Əsas oyunlar bazar ertəsi keçiriləcək (EXPRESS, 21.08.2005)

single-news
21 Avq 2005

Əsas oyunlar bazar ertəsi keçiriləcək (EXPRESS, 21.08.2005)



Bazar günü ölkə çempionatında 2-ci turun oyunları start götürəcək. Avqustun 21-də yığmaya oyunçu göndərməyən klublar meydana çıxacaq. Ertəsi isə turun əsas görüşləri keçiriləcək. Bu turda debütant "Olimpik" Qusar səfərinə çıxacaq. Paytaxt klubu özü kimi ilk turu məğlub başa vuran "Şahdağ-Samur"la görüşdə ən azı bir xala iddialıdı. Digər qonaq "Gənclərbirliyi" də OMİK-lə görüşə eyni arzuyla gələcək. "MKT-Araz"ın isə ardıcıl ikinci oyunu "ev"də keçirəcək "Gəncə"ni yenməsi asan olmayacaq. Meydan sahibləri "İnter"lə heç-heçənin ardından daha bir ukraynalı İqor Nakoneçnının çalışdırdığı komandanı İmişliyə əliboş yola salmaq istəyir. Bazar ertəsi baş tutacaq qarşilaşmalar isə daha maraqlidi. "Inter" - "Karvan", eləcə də "Xəzər-Lənkəran" - "Baki" görüşlərində aşkar favorit yoxdu. Amma hər iki matçda meydan sahiblərinin nisbi üstünlüyü var. Bu üzdən qonaqlar üçün bərabərlik də pis nəticə sayilmayacaq. "Qarabağ"la "Neftçi" indi fərqli durumda olsa da, ən azı tarixi prinsipiallıq bu komandaların görüşünə də rəng qatacaq. Əslində, ilk turda "Turan"a yalnız son saniyələrdə buraxdığı qolla məğlub olan ağdamlıların rəqibini büdrətməsi də sensasiya sayılmamalıdı. Çünki Rəşad Sadıqovun gedişindən sonra flaqmanın müdafiə xətti ciddi ölçüdə zəifləyib. Amma "Neftçi" ardıcıl üçüncü dəfə çempion olmaq istəyirsə, belə matçlarda xal itirməməlidi. Ötən mövsüm doğma meydanda iddialı rəqiblərini bir-bir büdrədən "Göyəzən"in bu dəfə də "Turan"ı xal itkisinə məruz qoyacağı gözlənilmir. Çünki Qazax klubunun ciddi itkiləri var və heyət də əməlli-başlı komplektləşməyib. Tovuzlular isə əksinə, mükafatçılar sırasına düşmək üçün mövsümün əvvəlində büdrəməməyə çalışır.

Paylaş

// pop up