Əsgər ABDULLAYEV “Hamı çox yaxşı bilir ki, Fariz kimə işləyir" (het-trik, 20.03.2006)

single-news
20 Mar 2006

Əsgər ABDULLAYEV “Hamı çox yaxşı bilir ki, Fariz kimə işləyir" (het-trik, 20.03.2006)



"Qarabağ" istəyinə çatdı. Ölkə kuboku uğrunda yarışın 1/4 final mərhələsində Ağdam təmsilçisiylə "Bakı"nın qarşılaşacağı bəlli olanda çoxları bu cütlüyün favoriti kimi məhz paytaxtın eyniadlı klubunu göstərirdi. Amma zaman göstərdi ki, ehtimallar heç də gerçəkliyi əks etdirmir. "Bakı" bir çox kriteriyalara görə "Qarabağ"ı üstələsə də, kubok qarşılaşmasında ağdamlılar daha yaxşı oyun nümayiş etdirərək, yarımfinal mərhələsinə vəsiqə qazandılar. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən cavab oyunundan sonra ənənəvi mətbuat konfransı baş tutdu. Sözün açığı, "Bakı"nın baş məşqçisi Əsgər Abdullayevin konfransa gələcəyini gözləmirdik. Çünki Abdullayev həm çempionat, həm də bəzi kubok oyunlarından sonra qarşılaşma haqda fikirlərini bildirmək üçün media nümayəndələrinin qarşısına çıxmamışdı. Xüsusilə paytaxt klubu uğursuz nəticə göstərəndə Əsgər bəyi "ələ keçirmək" mümkün olmurdu. Amma gözlədiyimizin əksinə, "Bakı"nın baş məşqçisi konfrans zalına təşrif buyurdu və çıxışının böyük bir hissəsini hakimlikdən gileylənməyə sərf etdi. Əvvəlcə qonaq komandanın - "Qarabağ"ın çalışdırıcısı Böyükağa Ağayev oyun haqda düşündüklərini bildirdi. Qarşılaşmanın çətin olacağını ehtimal etdiyini bildirən təcrübəli mütəxəssis komandasına daha çox müdafiədə diqqətli oynamaq tapşırığı verdiyini söylədi. Ağdam təmsilçisinin baş məşqçisi oyunçuların qarşısına qoyulan vəzifənin öhdəsindən gəldiyini və bu amilin də matçın taleyinə birbaşa təsir etdiyini bildirdi. Əsgər Abdullayev isə əvvəlcə "Qarabağ"ı növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik etdi. Daha sonra 1/4 final mərhələsinin həm ilk, həm də cavab oyununda hakim idarəçiliyindən narazı qaldığını bildirdi. Bundan başqa, Əsgər müəllim hakimlərə qarşı kifayət qədər ciddi ittihamlar da səsləndirdi. Bunu nəzərə alıb Əsgər Abdullayevin söylədiyi fikirləri olduğu kimi diqqətinizə çatdırmaq qərarına gəldik: "Böyükağa müəllim qeyd elədi, üç oyun bir komandaya qarşı oynamaq o qədər də asan deyil. Bu işə AFFA-da baxan nümayəndələr var. Bu işlə onlar məşğul olmalıdır. Kubok oyunlarının hər ikisində mən hakimdən çox-çox narazıyam. Belə bir şey deyək də, qanun çıxıb, bəyəm hakim bilmir ki, xəttin üstündə gəlib durmaq - bu sarı vərəqədir. Bilmir bunu? Bilmir, ya özünü bilməməzliyə qoyur. Mən yenə deyirəm ki, bu cür hakimlik Azərbaycan futboluna xeyir verməyəcək. "Qarabağ" komandasını təbrik edirəm, Böyükağa müəllim, sizi təbrik edirəm, uğurlar arzulayıram. Amma bu gün bu cür hakimliklə... Orada İman ("Qarabağ"la "Bakı" arasında keçirilən 1/4 final mərhələsinin ilk qarşılaşmasının baş hakimi İmanxan Sultani nəzərdə tutulur - F.A.) bu komandanı yıxdı-sökdü, burada da bu. Hamı çox yaxşı bilir ki, bu hakim kimə işləyir. Xahiş edirəm, bu sualı mənə verməyin. Sizin hamınız bunu yaxşı bilirsiniz. Bu "speçialna" gəlmişdi ki, burada nəsə eləsin. Öz işini də gördü, çox sağ olsun. Yenə deyirəm, futbol oyundur, oyuncaq deyil. Futbolu biz Azərbaycanda oyuncağa çevirmişik. Çoxları deyəcək səbəbləri özümüzdə axtaraq. Axtaracağıq, bəli. Komandada çatışmayan cəhətlər var. Biz gələcəyi fikirləşiriksə… Belə gələcək sonsuzluqdur, belə gələcək olmayacaq. Yenə deyirəm ki, Fariz hal-hazırda kimə və necə işləyir - bunu hamı çox yaxşı bilir. Və o gəlmişdi ki, burada nəsə eləsin. Öz işini gördü. Bu qədər". Ümumiyyətlə, Azərbaycan futbolunda formalaşmış mənfi hallardan biri də məğlubiyyətə uğrayan komandaların demək olar ki, həmişə hakimdən şikayətçi olmasıdır. Əsgər Abdullayev öz çıxışında birmənalı şəkildə Fariz Yusifova qarşı sərt ittihamlar irəli sürdü. Düşünürük ki, Abdullayev Fariz Yusifovun həqiqətən hansısa qüvvələrə xidmət etdiyini dəqiq bilirsə, bunu ictimaiyyətə də açıqlasa, daha yaxşı olardı. Oxu atıb, yayı gizlətməyin nə mənası var?

Paylaş