Engin "Qarabağ"ın ən yaxşısı seçilib (ÜÇ NÖQTƏ, 26.11.2005)

single-news
26 Noy 2005

Engin "Qarabağ"ın ən yaxşısı seçilib (ÜÇ NÖQTƏ, 26.11.2005)



AĞDAM TƏMSİLÇİLƏRİ ÖLKƏMİZDƏ ÇIXIŞ EDƏN AFRİKALI OYUNÇULARDAN İBARƏT KOMANDANI MƏĞLUB EDİB "Qarabağ" çempionatın "Göyəzən"lə son görüşündə ən yaxşı oyunçunu müəyyənləşdirmək üçün azarkeşlər arasında sorğu keçirib. Sorğunun nəticəsinə görə, respondentlərin 32 faizinin səsini qazanan türkiyəli oyunçu Mustafa Engin Özmən birinci yerə çıxıb. Həmin oyunda yaxşı təsir bağışlayan legioner oyunçunun xidmətləri tərəfdarların diqqətindən yayınmayıb. "Qarabağ"ın hücumçuçu Samir Musayev sonrakı yeri tutub. Qeyd edək ki, gənc oyunçu "Göyəzən"lə oyunda dubla imza atmaqla yadda qalıb. Təcrübəli futbolçu Aslan Kərimov isə sorğuda iştirak edənlərin 15 faizinin səsini alaraq üçüncü yerdə qərarlaşıb. Bu arada növbəti turun MOİK-lə görüşünə hazırlaşan Ağdam təmsilçiləri yoldaşlıq görüşündə qüvvələrini sınayıblar. Afrika ölkələrinin çempionatımızda çıxış edən futbolçularından ibarət komandası ilə Buzovna stadionunda keçirilən matçda "Qarabağ" məzmunlu oyun göstərə bilib. Elxan Abdullayev bütün oyunçuların meydana çıxmasına şərait yaradıb. Birinci hissədə ot örtüyü pis vəziyyətdə olmasına baxmayaraq Sergey Kravçenko Samir Musayevin ötürməsini qola çevirib. Fasilədən sonra isə tərəflərin səylərinə baxmayaraq hesab dəyişməyib və "Qarabağ" minimal hesabla qələbə qazanıb. Baş məşqçi ikinci hissədə daha çox "Qarabağ"ın gənc oyunçularına şans verib. Klubun zədəli oyunçuları Aleksandr Voskoboynik və Mübariz Orucov da yenidən heyətə dönüb.

Paylaş

// pop up