Əvəzedicilərimiz medallarına və kubokuna qovuşdu
Əvəzedicilərimiz medallarına və kubokuna qovuşdu
2009-2010-cu il mövsümü əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatının qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Ötən mövsüm bütün rəqiblərini geridə qoyan `Qarabağ`ımızın əvəzediciləri 2-ci dəfə keçirilən yarışda çempion olmuşdular. `İnter` 2-ci, `Qəbələ` isə 3-cü yeri tutumuşdur. Bu məqsədlə AFFA-nın inzibatı binasında qaliblər medallarını və diplomlarını almışlar.
Tədbiri giriş sözü ilə açan Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev aşağıdakıları vurğulamışdır:
`Bildiyiniz kimi, bu gün 2009-2010-cu il mövsümü üçün əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatının qalibləri mükafatlandırılacaq. Bundan əlavə ötən mövsüm 23 qol vuraraq `Qəbələ` klubunun heyətindən bombardir olan Rəhman Musayevə də Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin adından xüsusi hədiyyə təqdim olunacaq. Əvəzedici heyətlərin çempionatı komandaların əsas heyətləri üçün, həmçinin milli komandalara gənc və perspektivli futbolçuların yetişdirilməsi, zədədən sonra bərpa keçən futbolçuların oyun praktikası qazanması və özünü ən yaxşı tərəfdən göstərməsi üçün nəzərdə tutulmuş bir yarışdır. Peşəkar Futbol Liqası yarandıqdan sonra qurumun prezidenti Ramin Musayevin təşəbbüsü ilə əvəzedici heyətlərin çempionatının keçirilməsinə başlanmışdır. Qeyd etmək lazımdır ki, qısa zaman ərzində bu öz bəhrəsini vermiş və hal-hazırda Unibank Premyer Liqasında çıxış edən komandaların heyətində əvəzedici komandaların yetirmələrini görmək mümkündür. Bundan başqa, əvəzedici heyətlərdə çıxış etmiş bir sıra futbolçular Azərbaycan I Divizionunda da top qovurlar. Unibank Premyer Liqasında olduğu kimi əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatında da çempionluq uğrunda gərgin mübarizə gedir. Turnir cədvəlinə nəzər salsaq bunun bir daha şahidi olarıq`.
Tədbirdə iştirak edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev nitqində bunları bildirmişdir: `Tədbirimizin iştirakçılarını salamlayıram. Biz medal və diplomları hər kluba öz stadionunda təqdim etmək istəyirdik. Təəssüf ki, vaxt azlığından və digər işlərlə əlaqədar olaraq bunu həyata keçirə bilmədik. Bu gün hamımız bu sevincə qoşuluruq. Bildiyiniz kimi buna qədər əvəzedici heyətlərin çempionatı keçirilmirdi, lakin bu cür çempionatın olması vacib idi. Bu yarışda əsas məqsəd heyətə düşə bilməyən yerli futbolçuların yetişməsi və özlərini yaxşı tərəfdən göstərərək əsas komandanın baş məşqçisinin diqqətini cəlb edərək Premyer Liqa oyunlarında və milli komandanın heyətinə düşməsini nəzərdə tutulur. Klublarımız belə imkandan çox yaxşı istifadə etdilər, əvəzedici heyətdən əsas komandaya, ordan da milli komandaya qədər yüksələn futbolçular oldu. Bu halın özü futbolumuzun inkişafından xəbər verir. Təəssüf ki, bəzi media nümayəndələri bu inkişafı görmək istəmirlər, futbolumuzda inkişaf yoxdur deyirlər. Futbol elə bir idman növüdür ki, burada inkişafa vaxt lazımdır. Komanda düzəltmək elə də asan iş deyil. Mən özüm də əvvəllər klubda çalışmışam və hal-hazırda `Neftçi`də oynamasalar da, digər klubların heyətində olan futbolçuları burada görürəm. Bizim üçün hər bir klub doğmadır. Ötən mövsüm əvəzedicilərin çempionatı çox yaxşı təsir bağışladı. Klub rəhbərləri də bu yarışa ciddi yanaşdılar, çempionluq uğrunda sonadək mübarizə apardılar. Biz istərdik ki, həm Unibank Premyer Liqasında, həm I Divizionda, həm də əvəzedicilərin çempionatında hər bir komanda layiq olduğu yeri tutsun. Biz buna çalışırıq, bu bizim borcumuzdur. Hamımız ilk növbədə milli komandanın uğurları üçün çalışmalıyıq. Əvəzedici heyətlərdə çıxış edən futbolçuları gələcəkdə Unibank Premyer Liqasında, həmçinin milli komandanın heyətində görmək istərdim. Hamıya uğurlar arzulayıram`.
Sonda PFL-in prezidenti tərəfindən hər 3 komanda üzvlərinə medallar verildi. Komandamıza isə kubok təqdim olundu.