EVƏ QƏLƏBƏ İLƏ QAYIDAN OLMADI (AYNA, 14.03.2006)

single-news
14 Mar 2006

EVƏ QƏLƏBƏ İLƏ QAYIDAN OLMADI (AYNA, 14.03.2006)



Ötən turda qonaq komandalardan heç biri qələbə sevinci dadmadı. Keçirilən 7 görüşün 5-də meydan sahibləri qələbə qazandılar, ikisində heç-heçə qeydə alındı. Amma sürpriz də baş vermədi. "Neftçi" və "Karvan", gözlənildiyi kimi, növbəti qələbələri qazandılar. Özü də "ağ-qaralar"a uğur elə də çətin başa gəlmədi. Autsayder MOİK-i 6 dəqiqəyə gələn üç qolla "sındıran" flaqman istəyinə çox asanlıqla çatdı. Oyun daha iki cəhətdən yaddaqalan oldu: "Neftçi" son 3 çempionatda birinci dəfə olaraq "hərbçilər"i Tofiq Bəhramov adına stadionda üstələdi. Nadir Nəbiyev isə het-trikə imza ataraq bombardirlər yarışında Əhməd Ticanini haqladı. "Neftçi"dən fərqli olaraq "Karvan" evdə "Şahdağ"ın güclü müqaviməti ilə üzləşdi. Düzdür, yevlaxlılar rəqibin qapısından üç cavabsız top keçirdilər, amma qusarlıların yaratdığı təhlükəli epizodları yaddan çıxarmamalıyıq. Hesab 1:0 olarkən Ticani yüz faizlik qol şansını qaçırmasaydı, kim bilir, "Karvan" hansı aqibətlə üzləşəcəkdi. Potensial lider olan "İnter" isə yenə azarkeşlərinə məyusluq yaşatdı. Lənkəranda yerli "Xəzər"in müqavimətini qırmağı bacarmayan Anatoli Konkovun yetirmələri mühüm iki xal itirdilər. "Bakı" - "Qarabağ" görüşündə Ağdam komandası qapılarına vurulan ikinci qolda qayda pozuntusunun olduğunu iddia etsə də, hakim Babək Quliyev fikrindən dönmədi. Nəticədə "zolaqlılar" hava-su kimi vacib 3 xal qazanaraq turnir cədvəlindəki mövqelərini xeyli yaxşılaşdırdılar. Zəifləmiş "Turan" isə ardıcıl üçüncü qələbəsinə sevindi. Tovuzlular qərb derbisində "Gəncə"ni üstələyərək dördüncü pillədəki yerlərini qorudular. Amma "Turan"la müqayisədə "MKT-Araz"ın işləri heç də yaxşı getmir. Uğursuzluq zolağına düşən imişlilər, deyəsən, medallardan əllərini üzüblər. Çünki "pambıqçılar"la əcas rəqibləri arasında xal fərqi kifayət qədər böyüyüb. Maraqlıdır ki, Aran səfərindən 1 xal gətirən "Gənclərbirliyi" artıq 8 turdur uduzmur. "Olimpik"in də, deyəsən, bəxti açılıb. Rəhbərliyin dəyişməsindən sonra klubda işlər yaxşılığa doğru istiqamət alıb. Prinsipial görüşdə "Göyəzən"i iki cavabsız qolla məğlub edən "təyyarəçilər" elitada keçirdikləri ilk mövsümdəcə burada möhkəmlənmək tapşırığının öhdəsindən gəldilər. "Göyəzən" isə, əksinə, uduzmaqla güclülər dəstəsində qalmaq üçün sonuncu şansını da itirdi. Keçirdiyi 17 qarşılaşmanın heç birində 3 xal sevinci yaşamayan qazaxlıları indi 12-ci yerdən nə az-nə çox düz 10 xal ayırır.

Paylaş