Fərid QULİYEV “Bakı"ya sübut etdim ki, oynaya bilirəm" (HET-TRİK, 15.03.2006)

single-news
15 Mar 2006

Fərid QULİYEV “Bakı"ya sübut etdim ki, oynaya bilirəm" (HET-TRİK, 15.03.2006)



Ölkə çempionatının son turunda baş tutan maraqlı oyunlardan biri də "Bakı" - "Qarabağ" matçı idi. Həmin oyunda "Bakı" son dəqiqələrdə vurulan qolla qalib gəldi. Əvvəlcə isə paytaxt təmsilçisi 0:1 hesabı ilə məğlub olurdu. Qolu isə onların qapısından "Bakı"nın öz oyunçusu Fərid Quliyev keçirmişdi. Təəccüblənməyin, həqiqitən də Fəridin transfer hüququ paytaxt təmsilçisinə məxsusdur və o, "Qarabağ"da icarə əsasında çıxış edir. Qərara aldıq ki, ondan müsahibə alaq. - "Bakı" - "Qarabağ" oyununda Azərbaycan çempionatın nadir qollarından birinə imza atdın. Belə qol vurmaq üçün xeyli məşq etmək lazımdır və ya sadəcə, bəxtin olması kifayətdir? - Bəxt yox, sadəcə bu oyuna yaxşı hazırlaşmaq və qələbə qazanmaq lazım idi. Elə alındı ki, top gəldi, mən də vurdum. - Öz komandanın qapısına qol vurdun. Pis təsir etmədi ki? - Əksinə, mən onlara sübut etdim ki, oynaya bilirəm. - Yəqin ki, onlar peşman olublar? - Özləri bilərlər. - Hansı komandada oynamaq sənin üçün daha rahatdır? - "Bakı" mənim üçün doğmadır. Orada futbol oynamağa başlamışam, inkişaf etmişəm. Elə oldu ki, məhz "Bakı"nın qapısından qol keçirdim və bu maraqlı idi. Demək olmaz ki, hansı komanda daha yaxşıdır. Amma hər halda, "Bakı" mənə doğmadır. - Bəs "Qarabağ" necə komandadır? - "Qarabağ" da yaxşı komandadır, kollektivi də yaxşıdır. Bir sözlə, hər şey əladır. - Çempionatda vurduğun ilk qoldur. Fərid Quliyevin ikinci qolunu çox gözləməli olacağıq? - Allahın köməkliyi ilə yenə vurarıq. - Böyükağa Ağayev sənə daha çox etimad göstərsə, bunu nə dərəcədə doğruldardın və necə hesab edirsən, indi yaxşı formadasan? - Doğrusu, oynamağa yenicə başlamışam. "Qarabağ"a gələn kimi zədələndim. Buna baxmayaraq, ilk qolumu vura bildim. Əgər etimad göstərsələr, yenə bunu doğrultmağa çalışacam. - "Bakı"ya qayıdacaqsan, yoxsa "Qarabağ"la müqavilə bağlamağı düşünürsən? - Yəqin ki, yayda "Bakı"ya qayıdacam.

Paylaş