“Futbolçularımızın cəsarətli oyunundan razı qaldım”
“Futbolçularımızın cəsarətli oyunundan razı qaldım”
Avropa Liqasında Liqa mərhələsinin üçüncü turu çərçivəsində keçirilən “Qarabağ” - “Ayaks” (Niderland) matçından (0:3) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutub. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini bildirib:
“Təəssüf ki, məğlub olduq. Oyuna pis hazırlaşmamışdıq. Matça çox yaxşı, dinamik başlamışdıq. Rəqibə qarşı müdafiə olunmaq istəmirdik. Ən xoşagəlməz hal futbolçularımızın qırmızı vərəqə almaları oldu. Növbəti görüş üçün oyunçularımızın sayının azalması əlavə problemdir. İstənilən halda futbolçularımızın cəsarətli oyunlarından razı qaldım. Bəsit penaltilər, vərəqələr verilirsə, deməli, yenə də xırda elementlərə fikir verməliyik. Sona kimi bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Komandam bu cəsarəti qoruyub saxlasa, qarşıdakı oyunlarda uğurlu nəticələr əldə edəcəyimizə inanıram”.
Baş məşqçi IV tur çərçivəsində noyabrın 7-də “Bodo-Qlimt”lə Norveçdəki oyuna uğurlu nəticə üçün yollanacaqlarını söyləyib: “Səfərə çəkinmədən, inamla gedəcəyik. Rəqib yaxşı komandadır, 7 xal toplayıb. Heç bir rəqibə rahat oynamaq imkanı vermir. Heyətimizdə itkilər olsa da, şansını gözləyən digər futbolçularımız var. Yaxşı oyunla uğurlu nəticə əldə etməyə çalışacağıq”.