

«Qarabağ»ın türkiyəli futbolçusu Devran Ayhanın Fanat.az-a müsahibəsi

- «İnter»lə oyun necə keçdi?
- «Şəfa» stadionunda oynamaq bizim üçün həmişə çətin olur. Amma «altılığ»a yaxşı başlamaq istəyirdik. Gözəl oynadıq. Top oyunboyu bizim nəzarətimizdə idi. İki qol vurduq və «altılığ»a yaxşı başladıq. Qələbə seriyamız davam edir. Qarşıda AZAL-la matç var. Bu oyunda da qələbə qazanıb, seriyanı davam etdirmək istəyirik.

- Meydana start heyətində çıxmadın…
- İki həftə zədəli oldum. Artıq sağalmışam və yavaş-yavaş heyətə düşürəm. Önəmli olan «Qarabağ»ın qələbə qazanmasıdı. Qarşıda oyunlarımız var. Komandanın bütün oyunçuları səviyyəli futbolçulardı. Meydana kim çıxırsa-çıxsın, komandanı ən yaxşı şəkildə təmsil edir.

- Qış transferləri, xüsusən də Rəşad Sadıqovun dönüşü komandanı gücləndirib. «Qarabağ»ın çempionluq uğrunda mübarizə apardığını demək olar?
- Təbii ki, demək olar. Mən «Qarabağ»ı çempionluğa əsas namizədlərdən biri sayıram. Şansımız çoxdu. Rəşadın dönüşü də «Qarabağ» üçün yaxşı oldu. Komandanın böyüyü, kapitanı kimi çıxışlar edir, hamını həvəsləndirir. Məncə, Rəşadın gəlişi «Qarabağ» üçün böyük bir şansdı.

- «Qarabağ»dan başqa hansı komandaları çempionluğa namizəd hesab edirsən?
- Hazırda görünən odu ki, «Neftçi» və «Xəzər Lənkəran» əsas namizədlərdi. Amma dediyim kimi qələbə seriyamızı davam etdirmək və birinci olmaq istəyirək. Ən pis halda Avropa Liqasına vəsiqə qazanacağıq.

- Keçmiş komandanın - «Xəzər Lənkəran»ın oyunlarını yəqin ki, izləmisən. Sənin oynadığın vaxtla indiki komanda arasında çox fərq var?
- İkinci yarıda oyunlarını tam izləyə bilməmişəm. Amma deyə bilərəm ki, çox böyük fərq yoxdu. Təbii ki, yeni transferlər edib, komanda daha da güclənib.

- «Qarabağ»la müqavilən nə vaxta qədərdi?
- Mövsümün sonunda müqaviləm bitəcək.

- Gələn mövsüm də «Qarabağ»da oynamaq istəyirsən?
- Məni istəyərlərsə, niyə də qalmamalıyam? İndiyədək rəhbərliklə bu barədə heç nə danışmamışıq. Amma heç bir problemim də yoxdu. Bu barədə mövsüm bitəndən sonra danışarıq.

Paylaş

// pop up