Gənclərlə 4 X 4 nəticə..

single-news
27 Avq 2013

Gənclərlə 4 X 4 nəticə..



`Qarabağ`ımız  premyerliqanın IV turunda  `Qəbələ`ylə qarşılaşdı. Premyerliqaya ardıcıl 3 qələbəylə başlayan `Qarabağ`ımız şimala fərqli heyətlə yollanmışdı. Belə ki, `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının play-off mərhələsində `Aytraxt`la qarşılaşmada meydana çıxan Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Maksim Medvedev, Riçard Almeyda, Jumbinyo, Corc Leroy, Nikolas Gelaşvili eyni zamanda zədəli Reynaldonu Qəbələyə aparmamışdı.
Belə də, `qırmızı-qara`larla görüşdə Təmkin Xəlilzadə ilk dəfə `Qarabağ`ın heyətində start həyəcanı yaşadı. Ötən mövsüm `Qəbələ`ylə oyunda startda meydana çıxan  Eltun Yaqublu yenidən ilk `11`likdəydi. Vüqar Nadirov zədəsini sağaltdıqdan sonra start heyətində yer almış, `Ayntraxt`la oyunda meydana çıxanlardan Qara Qarayev və Muarem Muarem  bu dəfə də ilk `11`likdə idi.
Üstəlik, `Qarabağ`ımız 18 nəfərlik siyahını doldura bilməmişdi. Əvəzində əvəzedici heyətdən Ülvi Rəfizadə, Nurlan Əhmədovun adını matç ərizəsinə salınmışdı. Görüşün sonuncu dəqiqəsində Qurban müəllim Ülviyə də `Qarabağ`ın heyətində debüt etmək şansı yaratdı.
Bütün bunlara baxmayaraq `Qarabağ` oyuna sürətlə başladı və ilk dəqiqələrdə ərazi üstünlüyünü ələ keçirdi. Və çox keçmədən `Qarabağ`ımız qola sevindi. Qara Qarayevin ideal ötürməsindən sonra Vüqar Nadirov qapıçını da keçərək topu tora göndərdi.
İlk yarının geridə qalan zamanında komandamız daha çox topa nəzarəti özündə saxlayaraq yarını öz xeyrinə başa vura bildi. 2-ci yarıya ev sahibləri böyük təzyiqlə başladılar. `Qəbələ`nin ardıcıl həmlələrinə baxmayaraq gənclərdən qurulmuş heyətimiz  rəqibin təzyiqinə davam gətirə bildi və sonda 1-0lıq qələbə komandamızın hesabına 3 xalın əlavə olunması demək idi.
Beəliklə, 9 yerli futbolçudan ibarət komandamız bu qələbəylə `Qarabağ`ımızın premyerliqada ardıcıl 4-cü qələbəsini rəsmiləşdirdi. Qapıçımız Fərhad Vəliyevi saymasaq  meydanda olan orta yaş həddi 22,4 olan komandamız ürəyini meydana qoyaraq `Qarabağ` formasının fərqini göstərdilər. Bununla da vahid liderliyə yüksələn komandamız Qurban Qurbanovun `Qarabağ` karyerasında ən uğurlu startını reallaşdırdı.
 
 

Paylaş

// pop up