Əvəzetmələr, İlqarın `90`-ı, dayanan və davam edən seriyalar. Video
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5596.jpg)
Əvəzetmələr, İlqarın `90`-ı, dayanan və davam edən seriyalar. Video
`Qarabağ`ımız premyerliqanın final mərhələsinin II turunda `Qəbələ`ni qəbul etdi. 4 gün öncə kubok mücadiləsində qarşılaşan rəqiblərin qarşılaşması bu dəfə də nəfəs kəsdi.
Ötən oyunla müqayisədə `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov 2 dəyişik etmişdi. Qara Qarayev və Vaqif Cavadovun yerini start heyətində Adamiya və Muarem tutmuşdu. Belə də ilk dəqiqələrdən hücuma atılan komandamızın ancaq qələbə üçün oynadığı görsənirdi. Sonuncu oyunda 90-cı dəqiqədə mükəmməl zərbəylə bərabərlik qolunu gətirən Muarem bu dəfə ilk həyəcandaca şansını yoxladı. Amma görüşü yüksək səviyyədə keçirəcək qəbələlilərin qolkiperi Pavels Dorosevs əla reaksiya nümayiş etdirdi. Ümumiyyətlə, ilk yarıda komandamız dəfələrlə qola yaxın oldu. Topu daim özündə saxlayan, top itirildiyi zaman daim pressinq tətbiq edərək oyuna nəzarəti əlində saxlayan komandamız ilk yarı 2 dəfə dirəyi `yoxladı`, Əfran təkbətəkdən yararlana bilmədi, bir neçə dəfə isə son zərbəni vuran tapılmadı. Əvəzində qonaqlar ilk yarımvəziyyətdən yararlandılar. Cərimə zərbəsi sonrası Mendi hamıdan yüksəyə tullanaraq hesabı açdı. Bu eyni zamanda komandamızın çempionatda 9 oyundan sonra qol buraxması anlamına gəlirdi. Belə də Pavloviçin seriyası 828-ci dəqiqədə dayandı.
İkinci yarıya komandamız dəyişiklə başladı. Raufun yerinə meydana daxil olan Vaqif sevimli sol cinahına çəkildi, Adamiya isə bir qədər mərkəzə meyilləndi. Yenə də topa nəzarəti əlində saxlayan komandamızın cəhdləri öz bəhrəsini vermirdi. Sona 7 dəqiqə qalmış baş məşqçimiz 2 dəyişiklik edərək hücum potensialını daha da gücləndirdi. Maksimlə Muaremin yerinə Bəxtiyar Soltanov və İlqar Qurbanov meydana daxil oldu. Son dəqiqə təzyiqimiz sonuncunun başarılı həmləsiylə tamamlandı. Sağ cinahdan cərimə meydançasına daxil olan İlqar müvazinətini itirsə də son anda topa zərbə endirə bildi. Heç kimin gözləmədiyi halda topa tora qovuşdu. Azarkeşlərin çılğın dəstəyi altında irəli atılan komandamıza 2-ci qolu vurmaq üçün vaxt çatmadı və oyun 1:1 hesabıyla başa çatdı.
Maraqlıdı ki, `Qəbələ`ylə sonuncu görüş də son dəqiqə qoluyla bərabərlik gətirmişdi. Özü də Qurban Qurbanovun uğurlu əvəzetmələri özünü doğruldur. Ötən tur Maurem oyuna sonradan girib son nöqtəni qoymuşdusa, bu dəfə İlqar missiyanı öz üzərinə götürdü. Sonuncu eyni zamanda cari mövsüm ilk, `Qarabağ` karyerasında isə 2-ci qolunu vurdu. Maraqlıdı ki, ötən mövsüm `Xəzər-Lənkəran`la final mərhələsi qarşılaşmasında İlqar sonradan oyuna girərək debüt etmiş məhz 90 dəqiqədə (!) hesabı bərabərləşdirmişdi (1:1).
Beləliklə, `Qarabağ`ımız `Qəbələ`ylə heç-heçə oynayaraq 5 oyunluq qələbə seriyasına qon qoydu. Amma `Qarabağ`ımızın məğlubiyyətsizlik seriyası davam edir. Sonuncu dəfə ötən ilin noyabrın 26-sında məğlub olan komandamız 12 oyundu heç kimə qələbə sevinci bəxş etməyib.
`Qarabağ` FK mətbuat xidməti
İlqarın qolunu fərqli izləyin...