FUTBOLU ONLAR İNKİŞAF ETDİRSİN, AMMA NƏYİN QARŞILIĞINDA?

single-news
12 Fev 2008

FUTBOLU ONLAR İNKİŞAF ETDİRSİN, AMMA NƏYİN QARŞILIĞINDA?



SALEH ARSLAN

 

İndi ölkəmizdə kimi dindirsən, futbolumuzun inkişaf tempinin aşağı olmasından və ya heç olmamasından dəm vuracaq. Bizə, ümumiyyətlə, xalq olaraq nəyisə bəyəndirmək müşkül məsələdir. Yalnız o halda nəyisə bəyənərik ki, o, bizim öz məhsulumuz olsun. Məsələn, prezident olmayan insan belə düşünür ki, təbəəliyində yaşadığı şəxs o kürsüyə layiq deyil, dövlət də məhz bu səbəbdən inkişaf etmir. Və sonrasında da davam edərək deyir ki, mən gəlsəm, hər şey düzələcək, bütün problemlər yoluna qoyulacaq. Bir sözlə, vəd üstünə vədlər verilir. Amma bir soruşan, deyən yoxdur ki, qardaşım, əlində hər hansı inkişaf proqramı varsa, mövcud durumdan çıxış yollarını bilirsənsə, elə təqdim et hazırda başda oturanlara, qoy onlar da tanış olub, nəticə çıxarsınlar. Yox, illah «mən» sözünü mütləq işlətməliyik. Mən də bu xalqın bir nümayəndəsiyəm, amma mənəm-mənəmlik etmək fikrindən uzağam (hərçənd cümləni «mən» əvəzliyi ilə başladım).

Ölkə futbolunun hazırkı vəziyyəti, nə məni, nə səni, nə də bui şlə birbaşa əlaqəli olan AFFA rəhbərliyini qane edir – bu, yüz faiz belədir. Dedim axı, bizə nəyisə bəyəndirmək asan iş deyil. Hər kəs futbolunun inkişaf yolunu uşaq futbolunu dirçəltməkdə görür. Mən razı – özü də ikiəlli və ikiayaqlı. Amma gəlin baxaq, bu gün uşaq futbolunu dirçəltməklə məşğul olan məşqçilər kimlərdir, hansı şəraitdə və nəyin (söhbət maaşdan gedir) müqabilində işləyirlər? Əksəriyyət yenə də asfalt üzərində çalışır və bir çoxunun heç məşqçilik lisenziyası yoxdur. Amma mən ikinci məsələyə heç bir əhəmiyyət vermirəm. Gəncə futbolunun atası sayılan rəhmətlik Konstantin Abramenko məgər kurs keçmişdi? O ki adi qaynaqçı idi… Amma görün nə qədər futbolçu yetişdirib?

Gələk məşqçilərin nəyin müqabilində işlədiklərinə. Adını çəkmək istəmədiyim bir uşaq məşqçisi ilə təxminən bir ay bundan əvvəl bir söhbətim olmuşdu. Əvvəlcədən deyim ki, o, elita klubları arasında maddi imkanına görə əksəriyyətini qabaqlayan bir klubun uşaqlardan ibarət komandasını çalışdırır. Üstəlik, ölkə daxilində bir çox çempionluqlar və kuboklar qazanıb. Amma yaşadığı şəraitdən və aldığı məvacibdən danışanda… Gənc olmasına baxmayaraq, Azərbaycan səviyyəsində məşqçi kimi gözəl uğurları olan bir insanın yataqxanada, özü də 14 kvadratmetrlik birotaqlı mənzildə yaşadığını və aldığı məvacibin gördüyü işin müqabilində çox gülünc məbləğ (deyəsən 200-300 manat aldığını demişdi) aldığını eşidəndə… Yox, gülmədim. Əksinə, bir daha əmin oldum ki, bu ölkədə futbol birtərəfli qaydada inkişaf edir. Bir qisim insan sürətlə varlanır, qalan hissə isə - qara işi görənlər - əvvəlkitək kasıbçılığını yaşayır. Kimdir futbolda qara iş görənlər? Uşaq məşqçiləri və idman jurnalistikasında gözünün nurunu itirənlər. Hansı vəziyyətdədirlər? Əksəriyyəti yalnız və yalnız çörəkpulu qazanmaq dərdində olduğundan, gördüyü işin faydalılıq əmsalı həddən artıq aşağıdır. Məsələn, bir uşaq məşqçisi hər hansı klubdan aldığı məvacibin ona bəs etməyəcəyini bilər və özünə başqa iş yeri tapmağa məcbur olur. Və ya jurnalistlər. Diqqətlə baxın, bu gün idman jurnalistikasında çalışanların əksəriyyəti gənclər və yeniyetmələrdir. Onların böyük qismini bu sahəyə gətirən isə yalnız həvəsləridir. Bir müddət keçəndən - yaş üstünə yaş, dər üstünə dərd gələndən sonra maddi sıxıntılar başlayır və bir çoxu başqa işə keçməyə məcbur olurlar. Taleyin gərdişinə baxın ki, min bir əzaba qatlaşan jurnalistlərin fəaliyyət sahəsinə minmədiyi maşın, yaşamadığı lüks evlər qalmayan insanlar da daxildir. Ba elə buna görə də nə qədər ki, ölkə futbolunda belə natarazlıq olacaq – futbol təsərrüfatında fəaliyyət göstərən insanların maddi həyat səviyyəsi arasında indiki kimi uçurum olacaq, bizim hər hansı inkişafdan söz açmağımız gülüş hissi doğuracaq.

P.S. Türkiyəli bir professor dostum var. Söhbətlərimizin birində mövzu pul idi. Cavanlığın verdiyi dəliqanlılıqla «Pul – hər şey deyil», - deyir və ona hər dəfə Anadolu türklərinin məşhur bir misalını xatırlatdım: «Para ilə səadət olmaz». Dostumun cavabı isə hələ də qulaqlarımda cingildəyir: «para ilə səadət olmaz, amma parasız heç olmaz».

Paylaş

// pop up