Gəlib çıxmadı payız... “Qarabağ”ın və digər klublarımızın avrokubok yarışlarında çıxışları haqqında - köşə (gun.az)

Gəlib çıxmadı payız... “Qarabağ”ın və digər klublarımızın avrokubok yarışlarında çıxışları haqqında - köşə (gun.az)
Budur, Azərbaycan üçün 2011-2012-ci ilin avrokubok futbol mövsümü başa çatdı.
“Qarabağ”ın “Brügge” üzərində qələbəsi sayəsində major notda başa çatdı.
“Qarabağ” qalib gəldi və Azərbaycanın reytinqinə daha 0,250 xal əlavə etdi. Nəticədə ölkəmiz mövsümü 1,375 xal göstəricisi ilə başa vurdu və UEFA-nın əmsallar cədvəlində ötən il də başa vurduğu 37-ci yeri saxladı.
1,375 xal (bunun 1 xalı “Qarabağ”ın aktivindədir) bizim müvafiq olaraq 1,5 və 2 xal topladığımız ötən iki mövsümün nəticəsindən daha pisdir. Nəticələr azaldı və bu, ölkədə futbolun, xüsusilə klub futbolunun aşağı səviyyədə olduğu barədə yenidən danışmağa başlayacaq tənqidçilər üçün növbəti fürsətdir. Amma unutmaq olmaz ki, istənilən qələbə silsiləsi, nəticələrin istənilən artımı gec-tez sona çatır. Bəzən silsilə tezliklə yenidən başlamaq və daha uğurlu olmaq üçün ara verir.
“Qarabağ” son iki il ərzində bizi böyük qələbələrə öyrətdi. “Rusenborq” və “Visla” ilə qarşılaşmalardakı uğuru azarkeşlər uzun müddət yadda saxlayacaqlar. Bu mövsümdə “Qarabağ”ın yeni qurbanı “Brügge” ola bilərdi, amma olmadı. Bizim çoxumuz hər bir yaxşıya çox tez öyrənirik və bir neçə il bundan əvvəl bizə möcüzə hesab olunan bu gün şəksiz bir hadisə kimi qəbul edilir. “Qarabağ”ın “Rusenborq” və “Visla” üzərindəki qələbəsi də gündəlik hadisələr sırasına keçdi. Tez deyilmi? Obyektiv olaq: Azərbaycanın klub futbolu hələlik Norveçin, Polşanın yaxud, misal üçün, Xorvatiya və İsrailin daha güclü klublarına stabil şəkildə qalib gələ bilmək üçün o qədər də inkişaf etməyib.
“Qarabağ” ötən mövsümlərdə çox yüksəkdə idi və bunun sayəsində də çoxsaylı azarkeş rəğbəti və vacib reytinq xalları qazandı. Bu il güclü rəqibi “yıxmaq” qismət olmadı və buna da normal yanaşmaq lazımdır. Düşünürəm ki, “Qarabağ”ın çıxışını uğursuz adlandırmağa heç kimin dili gəlməz. Ağdam klubu “Banqa” və “Streymur”un simasında maneələri inamla dəf edərək “səpələnmiş” klub statusundan yüz faiz faydalanıb. Eyni zamanda, “Qarabağ” öz reytinq mövqeyini daha çox möhkəmləndirib və faktiki olaraq növbəti mövsümdə “səpələnmiş” klublar arasında özünə yer təmin edib, əlbəttə ki, əgər Ağdam klubu avrokuboklara vəsiqə qazana bilsə.
Nə üçün “Brügge”ni keçmək mümkün olmadı? Rəqibin gücü ilə yanaşı, digər ümumi və xüsusi səbəblər də var. Növbəti dəfə qısa ehtiyat qüvvəsindən və “Qarabağ”ın üst-üstə yığılmış yorğunluqdan danışmağa sövq edən zədələr və əlbəttə ki, kapitan Rəşad Sadiqovun ailəsindəki faciə, aydın məsələdir ki, bütün komandanın dizini qırıb.
Üç avrokubok səfərlərindən heç birində komanda üçün çarter reyslərinin təşkil olunmaması və bunun nəticəsində hər dəfə oyunçuların fiziki gücünün yalnız ağırlaşmasına görə bir çoxları “Qarabağ” rəhbərliyini tənqid edirlər. Aydındır ki, birbaşa reyslə uçmaq rahat, daha yaxşı və az yorucudur, ancaq mən klubun rəhbərlərini xəsislik etdiklərinə görə məzəmmət atəşinə tutmazdım.
Bir də ki, “hansısa 20-30 (40-50) min manata görə klub öz futbolçularını əziyyətə salır” kimi ifadələrin işlənməsi isə mənim fikrimcə, ümumiyyətlə yolverilməzdir. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da futbol klubu saxlamaq məsrəf tələb edən işdir və kimisə hansısa məbləği kluba xərcləmədiyinə görə ittiham etmək, düşünürəm ki, doğru deyil. Həm də ki, Avropa Liqasının iştirakçılarının heç də hamısının səfərlərə çarter reysi ilə uçmaq imkanı yoxdur.
Digər bir məsələ də ondan ibarətdir ki, son illər Azərbaycanın avrokuboklarda ən irəli gedən komandası olan “Qarabağ” klubuna artıq çoxdan kənardan əlavə maliyyə dəstəyi göstərmək lazım idi. Qəribə haldır ki, hər il Azərbaycanın futbol həvəskarlarını futboldakı nəticələri ilə sevindirən və azərkeşlərimizin yeganə təsəllisi olan bu kluba hələ ki belə yardımlar edilmir.
Yuxarıda sadalanan rəqəmlərdən də görmək olar ki, “Qarabağ” Azərbaycan üçün “Neftçi”, “Xəzər-Lənkəran” və “AZAL” komandalarının hamısının birlikdə qazandığından üçqat daha çox reytinq xalı toplayıb. Əsl tənqidə tuş gəlməli olan isə bizim bu məğlub üçlüyümüzdür. Hər uğursuzluğun öz səbəbi var.
Əgər “AZAL” klubun öz daxilində olan xoşagəlməz ab-havadan təsirlənib “Minsk” kimi güclü olmayan bir komandanı məğlub edə bilmədisə, “Neftçi”nin və “Xəzər-Lənkəran”ın isə püşkatmada bəxti gətirmədi. Axı “Qarabağ”dan fərqli olaraq, onlar hələ ki “səpələnmişlər” in sırasında olmaq hüququnu qazanmayıblar. Bəli, əlbəttə, məşqçilərin də səhvləri var idi, komandanın hazırlığında da yanlışlıqlara yol verilirdi, ancaq ən vacib maneə rəgiblər idi.
Bu gün Zaqrebin “Dinamo”su və Tel-Əvivin “Makkabi” klubları çox güclüdür. İsraillilər Bosniyanın “Jelezniçara” klubunun daşının üstündə daş qoymadılar, iki oyunda üst-üstə 8:0 hesabı ilə onları yuyub-sərdilər, xorvatlar isə Finlandiyanın “XİK” klubuna 3:1 hesabı ilə qalib gəldilər.
Belə rəqiblərlə mübarizədə uğur qazanmağa ümid etmək olar və hətta ümid etmək lazımdır, lakin dərhal qələbə qazanmağı tələb etmək qeyri-mümkündür. Əlbəttə, “Neftçi” və “Xəzər-Lənkəran” daha layiqli oyun nümayiş etdirə bilərdilər. “Qarabağ” kimi, ötən mövsümün yekunlarına görə Premyer liqasının ən yaxşıları olan bu iki komanda heç olmasa, azarkeşlərini öz doğma stadionlarında sevindirə bilərdilər, ancaq alınmadı.
Avrokuboklarda məğlubiyyətlər yerli komandalarımızın həyatında nəzərəçarpan dəyişikliklərə səbəb oldu. Bu bir daha sübut edir ki, klub rəhbərləri məşqçilərin əməyini daxili çempionatla yox, qitə arenalarındakı uğurlarla ölçürlər. Avrokuboklara vəsigə əldə etmək, hətta çempion olmaq işin ancaq yarısı deməkdir. Əsl sınaqlar yayda başlayır və elə bu zaman da təəssüf ki, rəqiblər klublarımızın hovunu çox qısa vaxtda alıb gedirlər. Və təəssüf ki, Avrokubok yayının ömrü payıza qədər uzana bilmir.
Elmir Əliyev
Gün.Az