Fərhad Vəliyev:`Karyeramı `Qarabağ`da bitirmək istəyirəm.`
Fərhad Vəliyev:`Karyeramı `Qarabağ`da bitirmək istəyirəm.`
“Qarabağ”ımız hələ də istirahət edir. Amma futbolçularımız tez-tez komandamızın bazasına yığışaraq məşq edib fiziki formalarını qorumaqla çalışırlar. Komandamızın əsas fiqurlarından biri olan Fərhad Vəliyev də istirahətin nə olduğunu bilməyənlərdəndir. Millinin də şərəfini qoruyan qapıçımız Fərhad Vəliyev saytımıza premyerliqa, komandadakı son durumu və gələcək karyerası haqqında danışıb.
- Fərhad, çempionatın ilk yarısını dəyərləndirərdin.
- Düzünə qalsa, komandamızın turnir cədvəlinə nəzər saldıqda 7-ci sırada qərarlaşması bizi “açmır”. Amma liderdən cəmi 7 xal geridəyik. 3 xallıq sistemdə bu fərqi “əritmək” problem deyil. Hər halda biz bunaq adirik.
- Amma bir şey də var ki, daha öndə qərarlaşmış komandalar da eyni şeyləri düşünürlər.
- Başa düşürəm. 7 komandanın çempionluğa iddialı olması ən azından futbolumuzun inkişafına da təsir göstərəcək. Maraqlı rəqabət olacaq. Amma bu o demək deyil ki, sadəcə 7 komandayla mübarizə aparacağıq. Premyerliqanın ikincı yarısı daha gərgin keçəcək. Kim daha az xal itirsə qazanan da o olacaq. Bir də iddialılların öz aralarındakı matçlar əhəmiyyətli olacaq. Belə desək, final matçları çox olacaq.
- Belə çıxır ki, mövqeyinizi normal dəyərləndirirsən.
- Yox, yenə qeyd edirəm. Əgər bu gün lider deyiliksə hazırkı nəticəni qəbul edə bilmərik. Çünki, biz ancaq liderliyə oynamağa məhkumuq.
- Komanda çempionata elə də yaxşı başlamadı. Amma sona yaxın artım əməlli başlı hiss olundu.
- Belədə olmalıydı. Düzdü, ənənəvi hadisələri xatırlatmaq istəmirəm. Amma bizə oyunumuzu “tutmaq” üçün vaxt lazım idi. Bu vaxt ərzində itkilərdən qaçmaq mümkünsüz idi. Şükürlər olsun ki, artıq hər şey istədiyimiz kimi gedir. Biz heç kimdən zəif deyilik. Son oyunlarda sübut etdik ki, “Qarabağ”ı silmək hələ tezdir.
- Yeri gəlmişkən, ötən mövsümün son 5 oyununda qol buraxmadın. Amma cari birinciliyin əvvəlində heç də formada deyildin.
- Düzdü. Məlum olduğu kimi, mövsümöncəsi hazırlıqda demək olar ki, iştirak edə bilmədim. Komandaya premyerliqanın ilk turunda qoşulmuşdum. Yenidən köklənmə üçün vaxt lazım idi. Amma, Allah şükür artıq problemlər arxada qalıb.
- Fərhad, bir az dəqiq desək, cari birincilikdən nə gözləyirsiz?
- Əlbəttə, hədəfimiz maksimumdur. Çempionluqla yanaşı kubokda da zirvəyə oynamaq istəyirik. Bunun üçün yetərli potensialımız var. Orasına da əmin ola bilərsiniz ki, ikinci yarıda daha yaxşı çıxış edəcəyik
- Çempionluq uğrunda ən real namizəd səncə kimdir?
- Hər halda “İnter”. Komandanın heyəti “oturub”. Ötən il qazandıqları titulu qorumağa çalışacaqlar. “Bakı” da geri çəkilməyəcək.
- Fərhad Vəliyev “Qarabağ” karyerasından razıdır?
- Əlbəttə. Məmnunam. Düzdü, hələ “Qarabağ”da titul qazanmamışam. Amma karyeramın sonuna hələ çox var. Hələ “Qarabağ”la çox titul qazanacam, inşallah.
- Belə başa düşdüm ki, uzun müddət “Qarabağ”da çıxış etmək istəyirsən.
- İnşallah. Niyə də olmasın? “Qarabağ” bəlkə də Azərbaycanda yeganə klubdur ki, bütün futbolçular özlərini rahat hiss edir. Burda futbolçudan sadəcə futbol haqqında düşünməyini istəyirlər. Rəhbərlik daim komandanın yanındadır. Bir komandaya bağlanmaq çox mühimdir.
- Karyeranı “Qarabağ”da bitirməyi istəyirsən?
- Böyük məmnuniyyətlə. Niyə də yox? Boş müqaviləyə də imza atmağa hazıram. “Qarabağ”da futbola verilən qiymət başqalarından fərqlənir. Pul mənim üç heç vaxt 1 nömrəli olmayıb. Bütün klublara hörmət edirəm. Amma hazırkı komandamızn fərqi göz qabağındadır.
- Daha konkret desək?
- Çox şişirtməyəcəm. Belə bir komandada karyeramı bitirib adımı tarixə yazdırmaq istəyirəm.
- Bəs, legioner həyatı yaşamaq istəmirsən?
- Əlbəttə. Amma ilk növbədə prespektiv olmalıdır. 28 yaşım var. Hələ 5-6 il yüksək səviyyədə çıxış edə biləcəyimi düşünürəm. Amma dediyim kimi, xaricə üz tutacağım təqdirdə bir xeyri olmalıdır.
- Təkliflər almısan?
- Belə maraqlananlar olub. Xüsusiylə, millinin matçlarından sonra. Amma ən real təklifi ötən il “Qartalspor” etmişdi. Oturub “Qarabağ” rəhbərliyi ilə məsləhətləşdik. Dedilər, ixtiyar öz əlindədir. İstəsən sənə zorluq yaratmayacağıq. Amma “Qarabağ”da qalmağı üstün tutdum. Superliqa təmsilçisi olsaydı başqa məsələ. Hər halda buna peşman deyiləm. Tezliklə, “Qarabağ”la avrokuboklarda da tarix yazacağıq, inşallah.
- Qarşıdan gələn ildə Fərhad Vəliyevin hədəfləri nədir?
- İlk növbədə “Qarabağ”la ilk titulumu qazanmaq istəyirəm. Millimizin çox önəmli matçları olacaq. Ümid edirəm ki, azarkeşlərimizi sevindirəcək komandada mənim də əməyim olsun.