Evdə böyükhesablı qələbə

single-news
19 Apr 2025

Evdə böyükhesablı qələbə



“Qarabağ” – “Neftçi” 3:0

Abdullah Zubir, 22; Yassin Benzia, 40 (pen.); Nəriman Axundzadə, 41

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXXI tur matçında “Neftçi”ni qəbul edib.

 

Baş məşqçimiz Qurban Qurbanov bu görüşdə aşağıdakı start heyətinə şans verib: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade.

 

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan oyuna sürətli başlayan komandamız ilk dəqiqələrdən təşəbbüsü ələ alıb. Futbolçularımız meydanın rəqibə aid hissəsində pressinq edərək, çoxgedişli ötürmələrlə qol axtarışında olublar. Bu üstünlük 22-ci dəqiqədə öz bəhrəsini verib. Standart vəziyyətdən sonra qapıçıdan dönən topu Abdullah Zubir çərçivəyə göndərib.

 

Qoldan sonra da oyunu daha çox hücumda keçirən komandamız fasiləyə qədər daha iki dəfə fərqlənib. İki dəqiqə ərzində rəqib iki dəfə mərkəzə dəvət edilib. Əvvəlcə Kadi Borqesə qarşı edilən kobudluğa görə təyin olunan penaltini Yassin Benzia dəqiq tamamlayıb. Az sonra Kadi bu dəfə assistlə yadda qalıb. Onun ötürməsi zamanı qapıçı ilə təkbətək çıxan Nəriman Axundzadə şansı əldən verməyib.

 

İkinci hissədə hər iki komanda təhlükəli hücumlarla diqqət çəkib. Qapılar qarşısında qol vəziyyətləri yaransa da, ələ düşən imkanları dəyərləndirmək mümkün olmayıb. Nəticədə ikinci 45 dəqiqədə qapılara qol vurulmayıb.

 

Beləliklə, komandamız 3:0 hesablı qələbə qazanıb. Turnir cədvəlinə liderlik edən “Qarabağ” bu qalibiyyət sayəsində xallarının sayını 76-ya çatdırıb. Komandamız ölkə çempionatında növbəti oyununu aprelin 27-də səfərdə “Sabah”a qarşı keçirəcək.

Paylaş

// pop up