"Futbol+" məşqçilərin pulunu saydı (futbol+, 30.11.2006)
30 Noy 2006
"Futbol+" məşqçilərin pulunu saydı (futbol+, 30.11.2006)
Nakoneçnı hamıdan çox qazanır. Mircavadovla Ağayev isə ondan geri qalmamağa çalışır. Deyirlər başqasının pulunu saymaq yaxşı iş deyil. Amma qoy "başqaları" məni bağışlasın, çünki oxucularımızın marağı naminə mən bu işi edəcəm. Pulunu saydıqlarım milli çempionatda çıxış edən komandaların çalışdırıcılarıdı.
Düzü, məşqçilərin pulunu saymaq mənə heç də asan başa gəlmədi. Yenə sağ olsun birlik! Yoldaşlarımdan hər biri əli çatan klublardakı "kanallarını" işə salınca Azərbaycan futbolunun simasını müəyyənləşdirən çalışdırıcıların əlinə gəlib cibinə gedən pulları - aylıq məvaciblərini "saya" bildik.
Bəribaşdan deyim ki, nəzərinizə çatdıracağım rəqəmlərin əksəri dəqiqdi. Sadəcə, bir-iki klub var ki, onların çalışdırıcılarının məvacibini tam dəqiq öyrənə bilmədik.
Üz vurmayın, bunları kimdən öyrəndiyimizi deməyəcəm. Çünki hamıya bircə-bircə söz vermişik ki, adı gizli qalacaq.
Yəqin cədvələ baxanda diqqətinizi daha çox sonuncu çempion "Bakı"nın çalışdırıcısı Böyükağa Hacıyevin maaşı çəkə bilər. Təəccüblüdü, elə deyilmi? Yəni keçən il adını az qala iddialılar siyahısından sildiyimiz komandaya qızıl medal qazandıran baş məşqçi ayda 300 yeni Azərbaycan manatına işləyir? Nə bilim, vallah, Hacıyev özü belə dedi. Mən də sizin kimi əvvəl inanmayıb rəqəmi dönə-dönə soruşdum. Hər dəfə də eyni cavabı eşitdim. Amma maraq o qədər güclü oldu ki, bir də başqalarından soruşum dedim. Bu dəfə mənə bildirdilər ki, Hacıyev təxminən 1000 dollar maaş alır. Bax, cədvəldə mötərizədə göstərdiyim 300 rəqəmi də elə bu ziddiyyətə işarədi. Amma Böyükağa müəllim, siz Allah, məndən inciməyin. Elə bilməyin ki, sizə inanmıram. Əstağfürullah! Sadəcə, bu rəqəm mənə ço-o-ox az göründü. Axı siz dediyiniz məbləğə heç çoxlarının "kasıb" gözüylə baxdığı idman yazarları da işləmir.
Araşdırmalarımız zamanı bəlli oldu ki, ən çox qazanan məşqçi "MKT-Araz"ın "sükanını fırladan" İqor Nakoneçnıdı. Onun birillik müqaviləsinin məbləği təxminən 100 min dollardı. Deyərdim ki, ukraynalı mütəxəssis bunu haqq edib. İmişli kimi yerdə çalışmaq asan iş deyil.
"İnter"in idman direktoru vəzifəsində çalışarkən təxminən 7000 dollar maaş alan Qurban Qurbanova deyəsən, "Neftçi"də "yaxşı baxmırlar". Flaqmanın ona verdiyi məvacib cəmi 1500-2000 dollardı. Amma özünə qismət, "Qarabağ"ın baş məşqçisi Böyükağa Ağayevin əli yaxşı gətirir. Maaşının məbləğinə görə o ikinci yerdədi. "Xəzər-Lənkəran" futbolçularıyla bərabər çalışdırıcısına da pul sarıdan korluq çəkdirmir. Ağasəlim Mircavadov bilir də neynir. Paytaxtı Lənkərana əbəs yerə dəyişmədi ki...
Bir az qəribə də olsa, "Karvan" kimi komandanın baş məşqçisi Yunis Hüseynov ayda cəmi 1000 dollar maaş alır. "İşıq İnşaat"ın pulu yoxdu bəyəm?
Əsgər Abdullayevin vaxtilə "Bakı"da nə qədər aldığını bilmirəm. Amma deyə bilərəm ki, "Olimpik"lə birillik müqaviləsinin dəyəri 60 min dollardı. Pulun da 20 faizini, yəni 12 min dolları əvvəlcədən alıb. Klub rəhbərliyi qalan 48 min dolları da 12 yerə bölərək hər ay məşqçiyə çatdırır.
"Bankirlərin" bankirliyi baş məşqçiyə ödədiyi paradan da görünür. "İnter"i çalışdıran Valentin Xodukinin aylıq məvacibi təxminən 4000-6000 dollardı. Hərçənd sabiq baş məşqçi Anatoli Konkov daha çox - 10-12 min dollar qazanırdı.
"Ortabab" statusunu nəzərə alsaq, "Turan" rəhbərliyini baş məşqçi Sakit Alıyevə verdiyi maaşa görə "əliaçıq" adlandırmaq olar. Məncə, Sakit müəllim qazancından razı qalmamış olmaz. Amma deyə bilmərəm ki, İliye Karpı "Gənclərbirliyi"ndən hər ay alacağı 1500 dollar qane edir, ya yox. Hər halda, müqaviləyə imza atmamış qazancını bilirdi. Sadəcə, bunları ona görə yazıram ki, Karp ölkəmizdə çalışan əcnəbi məşqçilər arasında ən az para alandı. Amma Əfqan Talıbovun elə "Gənclərbirliyi"ndə cəmi 300 dollara işlədiyiin nəzərə alsaq, Karpın durumu faciəvi deyil.
Sabir Əliyev aldığı maaşın miqdarına görə komandası kimi sonuncu pillədə gedir - aya cəmi 500 dollar. Nə qədər çalışsaq da, "Gilan"ın yeni məşqçisi Ramiz Məmmədovun ayda nə qədər qazandığını dəqiq öyrənə bilmədik. Amma bunu bildirim ki, sabiq baş məşqçi Faiq Cabbarov bütün komanda üzvləri kimi aya 500 dollar alırmış. Bunu nəzərə alsaq, müəyyənləşdirmək olar ki, Məmmədov təxminən 500-1000 dollar maaş alır.
Hər nə isə, Allah hər kəsin qazandığını özünə qismət etsin. Həm də qoy məşqçilərimiz o qədər qazansın ki, gözü hansısa futbolçunun transfer haqqında qalmasın! Bunu da elə-belə, sözgəlişi dedim...
İqor Nakoneçnı - 8000-8500
Ağasəlim Mircavadov - 6000-8000
Böyükağa Ağayev - 7000-8000
Valentin Xodukin - 4000-6000
Roman Pokora - 4000-5000
Əsgər Abdullayev - 4000
Qurban Qurbanov - 1500-2000
İliye Karp - 1500
Sakit Alıyev - 1000-1200
Yunis Hüseynov - 1000
Böyükağa Hacıyev - 1000 (300 AZN)
Ramiz Məmmədov - 500-1000
Sabir Əliyev - 500
Qeyd: məbləğ ABŞ dollarıyla göstərilib.