FİZİKİ QÜSURLULARIN ƏZMİ ƏNGƏL TANIMIR...
FİZİKİ QÜSURLULARIN ƏZMİ ƏNGƏL TANIMIR...
Azərbaycan yığması XIII Pekin Yay Paralimpiya Oyunlarında 3 medal qazanıb. Fiziki qüsurlu idmançıların yarışında həmvətənlərimiz 1 qızıl və 2 gümüş medala layiq görülüblər.
Fəxri kürsüyə yüksələnlərin hər üç idmançımız cüdoçu olub. Tofiq Məmmədov (90 kq) və Kərim Sərdarov (100 kq) yalnız finalda uduzaraq, gümüş medala yiyələniblər. 100 kq-dan artıq çəkidə mübarizə aparan İlham Zəkiyev isə növbəti dəfə paralimpiya çempionu olub. 28 yaşlı cüdoçu 4 il öncə Afinada olduğu kimi, yenə bütün rəqiblərinə qalib gəlib. Bununla da, 18 idmançıdan ibarət milli komandamızın aktivindəki medalların sayı 5-ə çatıb.
Paralimpiadanın ilk günündə cüdoçu Ramin İbrahimov (60 kq), eləcə də üçtəkanla tullanma yarışında Vladimir Zayets üçüncü yeri tutub. İndiyədək 1 qızıl, 2 gümüş, 2 bürünc mükafata sahib çıxmış Azərbaycan medal qazanan ölkələrin siyahısında 25-ci pilləyə qalxıb. Pekin Paralimpiadası sentyabrın 17-də başa çatacaq.
Qeyd edək ki, 2004-cü ildə Afinada Paralimpiasında qüvvəsini sınamış 11 idmançımız Vətənə 2 qızıl, 1 gümüş, 1 bürünc medalla dönmüşdü.