Əzmkar səfər qələbəsi
Əzmkar səfər qələbəsi
“Ferensvaroş” (Macarıstan) – “Qarabağ” – 1:3
Barnabas Varqa, 29 – Marko Yankoviç, 50; Kevin Medina, 67; Musa Qurbanlı, 85
“Qarabağ” Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyununa çıxıb. Komandamız Macarıstanın “Ferensvaroş” kollektivinin qonağı olub.
Baş məşqçimiz Qurban Qurbanov Budapeştdə baş tutan matçda aşağıdakı start “11-liy”inə şans verib: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 8. Marko Yankoviç, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.
Matçın ilk dəqiqələrindən hər iki komanda sürətli oyuna üstünlük verib. Azarkeşlər qarşılıqlı hücumlara tamaşa ediblər. Komandaların ifasında bir neçə təhlükəli hücumlar təşkil olunub. 29-cu dəqiqədə meydan sahibləri hesabı açıblar.
Hesabda geri düşməyimizə baxmayaraq, futbolçularımız dəqiqələr keçdikcə üstünlüyü ələ almağı bacarıblar. Xüsusən də, ikinci hissədə komandamız matça tam nəzarət edib. Bunun məntiqi nəticəsi olaraq 50-ci dəqiqədə Marko Yankoviç uzaq məsafədən gözəl qola imza atıb. 17 dəqiqə sonra künc zərbəsindən ötürülən topu dəqiq zərbə ilə tora göndərən Kevin Medina komandamızı önə keçirib. Qarşılaşmada son nöqtəni isə 85-ci dəqiqədə Musa Qurbanlı qoyub.
Beləliklə, komandamız hesabda geri düşdüyü görüşdə 3:1 hesablı əzmkar qələbə qazanıb.
Qeyd edək ki, pley-off mərhələsinin “Ferensvaroş”la cavab oyunu avqustun 27-də Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:45-də başlayacaq.
