FƏRHAD VƏLİYEV: “SİZ BİZİ DƏSTƏKLƏYİN, BİZ İSƏ SİZİ SEVİNDİRƏK ! !!”

single-news
2 İyl 2007

FƏRHAD VƏLİYEV: “SİZ BİZİ DƏSTƏKLƏYİN, BİZ İSƏ SİZİ SEVİNDİRƏK ! !!”



- Fərhad futbola gəlişini necə xatırlayırsan?

- Uşaqlıqdan Sumqayıtda yaşamağıma baxmayaraq, hər yay Qubaya istirahətə gedirdik. Bu isə mənim bütün yayı futbolla keçirməyimə səbəb olurdu. Uşaqlarla yığılaraq harda boş yer görsək, oranı özümüzə meydança edirdik. İki daş isə bizim qapımız olurdu…

- Böyük futbola hansı komandada başladın?

İlk uşaq müəlimlərim Tofiq Rzayev və Musa müəllim olub. Ardıcıllıq isə aşağıdakı kimidir: 96-cı ildə 16 yaşlılardan ibarət milliyə çağrıldım. 1998-ci ildə “Kimyaçı” komandası məni öz heyətinə cəlb elədi. 99-cu ildə komanda maliyyə böhranı səbəbindən dağıldı və mən Qubanın “Şahdağ” komandasına keçdim. 2000-2001-ci il mövsümünün 2-ci dövrəsində “Viləş” (Masallı) komandasına dəvət aldım. Bu komandada Azərbaycan 3-cüsü oldum və İntertotoda oynadıq. Sonrakı mövsümdə “Xəzər” Sumqayıt komandası yarandığından orada oynamaq qərarı verdim. 2003-cü ildə “Neftçi” komandasının formasını geyindim. Sonrakı mövsümdə “Gənclərbirliyi”nə keçdim və buradan Konkov məni öz komandasına dəvət etdi. 2007-ci ildə isə “İnter”i “Qarabağ”a dəyişdim və burdayam…..

- Bu qədər komanda dəyişmək səni bezdirmədi ki?

- Şükür allaha ki, heç zaman futboldan bezməmişəm. Daha da özümə inam artıb. Allah təala da həmişə ruzimi verib.

- Futbol sənin üçün nə deməkdir?

- Mən özümü futbolsuz təsəvvür eləmirəm. Çox bağlanmışam və inanmıram ki ömrümün hansısa bölümünü futbolsuz keçirəm...

- Yenidən dünyaya gəlsəydin futbolçu olardın?

- Fikirləşmədən deyirəm ki – Bəli.

- Nə vaxt qapıçı olmağı qərar verdin?

- 1992-ci ildə futbol məşqlərinə qapıçı olmaq məqsədi ilə getdim. 2-3 məşqdən sonra qapıçı kimi uşaq məktəbinə qəbul olundum.O vaxtdan indiyə qədər də çərçivəni qoruyuram.

- Heç meydan oyunçusu olmaq istərdin?

- Uşaqlıqda olub. Professional futbolda isə komandamızın məğlub durumunda oynamaq və qol vurmaq istəyi yarandığı zamanlar olub.

- Bir qapıçı üçün ən çətin epizod hansıdır?

- Əvvəllər topa çıxışlarda özümü sərbəst hiss eləmirdim. İndi isə belə desək -daha əvvəl deyil.

- Azərbaycanda ən çox hansı hücumçudan çəkinirsən?

- Nəinki Azərbaycanda, Avropada da hər hansı bir hücumçudan çəkinməmişəm. Cərimə meydançasının ağası qapıçıdır, hücumçu yox.

- Ən çox sevdiyin qapıçı kimdir və niyə?

- Kasilyası çox sevirəm. Qapıçılıq sənətinə yiyələndiyim zamandan o mənim kumirim olub.

- Dinlə məşğul olursan. Nə zamandan bu qərarı verdin?

- 2006-cı ilin may ayından namaz qılmağa başlamışam və boş vaxtlarımı Quran oxumaqla keçirirəm. Bunun da səbəbi olub…Səbəbçi də olduğunu deyə bilərəm.

- İslam sənə nə verib və ya futbolçu kimliyinə nə qazandırıb?

- Hər şey. Hər şey Allah Təalanın əlindədir və bütün verdiklərinə görə ona borcluyam.

- Nə zamansa məşqçi olmaq istərdin?

- Bəli. Gələcəkdə futbolu bitirdikdən sonra qapıçılar yetişdirmək istərdim.

- Etiraf edək ki, Azərbaycanın ən güclü qapçısısan, bu sənə nə deyir?

- Daha da özümdə məsuliyyət hiss eləyirəm. Hər bir oyunda, məşqdə çalışıram ki yeni bir şey öyrənim və gücümü, ustalığımı daha da artırım.

 - Futbolu nəyə qurban verərdin?

- Ailəmə.

- Hər kəs Fərhadı futbolçu olaraq tanıyır. Bəs ailənin tanıdığı Fərhad necə birisidir?

- Ailədə də sakit birisiyəm. Hər bir ailə üzvlərim, qohumlarım arasında sakit biri kimi tanınıram.

- Övladının futbolçu olmağını istərdinmi?

- İnşallah. Daha da dəstək olardım.

- Keçək “Qarabağ”a. Rasim Kara sənin “Qarabağ”ı seçməyində nə dərəcədə rol oynadı?

- Böyük rol oynadı. Onun mənimlə söhbətindən sonra qərar verdim ki, mən bu komandanın şərəfini qoruyacağam.

- Deyirlər, yaxşı qapıçı komandanın yarısıdır? Razısan?

- Razıyam. Məncə qapıçının inamlı oyunu futbolçuların meydançadakı oyununa təsiri böyükdür.

- Avropada oynamaq pul üçün vacibdir yoxsa karyera?

- İlk növbədə karyera üçün. Pul hər şey deyil.

- Bəs o zaman karyera sənin üçün nə deməkdir?

- Karyera mənim üçün özünü təstiq eləmək deməkdir. Buna da inşallah nail olacağam.

- Artıq, iki gündür, məşq edirsən? Komanda haqqında nə fikirləşirsən?

- Çox gözəl kollektiv var. Hamı bir-biri ilə mehribandır. İnşallah qarşıdakı mövsümdə bu ab-hava ilə uğurlu nəticə qazanacağıq.

- “Qarabağ” gördüyün heyətlə çempion ola biləcəkmi?

- İnşallah. Hamımızın məqsədi budur. Arzum da çempion olmaqdır.

- Fərhad ilk dəfə çempionluq sevincini nə zaman yaşayacaq?

- Çalışacağıq ki, bu arzum 2007-2008-ci il mövsümündə reallaşsın.

- Sonda “Qarabağ” azarkeşlərinə demək istədiklərin…

- Türkiyədən bütün azarkeşlərimizi komandamızın futbolçuları adından salamlayıram. Gələn mövsümdə bizi dəstəkləsinlər, bizə inansınlar. Meydançada komandamızın yalnız buraxmasınlar. Biz isə bunun qarşılığında gözəl oyun və qələbələrimizlə onları sevindirək.

 

 

Paylaş

// pop up