Eyni mövzü, 3 il sonra
Eyni mövzü, 3 il sonra
`Qarabağ`ımız ölkə kubokunun ¼ finalında `Qəbələ`ylə qarşılaşdı. Artıq cari mövsümdə 5 dəfə üz-üzə gələn tərəflər son 15 gündə 3 dəfə eyni meydana çıxdılar. Maraqlıdı ki, hər 3 oyunda bərabərlik qeydə alındı. Bu haqda bir qədər sonra.
2 həftə bundan öncə Qəbələdə baş tutan ilk görüş məhsuldar keçmişdi. 2 dəfə ev sahibləri hesabda önə keçsələr də komandamız hər 2 halda hesabı bərabərləşdirə bilmişdi. Xüsusilə, oyuna sonradan daxil olan Muarem son saniyədə vurduğu qolla komandamıza həm hesab, həm də psixoloji üstünlük gətirmişdi.
Amma cavab görüşündə Makedoniya millisinin üzvü meydana çıxa bilmədi. Onun yoxluğunda Vaqif Cavadov ilk dəfə Quzanlıda start heyətində meydana çıxdı. Müdafiə xəttimiz dəyişilməz qalmışdısa Namiq ənənvi mövqeyində, Sadiqovla Adamiyanın arxasında qərarlaşmışdı. Əfran sağdan hücumun sivri ucunda olan Raufa dəstək verməliydi.
Gözlənildiyi kimi, `Qarabağ` - `Qəbələ` dueli yenə gərgin mücadiləylə yadda qaldı. 90 dəqiqə qapılara qol vurulmadı amma görüşün hər dəqiqəsi gərgin mübarizəylə keçdi. İlk yarıda tərəflər daha çox qapısız oynasa da, 2-ci yarıda komandamız ərazi üstünlüyünü ələ aldı. İlk oyunda olduğu kimi Vaqif yenə də dirəyin möhkəmliyini `yoxladı`.
Artıq son dəqiqlərdə meydanda qol vurulmayacağı bəlli idi. Ardıcıl əvəzetmələr də nəticəni dəyişmədi. Belədə tərəflər arasında baş tutmuş son 4 oyun da bərabərliklə sonuclandı – 0:0, 2:2, 1:1, 0:0 (Daha bir oyun dekabrın 21-də baş tutub)
Beləliklə, `Qarabağ`ımız səfərdə vurulmuş qol üstünlüyündən yararlanaraq yarımfinala yüksəldi. Komandamız kuboku qazandığı 2009-cu ildən sonra ilk dəfə bu mərhələyə yüksəldi. ½ finalda rəqibimiz AZAL-ı məğlub etmiş `Bakı` olacaq. İlk oyun Aprelin 18-i, cavab görüşü isə 1 həftə sonra keçiriləcək.
