“Futbolçularımız xarakter göstərdilər”
“Futbolçularımız xarakter göstərdilər”
Misli Premyer Liqasının XXII turunun “Qarabağ” - “Sabah” (3:3) oyunundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Çox maraqlı oyun alındı. Stadionda gözəl atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Çoxdan idi ölkə çempionatında belə atmosfer görməmişdik. Azarkeşlərin izləmək istədiyi kimi matç oldu. Hər iki komandanın futbolçularına təşəkkür edirəm ki, belə dinamik, sürətli oyun göstərdilər. Futbolun sevilən tərəfi ondadır ki, bəzən düşünmədiyin hallarla üzləşirsən. Futbolçularımdan razı qaldım, xarakter göstərdilər. Məni narahat edən futbolçularımızın bərpasıdır. Çox gərgin qrafikdə oynayırdıq. Çempionlar Liqasında “Nyukasl”la matçdan sonra belə bir matç oldu. Üç gün sonra kubok, sonra yenidən çempionat oyunu olacaq”.
