"Gəncə" və Azər "Qarabağ" rəhbərliyini gözləyir (FUTBOL+, 28.06.2005)

single-news
28 İyn 2005

"Gəncə" və Azər "Qarabağ" rəhbərliyini gözləyir (FUTBOL+, 28.06.2005)



Vidadi Rzayevi heyətinə qatmaqla növbəti mövsümdə iddialı olacağını bir daha göstərən "Gəncə" artıq yerli oyunçuların transferiylə bağlı çalışmalarını sona çatdırmaqdadı. Qərb klubunun heyətində görmək istədiyi sonuncu yerli futbolçu ötən mövsümü "Qarabağ"da keçirən Azər Cabbarovdu. Azərin böyük ehtimalla yaxın günlərdə "Gəncə"də görünəcəyini demək olar. Futbolçuyla klubun rəsmi müqaviləyə imza atmamasının səbəbi "Qarabağ" başbilənlərinin ölkədə olmamasıyla bağlıdı. Cabbarov Türkiyədə olan Ağdam klubunun rəsmilərinin yolunu gözlədiyindən "Gəncə"yə qəti cavab verə bilmir. Amma qərblilərin baş məşqçisi Şahin Diniyevlə söhbətdə hiss etdik ki, yarımmüdafiəçinin keçidində problem olmayacaq. Yeri gəlmişkən, "Gəncə" bu gün səhər təlim-məşq toplanışı keçmək üçün Qaxa yollanıb. Qərb klubu Qaxda 10 gün hazırlıq keçməyi planlaşdırıb. İyulun 9-da isə üçqat ölkə çempionları hazırlıq üçün Kislovodska gedəcək. Bir neçə gün əvvəl "Gəncə"yə baxışa gələn gürcü Niko Mikuradzenin taleyinə də Qax toplanışından sonra aydınlıq gələcək. Yaxın günlərdə komandanın düşərgəsinə daha bir əcnəbi təşrif buyurmalıdı. Şahin bəyin dediyinə görə, Belarusdan dəvət olunan legioner yarımmüdafiəçidi. Çox güman ki, Diniyev bu legionerin də "qabında nə olduğuna" Qaxda aydınlıq gətirəcək.

Paylaş