Əsas məqsədimiz ilk beşliyə düşməkdir (www.news.baki.info)
24 Noy 2005
Əsas məqsədimiz ilk beşliyə düşməkdir (www.news.baki.info)
Dilbər guşələrimizdən biri olan Qarabağımız indi düşmən tapdağı altında olsa da Qarabağın adını daşıyan futbol klubu artıq neçə illərdir fəaliyyət göstərir. Ölkə klubları arasında özünəməxsus yeri ilə fərqlənən «Qarabağ» FK-da da digər yerli klublarda olduğu kimi legioner oyunçular mübarizə aparır. Sözügedən əcnəbi futbolçular ən azı azərbaycanlı gənclər qədər «Qarabağ»ın şərəfini qorumağa çalışırlar. Qardaş Türkiyənin vətəndaşı olan Mustafa Engin də belələrindəndir. Legioner futbolçunun «Qarabağ»da oynadığı zaman qarşılaşdığı çətinliklər, milli oyunçularımızla münasibəti və sair barədə fikirlərini öyrənmək məqsədilə onunla görüşüb söhbət etdik.- Siz «Qarabağ»a transfer olunmamışdan qabaq hansı klubda forma geymisiniz?
- İlk olaraq «Ankara gücü», «Gənclərbirliyi» komandalarında, daha sonra «Eskişeherspor»da oynamışam. Bura gəlməməmişdən qabaq oynadığım sonuncu türk komandası «İstambulspor» olub.
- Bəs «Qarabağ»a keçidiniz necə baş tutdu?
- Artıq bir ilə yaxındır ki, mən «Qarabağ»da oynayıram. Müəyyən müddət sürən danışıqlardan sonra bu komandaya gəldim.
- Niyə məhz «Qarabağ»?
- Niyə məhz «Qarabağ»...?! «Qarabağ»da ən əsası gözəl şəraitlə rastilaşmışam. İstər rəhbərlik olsun, istər məşqçilər, eləcə də «Qarabağ» komandasını maliyyələşdirən «Azersun» şirkəti bizim özümüzü rahat hiss etməyimiz üçün hər bir şəraiti yaradır. Məhz buna görə üstünlüyü «Qarabağ»a verdim.
- Yəqin ki, bu yaxşı şərait anlayışını maddi təminata da aid etmək mümkündür...
- Təbii ki, maddi cəhət hamının marağındadır. Amma sizi inandırım ki, mən bura gələndə maddi gəlirimi üstün tutmamışam.
- Son vaxtlar «Qarabağ»ın oyununda nisbətən zəif təsir bağışlayan məqamlara rast gəlinir. Bunu nə ilə əlaqələndirmək olar?
- Zəi f təsir deyəndə ki, bizim çox yaxşı oynadığımız oyunlar var. «Neftçi», «Turan», «Tovuz» komandaları ilə oynadığımız oyunları buna şamil etmək olar. Düzdür, biz sonda istədiyimiz nəticəni əldə edə bilməmişik. Bu son həftədə 2 oyun keçirtmişik və ikisində də qələbə qazanmışıq. Düzdür, bu oyunlardan əvvəl «Karvan» komandasına 1:0 hesabıyla uduzmuşduq. Amma əslində biz bu oyunu çox yaxşı oynadıq. Əfsus ki, sonda qolu «Karvan» vurdu. Bütün bu oyunları, keçən ilə baxanda, heç də pis oynamamışıq. Onu da deyim ki, keçən il «Qarabağ» çempion olmaq üçün oynayan daha güclü komandaya sahib idi. Yəni onlar öz güclərinə inanan bir komandla idi. Amma bu il komanda daha təcrübəsiz oyunçulardan, hələ gənc olan futbolçulardan ibarətdir. Fəqət müqayisə edəndə bu oyunçular daha inamlı və oyunda qalib gəlmək üçün sona qədər mübarizə ruhu səngiməyən gənclərdir. Yəqin ki, belə getsə gələcəkdə daha gözəl daha uğurlu nəticələr əldə edə biləcəyik.
- Bəzən komandada müəyyən zəifliyin müşahidə olunmasını məşqçi dəyişikliyi amili ilə bağlamaq nə dərəcədə düzgün olar?
- Mən heç də belə hesab etməzdim. Qələbə qazanmağın məşqçi ilə heç bir əlaqəsi yoxdur. Məşqçi bizi hazırlayıb meydançaya çıxarır. Yəni meydançaya o yox, futbolçular çıxır... Qələbəni yaxşı oyun qazandırır, məşqçilərin bir-birini əvəzləməsi burda elə də böyük rola malik deyil.
- Mustafa Engin özü «Qarabağ»da hansı çatışmamazlıqları görür və hansıları mətbuata deyə bilər?
- Komandada hazırda heç bir çatışmamazlıq olduğunu deməzdim. İnkişaf etməyimiz üçün hər bir şəraittimiz var. Bircə meydança problemimiz var idi. O da öz həllini tapdı. Artıq doğma meydançamıza – Suraxanıya geri qayıtmışıq. Yəni indi heç bir problem adlandırılacaq bir şey qalmayıb. Komanda da bayaq dediyim kimi tam yeni qurulub. Yəni məşqçimiz əlindən gəldiyi qədər bütün futbolçulara tək-tək kömək edir. Bundan sonrası isə futbolçulara bağlıdır. Gənc oyunçular müəyyən zaman keçdikdən sonra kollektivə adaptasiya olunacaq və hər şey öz yerini tutacaq.
- Ölkə kubokunda növbəti rəqibiniz «Bakı» klubu oldu. Paytaxtlıların yüksək formada olması sizi çəkindirmirki?
- «Bakı» bizdən çəkinsin. Bizim heç bir komandadan çəkinəcəyimiz yoxdur. Onlar da oyuna 11 nəfərlə çıxır, biz də. Sadəcə arada çox kiçik fərqlər ola bilər. Xatırladım ki, biz «Bakı» ilə oyunda 1:0 hesabıyla irəlidə idik, ikinci topu da vura bilərdik. Sadəcə burda şans bizdən qaçdı. Məhz bundan sonra «Bakı» komandası çempionatda 4:2 hesabıyla qalib gəldi. Amma bu heç də bizim gözümüzü qorxutmur. «Bakı» bizdən qorxsun...
- Komandanızın bu ilki əsas hədəfi nədir?
- Bizim bu ilki hədəfimiz, həmişəki kimi, gözəl oyun oynayıb daha yüksək mərtəbələrə ucalmaqdır. Bacardığımız qədər çalışıb ilk beşliyə düşmək. İnşallah, bütün bunlara nail olub Avropa kuboku uğrunda yarışlara qatılmağa da nail olarıq.
- Siz bu gün sərgilədiyi oyuna görə hansı komandanı çempionluğa layiq görürsünüz? Və bəs kim çempion olacaq?
- Sözsüz ki, mən öz komandamı həmişə üstün görürəm. Bu il də «Qarabağ»ın çempion olmasını istəyirəm. Bu il itirəcəyimiz heç nə yoxdur. Xal baxımından indi lider olan komanda sadəcə 11 xalla bizdən fərqlənir. İnşallah aradakı xal fərqini qaydasına salacağıq.Kubok onsuzda bizim üçün əsas hədəfdir.
- Son vaxtlar hakimləri cəzalandırmaq dəbə düşüb. Bu barədə nə deyərdiniz?
- Hakimlər barədə heç nə danışmaq istəməzdim. Belə bir qərar nizam-intizam komitəsinin verdiyi bir qərardır.
- Zədədən əziyyət çəkmisiniz?
- Çəkmişəm. Keçən il Antalyada futbol düşərgəsində dostluq oyunu oynayarkən zədə aldım. Bundan dolayı 2 ay meydandan uzaq qaldım. Ondan əvvəl də İstambulda bir dəfə əməliyyat keçirtmişəm. Bunlardan savayı olmayıb. Zədə almaq olan hadisədir, tam normal haldır.
- Hansı xarici kluba azarkeşlik edirsiniz?
- Ən çox bəyəndiyim komanda «Barselona»dır. Hər zaman hücum futbolu oynamaları çox xoşuma gəlir. Həm də «Barselona»da çox istedadlı futbolçular var.
- Sizcə bu yaxınlarda veriləcək «Qızıl top» kimə qismət olacaq?
- Məncə Ronaldinyoya.
- Futbolda bəxt amilinə inanırsınızmı?
- Təbii ki. Futbol oynanıldığı zaman bəxt amili vacibdir. 90 dəqiqə futbolu gözəl oynadığın zaman olur ki, heç cürə qol vura bilmirsən. Yəqin ki, bunu hardasa şansla bağlamaq olar. Amma onu da deyim ki, futbolçu yaxşı oynamadığı təqdirdə şans onun üçün heç nə edə bilməz. Sən oynamalısan ki, bəxtin yanında olsun.
- Azərbaycanda ən güclü futbolçu kimi hesab edirsiniz? Yəni həm yerli futboloçular, həm də legionerlər arasında.
- Güclü futbolçular çoxdur. Bunu bir-iki nəfərlə çərçivələmək bir az düz olmazdı. Amma qeyd edim ki, mən azərbaycanlı futbolçular arasında ən çox Zaur Tağızadəni bəyənirəm. Xarici legionerlərə qaldıqda isə, bu cavabı Pete Bankuaraya şamil edə bilərəm. Amma bu sözsüz ki, hamısı deyil.
- Bu suala səmimi cavab verin. Sizə hazırda maliyyə baxımından digər klubdan sərfəli təklif gəlsə qəbul edərsiniz?
- Heç bir zaman. Mən bura gəldiyim ilk gündən özümə qarşı çox yaxşı davranış görmüşəm. İstər rəhbərlik olsun, istərsə də komandadakı həmkarlarım mənə böyük qayğı ilə yanaşıblar. İndi mən bu komandaya çox alışmışam. Yəni xarici futbolçu gələrkən onun komandaya alışma dövrü olur. Mən o dövrü artıq arxada qoymuşam.
- Alaşma zamanından danışmışkən, bu dövr ərzində hansı çətinlikləriniz oldu?
- İlk olaraq zədə aldım. İlk gəldiyim vaxtlarda məşqçi İqor Panamaryov idi. O da hər zaman məşqlərdə rus dilində danışırdı. Danışdıqlarını başa düşə bilmirdim və buna görə də onun dediklərini digər həmkarlarım mənim üçün bacardıqları qədər tərcümə edirdi. Bununla bağlı bir az çətinliklərim oldu. Bununla yanaşı komandaya alışma dövrü hazırlıq vaxtlarımızda zədə almışdım.
- Sizin doğma yığmanız haqda sual vermək istərdim. Sizcə həmvətənləriniz olan türk yığmasının Dünya Çempionatından kənarda qalması nə ilə bağlı oldu?
- Mən hakimlərdən heç danışmaq istəməzdim. Amma Türkiyənin qarşısına həqiqətən də əsl sədd çəkdilər. Türkiyənin hər iki oyununda İsveçrənin xeyirini güdən hakimlər var idi. Bir tərəfdən baxanda birinci oyunda Türkiyə yığmasının oyununda zəiflik müşahidə olunsa da ikinci oyun çox möhtəşəm keçdi. Amma qapıdan 2 qol buraxmağımız bizi Dünya Çempionatından uzaqda qoydu.
- Növbəti Dünya Çempionatının qalibi kim ola bilər?
- Məncə Braziliya yığmasının çox böyük şansı var. İkinci yerdə isə Argentinanı görürəm. Sözsüz ki, hər şey sonra bilinəcək.