Əsgər ABDULLAYEV“Bir komandaya qarşı ardıcıl 3 oyun keçirmək elə də ürəkaçan deyil" (HET-TRIK, 17.03.2006)

single-news
17 Mar 2006

Əsgər ABDULLAYEV“Bir komandaya qarşı ardıcıl 3 oyun keçirmək elə də ürəkaçan deyil" (HET-TRIK, 17.03.2006)



Sabah ölkə kubokunun görüşləri arasında "Bakı" - "Qarabağ" oyunu mühüm əhəmiyyətə malikdir. İlk görüşdə rəqibinə minimal fərqlə (2:3) uduzan paytaxt təmsilçisi bu dəfə mütləq məğlubiyyətin əvəzini çıxmalıdır. Növbəti mərhələyə yüksəlmək üçün "zolaqlılar"a bir top kifayət etsə də, bunu reallaşdırmaq elə də asan deyil. "Bakı"nın kubokun hazırkı qalibi olduğunu nəzərə alsaq, bu, Əsgər Abdullayevin yetirmələrinin məsuliyyətini birə-beş artırır. Ancaq "zolaqlılar" sabahkı görüşdə qələbə qazanacaqlarına inanırlar. Komandanın dünənki məşqində futbolçuların əhvar-ruhiyyəsinin yüksək olduğu görünürdü. Komandanın baş məşqçisi Əsgər Abdullayevin də kefi kök idi. Çox vaxt oyunlardan qabaq Əsgər müəllim açıqlama verməməsi ilə seçilir. Bunu düşər-düşməzliklə əlaqələndirən Abdullayev bu dəfə xahişimizi yerə salmadı. - Əlbəttə ki, bir komandaya qarşı ardıcıl üç oyun keçirmək elə də ürəkaçan deyil. "Qarabağ" çox güclü rəqibdir. Keçirdiymiz ilk iki görüş də bunu göstərdi. Həm kubokda, həm də çempionatda bizə qarşı yaxşı oyun sərgilədilər. Ancaq biz də özümüzə inanırıq və bu dəfə də meydana yalnız qələbə üçün çıxacağıq. Futbolçularımız da yalnız qələbəyə kökləniblər. Onlar bu oyuna tam səylə hazırlaşıblar. - Son oyunlarla müqayisədə heyətdə hansısa dəyişikliklər olacaq? - Bu barədə elə də çox danışmaq istəmirəm. Ancaq təbii ki, bəzi futbolçularla bağlı xüsusi fikirlərim var. İnşallah, onları elə oyunda da görəcəksiniz. - İlk oyunun nəticəsinə görə hansı komanda növbəti mərhələyə yüksəlməyə daha şanslıdır - "Bakı", yoxsa "Qarabağ"? - Bilirsən, burda bir şey var da. Səfərdə vurduğumuz toplar bizə üstünlük verir. Cavab qarşılaşmasında 1:0 da qalib gəlsək, növbəti mərhələyə yüksələcəyik. Əlimizə gözəl fürsət düşüb və bu imkandan yararlanmağa çalışacağıq. - Əsgər müəllim, ümumiyyətlə, necə düşünürsüz, "Bakı" titulunu qoruya biləcəkmi? - Əlbəttə hər bir komanda istəyər ki, qarşısına qoyduğu məqsədə nail olsun. Biz də qarşımıza məqsəd qoymuşuq - həm çempion olaq, həm də ki kuboku özümüzdə saxlayaq. Baxaq da, görək nə olur. Ancaq son ana qədər məqsədimizə çatmaq üçün yarışacağıq. - Dediz ki, həm çempion olmağa, həm də kuboku qazanmağa iddialıyıq. Birdən elə bir məqam gəldi ki, çempionluqla kubokla birini seçməli oldunuz. Bunlardan hansına daha çox üstünlük verərdiniz? - Bayaq da dediyim kimi, biz həm kuboka, həm də çempionluğa iddialıyıq. Ona görə də hər iki mükafatı qazanmaq üçün sona qədər yarışacağıq. Futboldu, hər şey ola bilər. Ancaq düşünürəm ki, hazırkı heyətlə biz çox şeyə nail ola bilərik.

Paylaş