ƏVƏZEDİCİLƏR DARMADAĞINLA BAŞLADI
ƏVƏZEDİCİLƏR DARMADAĞINLA BAŞLADI
XVII milli çempionatın premyerliqasının başlamasına artıq saatlar qalıb. Amma əsas yarışla müqayisədə əvəzedicilərin çempionatı artıq start götürüb. Çempionluğa iddialı olan ikinci komandamız ilk oyuna müvəfəqiyyətlə başlayıb. Yaşar Hüseynovun komandası “Bakılı”nı səfər meydanında darmadağın edib. Komandamız görüşə hücumlarla başlasa da ilk qolu vurmaq üçün təxminən yarım saat gözləmək lazım gəlib. Telman Bayramlı Əfran İsmayılovun ötürməsindən sonra başla topu tora göndərib. Az sonra Əfran özü başla eyni uğuru təkrarlayıb. İlk yarı beləcə 2:0 komandamızın üstünlüyü ilə başa çatıb. İkinci hissəyə də qol vurmaq əzmi ilə çıxan komandamız çox keçmədən növbəti dəfə qola sevinib. Natiq Kərimi penaltidən 3-cü qolu vurub. Amma komandamız durmaq bilməyib. Aqşin Mehdiyev 4-cü dəfə ev sahiblərinin qapısına yol tapanda hələ görüşün 65 dəqiqəsi arxada qalmamışdı. Bir qədər arxayınlaşan komandamız bundan sonra rəqibə oynamağa imkan yaradıb. Belədə matça əlavə olunmuş dəqiqələrdə “Bakılı”nın əvəzedici komandası qolların birinin əvəzini çıxa biliblər. Beləliklə, əvəzedicilərimiz çempionata darmadağınla başlayıb iddiasını ortaya qoydu.