ƏZMKARLIQ, GÖZƏL OYUN... ...QƏLƏBƏ ! ! !

single-news
14 May 2006

ƏZMKARLIQ, GÖZƏL OYUN... ...QƏLƏBƏ ! ! !



"QARABAĞ" 2:1 "MKT-ARAZ" Oyun başlanan kimi "Qarabağ"ın hücum futbolu oynayacağı açıq aşkar hiss olunmağa başladı. Elə 2-ci dəqiqədə Qoqanın zərbəsi qapı dirəyindən azacıq aralı keçdi. Az sonra Sokolov Romalın geri ötürməsini qapı dirəyindən bir qədər üstə vurdu. 10-cu dəqiqədə isə hesab açıldı. Komandamızı əks hücumda tutan "MKT-Araz" künc zərbəsi qazandı. Asmanı isə İqro Makovey baş zərbəsi ilə tamamladı- 0:1. Bundan sonra oyunun sonuna qədər demək olar ki, matç bir qapı qarşısında cərəyan etdi. 16-cı dəqiqədə Vasifın asmasına Samir bir qədər tez tullandığından zərbəsi zəif alındı. Az sonra Azərin asmasını Samir zərbə ilə tamamlasa da qapıçı dəqiq oynadı. 28-ci dəqiqədə Azərin cərimə zərbəsində vuruşunu da qapıçı tuta bildi. İlk hissə bu hesabla da başa çatdı. İkinci hissədə Böyükağa müəllim, Hüseynin yerinə ikinci hücumçu- Müşviq Hüseynovu buraxdı ki, bu da önəmli bir dəyişiklik oldu. Məhz onun girişindən sonra meydan sahiblərinin hücumlarının kəsəri artdi. 53-cü dəqiqədə hesab bərabərləşdi. 30 metrlik məsafədən bütün çempionatların bəzəyi ola biləcək zərbənin qarşısını qapıçı ala bilmədi. Qolun adı QOQA BERAYA oldu. Məhz onun mükəmməl zərbəsi qarşısında bütün "MKT-Araz" aciz qaldı. Hesab bərabərləşdikdən sonra qonaqlar hesabı saxlamaq üçün müdafiə olundu, meydan sahibləri isə qələbə qopunu vurmaq üçün irəli atıldı.69-cu dəqiqədə Samirin Elmirə gözəl ötürməsindən sonra 12-13 metrlik məsafədən zərbəni qapıçı çətinliklə dəf edə bildi. Bundan 2 dəqiqə əvvəl isə Vasifin künc zərbəsini Müşviq başla daha yaxşı mövqedə olan Sokolova atdı. Sokolovun zərbəsini isə qapıçı qapı xəttindən çıxara bildi.Çoxları bu topun hətta qapıdan keçdiyini də zənn etdilər. Bununla belə Sokolov öz istəyinə çatdı. 89-cu dəqiqədə künc zərbəsini gözəl baş zərbəsi ilə qapıdan keçirən Sokolov komandanın qələbəsində pay sahibi oldu. Bütün futbolçuların gözəl oyun sərgilədiyi 90 dəqiqə sonrası "Qarabağ" mühüm 3 xalla 5-ci pilləyə yüksəldi.

Paylaş