FİFA-NIN YENİ QAYDASI
FİFA-NIN YENİ QAYDASI
Son zamanlar bəzi ölkələrdə əcnəbi futbolçuların limitində edilən dəyişikliklər FİFA-nın da nəzərindən qaçmır. Artıq bir çox ölkədə legioner limitinin həddinin aşdığını görən futbol qurumu 2008-ci ilin mayında Sidneydə keçiriləcək Beynəlxalq Futbol Federasiyasının 58-ci konqresində bu məsələ ilə bağlı bəzi dəyişikliklər edəcək. Belə ki, indiyə kimi bu işə “qol qoymayan” FİFA bundan sonra məsələyə özü aydınlıq gətirəcək. Mayda keçiriləcək konqresdə klubların meydandakı heyətinin 6+5 sisteminə (yəni 5 legioner, qalanı isə yerli oyunçu) uyğun olması təklifi irəli sürüləcək. Bu barədə açıqlamasında FİFA-nın prezidenti Yozef Blatter deyib: “Klublar getdikcə daha çox əcnəbi futbolçular oynatmağa başlayıblar. Belə davam etdikcə komandalar hansı ölkəyə məxsus olduqlarını unudurlar. Növbəti konqresdə bu müzakirə olunacaq”. Çox güman ki, FİFA-nın çıxaracağı qərar Avropanın “nəhəng” klublarını heç də razı salmayacaq.