FUTBOL OYNAYAQ?
FUTBOL OYNAYAQ?
RƏŞAD ERGÜN
Deyirlər, nağıl dili yüyrək olar. Azərbaycan çempionatının premyerliqa adlı dadlı-duzlu, şirin-acılı nağılı belə desək canını Avqusta başlayacaq çempionata tapşıraraq gözlərini əbədi olaraq bizlərə tapşırdı. Xeyrini, səfasını “İnter”ə bütün acısı, cəfasını “Olimpik”ə verərək nisgilini köhnə-yeni premyerliqamıza tapşıraraq “mübarək” futbol dünyamıza əlvida dedi.
Deyirəm, neçə ildir futbola baxıram. Özümü, gözümü dərk edəndən bəri Azərbaycanın adsız və gurultulu premyerliqasına qədər topdan-zaddan oynanan (çalışılan) bu birincilikdə bəyənsəkdə, ağız büzsək də vallah adamın damarlarındakı qanı riqqətə gətirir. Gör ha, kim deyə bilərdi ki, heç kimin gözləmədiyi halda meydana çıxan son anda Qarabağ tərəfdən gələn yağışdan islanacaq?
Ələxsus, hər nə qədər Azərbaycan çempionatının səviyyəsi Avropa deyilən qitədə sonuncu yerlərdən bərk-bərk yapışsa da milli yarışımızın elə spesifik gözəlliyi var ki, hətta “balon”la gəzən əcnəbilər belə heyran qalmaya bilməz. Nöşün ki..
Fikir verin. Gör harda görülüb ki, kişinin puluna görə çempionluğa layiq olub-olmamasını müəyyənləşdirirlər? Heç söhbətə dəxli var? Pulu xərcləyirsən nəyəsə görə. Başa düşdüz də. Ya, səviyyəli oyunçu alırsan, yaxşı dəst-dəzgah alırsan, hakim alırsan, oyun alırsan... Deyəsən, yenə çox ucuzluğa getdim. İndi məsələ burasıdadır ki , indi bütün futbol ictimaiyyətində ortaq fikir formalaşıb. Bu ölkə kimin “yaşıl”ı(bu arada manat dollar ötdüyünə görə artıq hamı milli əskinasla durub oturur) çoxdursa həmin komanda Avropada bizi təmsil etməlidir. Yenə maraqlı bir sual çıxır. Əgər futbol pulla oynanırsa, binəva “Turan”, “Gənclərbirliyi”nə belə zırıltı adlar yapışdırıb futbolla aldatmağın nə mənası var? İspaniyanın “Xetafe”sini tanıyırsınız da. Elə müqayisə eləsək madridətrafı qəsəbənin komandası elə bizim Misir müəllimin “Bakılı”sı boydadı. “Xetafe” ölkə qrandı “Real”la maliyyə müqayisəsi təxminən “Xəzər-Lənkəran”la ABN-Bərdə”nin müqayisəsi kimidir. Amma indi kim “Xetafe”yə deyə bilər ki, sən “Barselona”nı udma.
Amma, indi “Olimpik” hamıdan çox lider kürsüsündə otursa da, “təyyarəçilə”in pulunun nə bilim “İnter”, “Neftçi” qədər olmadığına görə çempionluğa oynamasına qəhrəmanlıq kimi baxırlar. Yəni, bizlərdə futbolçuları oynadığı futbola görə yox, aldığı pulla görə qiymətə mindirirlər. O başqa məsələ ki, futbolçular aldıqları pula layiqdirlər yoxsa yox.
Taleyin gərdişindən, son turda “Qarabağ”a məğlub olan Əsgər Abdullayevin komandası qızıl medalların “İnter”li futbolçuların boynundan asılmasına məcburən və ya könüllü də olsa göz yummalı oldu.
Bir az dəyişməyin vaxtıdır məncə. Futbol oynamaq lazımdır. Bəlkə də daha öncə fikirləşməliyik ki, biz bu milyonların qəlbini fəth edən oyundan nə istəyirik. Pul xərcləmək, zövq almaq yoxsa vaxt öldürmək? Pul da qazanmaq olar, bunların hamısnı birlikdə edərək. Amma bunları birlikdə bərkgedən ölkələrdə edirlər. Top oyunun elit sayıldığı məmləkətlərdə.
Bəlkə də, vaxt gələcək bizdə də “Bakılı” UEFA kubokunda qabaına çıxanı peşiman edəcək, “Bavariya”kimi nəhənglərə əcəl təri tökdürəcək. Amma bunun üçün dedim də klubları pul tərəzisində dəyərləndirməkdən qurtarmaq lazımdır. Pul olmasa futbol bir az çətin olar. Yaxşı başa düşürəm. Amma deyirəm, bəlkə də, bir az futbol oynayaq? Mən yox, sən yox. Elə hamımız...