“Gəncə" “Qarabağ"ı gücləndirir (HET-TRİK, 01.02.2006)

single-news
1 Fev 2006

“Gəncə" “Qarabağ"ı gücləndirir (HET-TRİK, 01.02.2006)



İlk dövrədən sonra liderlər qrupunda yer alan "Gəncə"nin fasilə müddətində daha da güclənəcəyi gözlənilirdi. Baş məşqçi postunda Şahin Diniyevi əvəzləyən Mehman Allahverdiyevin doğma klubda daha başarılı olacağını gözləyənlər az deyildi. Çünki "Gəncə" (o vaxt "Kəpəz") qızıl dövrünü məhz Allahverdiyevin dövründə keçirmişdi. Bu səbəbdən də Mehman müəllimə inanlar çox idi. Elə Allahverdiyevin özü də "Gəncə"nin əvvəlki imicinin geri qaytarılacağını bildirirdi. Futbolçuları yaxından tanıyan baş məşqçinin danışığından başa düşmək olardı ki, o, buna çox inanır. Az qala başqa bölgələrdən olan futbolçulara legioner kimi baxan gəncəli azarkeşlərin Allahverdiyevin gəlişindən sonra kluba olan inamı bir qədər də artmışdı. Ancaq onlar ən azı bu mövsümü də gözləməli olacaq. Gözlənilənlərin əksinə olaraq, "Gəncə" irəli yox, geri sayır. Deyəsən, Mehman Allahverdiyevin ayağı "Gəncə"yə düşmədi. Məhz onun gəlişindən sonra Qərb təmsilçisində hər şey öz axarından çıxdı. Əvvəlcə "Gəncə"ni 4 futbolçu tərk etdi. Komandanı ilk tərk edənlər müdafiəçilər Ramiz Hüseunovla İlham Yadullayev, yarımmüdafiəçi Elmir Xankişiyev və daha çox hücumda oynayan Eldəniz Məmmədov oldu. Bu futbolçuların komandanı maliyyə problemləri üzündən tərk etdiyi söylənilsə də, klubun prezidenti Ruslan Məmmədov deyilənləri təkzib edirdi. Artıq Ruslan bəyin də klub haqqında gizlətməli nəyisə qalmayıb. "Gəncə"də maliyyə problemləri son həddə çatdığından, klubda böhran yaranıb. Buna görə də komandanı daha 5 futbolçu tərk edib. Bunlar Qərb təmsilçisinin əsas fiqurlarından olan Qoqo və İrakli Beraya qardaşları, eləcə də Sergey Sokolov, Azər Məmmədov və Etimad Qurbanovdur. Daniel Axtyamovun da düşərgəni tərk etdiyi söylənilir. Beraya qardaşları ilə yanaşı, Sokolovla Məmmədovun "Qarabağ"a keçdiyini öyrəndik. Bunlardan başqa "Gəncə"ni daha əvvəl tərk edən Elmir Xankişiyevlə Ramiz Hüseynovun da Ağdam təmsilçisinin düşərgəsində olduğu söylənilir. Məsələyə aydınlıq gətirmək üçün Azər Məmmədovla əlaqə saxladıq. Onun özü də deyilənləri təkzib etmədi və "Gəncə"də baş verənlər haqda qısa da olsa, məlumat verdi: "Komandanı maddi problemlərə görə tərk etdim. Kluba istənilən səviyyədə baxılmır. İstəyirdim evimin içində oynayım. Birinci dövrə pis deyildi. Yaxşı da oynayırdıq. Hər şey sonradan korlandı. "Qarabağ"a gəlməyim isə təsadüfən alındı". Komandanı tərk etməsinə baxmayaraq Məmmədovun hələ maya qədər "Gəncə" ilə müqaviləsinin olduğunu da nəzərinizə çatdıraq. Qurbanova gəldikdə isə, o bundan sonra "Turan"da etimadı doğrultmağa çalışacaq. "Gəncə"dən "Qarabağ"a pənah gətirən futbolçuların taleyinə bu gün aydınlıq gələcək. Yuxarıda qeyd olunanlardan sonra bir daha aydın olur ki, "Gəncə"də maddi problemlər kifayət qədərdir. Bu üzdən də aparıcı futbolçular komandanı tərk etmək məcburiyyətində qalıb. Daha dəqiq desək, lubun prezidenti Ruslan Məmmədov komandanı tək başına saxlamaq fikirindən ya daşınıb, ya da ki buna gücü çatmayıb. Ümüd edək ki, "Gəncə"ni "Turan"ın taleyi gözləmir.

Paylaş

// pop up