Futbol üzrə ölkə kubokunun püşkü atılıb (APA, 19.09.2005)
19 Sen 2005
Futbol üzrə ölkə kubokunun püşkü atılıb (APA, 19.09.2005)
BAKI. Bu gün AFFA-nın mənzil-qərargahında futbol üzrə növbəti Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib. Mübarizəyə güclülər dəstəsinin 14, birinci dəstənin 15 komandası qatılıb.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən APA-ya verilən məlumata görə, püşkə əsasən, üç paytaxt klubu - “Neftçi”, “Bakı” və “İnter” mübarizəyə ikinci mərhələdən başlayacaq. “ABH” (Bərdə) – “Gənclərbirliyi” (Sumqayıt) cütlüyünün qalibi növbəti mərhələdə “Neftçi” klubunun rəqibi olacaq. Kubokun sonuncu sahibi “Bakı” “Energetik” (Mingəçevir) – “Olimpik” (Bakı) görüşünün qalibi ilə görüşəcək. “Pote Fahm” (Tovuz) – “Göyəzən” (Qazax) cütlüyünün qalibi isə növbəti mərhələdə “İnter” komandasına rəqib olacaq. İlkin mərhələnin digər qarşılaşmalarına gəlincə, birinci səbətdə yer alan komandalardan “Göy-Göl” (Xanlar) MOİK komandasını, “Turan” “Simurq”u (Bakı), “Anşad Petrol” (Neftçala) “Xəzər-Lənkəran-2” klubunu, “Viləş” (Masallı) “Qarabağ”ı, qəbul edəcək. İkinci səbətə gəlincə, ilk oyunda “Şahdağ-2” (Qusar) “MKT-Araz”la, “Yeni Yevlax” (Yevlax) “Bakılı” ilə, “Gənclərbirliyi-2” (Sumqayıt) “Şahdağ”la, “Şərur” (Bakı) “Xəzər-Lənkəran”la, “Neftçi-2” “Gəncə” ilə, “Ədliyyə” isə öz meydanında “Karvan”la üz-üzə gələcək. /APA/