Gəncə futbola qayıdır

single-news
18 Fev 2009

Gəncə futbola qayıdır



"Gəncə"yə "Aznur" MMC sponsorluq edəcək

Mehman Allahverdiyev vitse-prezident, Fuad İsmayılov baş məşqçi təyin olundu

Bir neçə gün əvvəl fəaliyyəti bərpa olunan "Gəncə" klubunun sponsorunun adı açıqlanıb. Gəncə Futbol Federasiyasının prezidenti Xanlar Fətiyev bildirib ki, gələn mövsüm birinci divizionda iştirak edəcək "Gəncə"yə "Aznur" şirkəti sponsorluq edəcək. Avtomobil zavodunun direktoru komandanın hədəflərini də açıqlayıb: "Komanda gələn mövsüm birinci divizionda çıxış edəcək. Məqsəd Premyer-Liqaya vəsiqə qazanmaqdır. Bundan sonra isə hədəf UEFA kubokuna vəsiqə qazanmaq olacaq. "Gəncə"nin maliyyə ilə bağlı heç bir problemi olmayacaq".
Tədbirdə GFF-in prezidenti “Gəncə” Peşəkar Futbol Klubunun strukturunun təsdiqləndiyini bildirib. O, bildirib ki, 3 illik fasilədən sonra bərpa olunan klubun prezidenti Elmir Əliyev, vitse-prezidentləri isə veteran futbolçu Mehman Allahverdiyevlə Musa Abdullayev olacaq. Komandanın baş məşqçisi də müəyyənləşib. Fətiyev deyib ki, "Gəncə"yə Fuad İsmayılov başçılıq edəcək. Qeyd edək ki, İsmayılov Allahverdiyev "Kəpəz"in baş məşqçisi olan dövrdə köməkçi məşqçi işləyib. Gəncə futbolunun yetirməsi olan İsmayılov birinci dəstə klublarında, həmçinin "Şahdağ"da baş məşqçi vəzifəsini tutub.
Gəncədə futbolun, xüsusən də uşaq futbolunun inkişafı üçün 4 komissiya yaradılıb. Komissiyaların rəhbərləri veteran futbolçulardır. Yarışların təşkili komissiyasına Müzəffər Qasımov, hakimlərlə iş üzrə komissiyaya Fərhad Hüseynov, nizam-intizam komissiyasına Zakir Süleymanov, uşaq futbolu məşqçiləri ilə iş üzrə komissiyaya isə Nizami Salahov başçılıq edəcək.

Paylaş