Goozalla başlayan gözəl günlər

single-news
10 Okt 2011

Goozalla başlayan gözəl günlər



Yaxud `Qarabağ`ın ikinci doğum günü!
`Qarabağ`. Yaralı yerimizin layiqli təmsilçisi, Avropadakı qürurumuz. Bu sözləri deməklə Amerika kəşf etmiş olmadım. Çünki görünən həqiqəti, reallığı demək heç vaxt yeni kəşf sayılmayıb. Bu yazını yazmaq da anidən ağlıma gəldi. Evdə oturub bir qədər gənc vaxtlarımı, futbol oynadığım dönəmləri xatırlayırdım. 10 il bundan əvvəl yaşadıqlarım da kino lenti kimi gözümün önündən keçdi. 19 yaşımda Sumqayıtın `İnşaatçı` stadionuna, `Qarabağ`ın məşqinə yollandığım, Elşad Xudadatova `Qarabağ`da oynamaq istəyim olduğunu söylədiyim və onun da böyük məmnuniyyətlə məni komandaya dəvət etdiyi gün və s. Elə dalağım da o anda sancdı. Axı həmin vaxtlar `Qarabağ`ın ağır günləri idi, komandanın yaşayacağı belə, böyük sual altında idi.
Ancaq...2001-ci ili `Qarabağ`ın taleyində həlledici mərhələ saymaq olar. Artıq çoxdan maliyyə burulğanında çabalayan Ağdam təmsilçisində gərginlik son həddə çatmışdı. Təsadüfi deyil ki, `Qarabağ`ın hətta milli çempionatdakı çıxışını davam etdirməsi sual altına düşmüşdü. 2001-02 mövsümünə hazırlığın ilk mərhələsində komandanın düşərgəsində ətalət hökm sürürdü. Düzdür, komanda Sumqayıtdakı `İnşaatçı` stadionunda mövsümöncəsi ilk məşqinə çıxdı. Ancaq məşqə çıxan həmin futbolçular Elşad Xudadatovun rəhbərlik etdiyi `Qarabağ`ın gəncləri idi. Komanda köhnə, `alabaş` avtobusla Sumqayıta gəldi, məşq etdi, getdi. Ancaq komandanın yaşayacağı real görünmürdü. Çünki artıq kluba sahib duran insan yox idi. Pul olmadan isə çempionatda oynamaq mümkün deyildi. Bir sözlə, `Qarabağ` yavaş-yavaş dağılmaq üzrə idi.
Və...Gələcək taleyi dumanlı görünən `Qarabağ`ın köməyinə `Azərsun Holdinq` şirkətlər qrupu çataraq onu `bataqlıqdan çıxardı`. Məhz `Azərsun`un kluba əl uzatması nəticəsində maliyyə problemləri bir andaca yoxa çıxdı. Nəticədə `Azərsun`la birləşən `Qarabağ` 2001-02 mövsümünə yeni adla başladı və `şirkət komandası` maliyyə durumu yüksək olan klublar sırasında yer aldı. Özü də neçə vaxtdır Sumqayıtda məskunlaşaraq ev oyunlarını `İnşaatçı` stadionunda keçirən komanda məkanı dəyişdi. Əslində Sumqayıtdakı əsas arena - Mehdi Hüseynzadə adına səhər stadionu da ağdamlılara tanış idi. Belə ki, komanda Ağdamın işğalından sonra ev oyunlarını `İnşaatçı`dan öncə məhz Sumqayıtın əsas arenasında keçirmişdi. `Azərsun` komandanı himayəyə götürməklə həm də uzun fasilədən sonra bu stadiona qayıdışına şərait yaratdı. Belə olan halda ağdamlılar paytaxta köçənədək ev oyunlarını `İnşaatçı` ilə müqayisədə şəraiti daha yaxşı olan Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirdilər.Təbii ki, yaradılan şəraitin fonunda yaxşı çıxış etməsi gözlənilən komandanın qarşısında yüksək yerlər uğrunda mübarizə aparmaq vəzifəsi qoyulmuşdu. Bu isə klubu kimin çalışdırmasından və həmin mütəxəssisin sərəncamında görmək istədiyi futbolçuların səviyyəsindən asılı idi. Klub rəhbərliyinin məşqçi seçimi maraqlı oldu. Belə ki, baş məşqçi postu təcrübəli yox, gənc mütəxəssisə etibar olundu və 35 yaşlı Şahin Diniyev vətəndə klub çalışdırıcısı kimi debüt etdi. Debütün baş tutmasının da maraqlı tarixçəsi var.
2001-ci ilin iyun ayı idi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda bu şəhərin `Xəzər` komandası məşq edirdi. Bu zaman `Qarabağ`ın icraçı direktoru Adil Nadirov da sözügedən arenaya gəldi. Sponsor məsələsi həll olunduğundan üzü gülürdü. Tribunaya qalxıb bir qədər məşqi izlədikdən sonra mobil telefonuna əl ataraq kiməsə zəng etdi. Bir neçə dəqiqədən sonra zəng edilən şəxsin Şahin Diniyev olduğu üzə çıxdı. Nadirov öncə Diniyevi ad günü münasibəti ilə təbrik etdi. Daha sonra isə `Şahin müəllim, mən səni `Qarabağ`ın baş məşqçisi görmək istəyirəm` dedi. Həmin söhbət gözümün qabağında olub və yadımdadır ki, Diniyev dərhal razılıq verməmişdi. Ancaq hər kəs bilirdi ki, Nadirov əgər bu fikrə düşübsə, Diniyevi mütləq komandaya gətirəcək. Hər şey gözlənilən kimi oldu və bir neçə gündən sonra yeni baş məşqçi `Qarabağ-Azərsun`u `İnşaatçı` stadionunda ilk məşqə çıxardı. Diniyevin seleksiya işi çoxsaylı yeni oyunçuların cəlb olunması ilə əlamətdar oldu. Təsadüfi deyil ki, köhnə heyətdən cəmi 5 futbolçu - Səttar Əliyev, Yaşar Hüseynov, Vadar Nuriyev, Vüqar Quliyev və Elmir Xankişiyev qaldılar. Heyətinə bir neçə legioner də qatan `Qarabağ-Azərsun`un əs səs-küylü transferləri dövrələrarası fasilədə baş tutdu. Vidadi Rzayev növbəti çempionluğunu qazandığı `Şəmkir`lə yollarını ayırdıqdan sonra məhz Ağdam klubuna üz tutdu. Diniyevin Vidadini komandaya dəvət etməkdə əsas niyyəti həlledici mərhələnin oyunlarında ondan faydalanmaq idi. Axı həmin mövsüm çempionat `altılıq` sistemi ilə keçirilirdi və `Qarabağ-Azərsun`un bu mərhələyə vəsiqə qazanacağı şübhə doğurmurdu.`Altılığa` çempionatın ilkin mərhələsinin sonuna yaxın vəsiqə qazanan `Qarabağ-Azərsun` çox qol vuranlardan olsa da, çox qol buraxırdı (40-26). 22 oyun keçirən komandanın 8 dəfə uduzması yaxşı hal olmasa da, hər halda, həlledici mərhələyə vəsiqə qazandıqdan sonra  matçların əhəmiyyətinin azalması da nəzərə alınmalıdır. Ağdamlılar həmin mövsüm ən acı məğlubiyyəti Şəmkirdə aldılar ki, eyniadlı komandaya məğlubiyyətin əvəzini çıxmaq mümkün olmadı. Belə ki, ikiqat ölkə çempionu olan `Şəmkir` Ağdam klubunu səfərdə də məğlub etməyi bacardı - 3:1. `Qarabağ-Azərsun`un buraxdığı qolların 30%-i `Şəmkir`lə oyunların payına düşürdü. `Şəmkir`lə yanaşı, `Neftçi`, `Şəfa`, `Kəpəz` və `Xəzər Univesiteti`nin də vəsiqə qazandığı `altılıq` yarışması `Qarabağ-Azərsun` üçün uğursuz oldu. Təsadüfi deyil ki, 3 oyunda cəmi 1 xal qazanan ağdamlıların hesabında olan topların sayı da elə bu qədər idi. Bu yerdə qeyd edək ki, `altılıq`da çempionatın ilkin mərhələsində qeydə alınan xallar nəzərə alınmır və mübarizə sıfırdan başlayırdı. Və 3 oyundan sonra `Qarabağ-Azərsun` sonuncu - 6-cı pillədə yer almaqla, çempionluq şansını xeyli azaltmışdı. Belə olan halda 4-cü turda `Neftçi` ilə ev oyunu böyük əhəmiyyət kəsb etsə də, 2002-ci ilin aprelində çempionatda mübarizə dayandırıldı və hə həmin mövsüm başa çatmamış sayıldı.
 Bundan sonra AFFA-ya müxalif olan qüvvələr yarışı yarımçıq qaldığı yerdən davam etdirsə də, UEFA alternativ çempionatın nəticələrini indiyədək tanımayıb.Həl halda, komandaların nəticələrindən fərqli olaraq, futbolçuların şəxsi göstəriciləri ləğv olunmadı. Həmin mövsümdə `Qarabağ-Azərsun`un ən sərrast oyunçusu Dmitri Kudinov oldu. Şahin Diniyev `birləşmiş komanda`nın ən yaxşı legioneri sayıla bilən rusiyalı hücumçunu hələ onun vətənində məşqçi kimi çalışdığı dövrdən tanıyırdı. Kudinov Diniyevin etimadını layiqincə doğruldaraq ilk mövsümdəcə vurduğu 13 qolla bombardirlər yarışında `Şəmkir`in hücumçusu Alay Bəhramovdan sonra qərarlaşdı. `Qarabağ-Azərsun`un `altılıq`dakı yeganə qolunun müəllifi də məhz Dima idi. Onu da deyim ki, milli çempionat bərpa olunandan sonrakı mövsümün (2003-04) ilk qolunun, ilk dublunun da müəllifi məhz Kudinov oldu. `Qarabağ-Azərsun` adlanan dövrdə çıxış etmiş bu hücumçu Ağdam klubunda oynamış legionerlər arasında indiyədək ən çox qol vuran (22) futbolçu sayılır.Bəlkə də, bu səpkidə yazı yazmağım kimlər üçünsə qəribə görünə bilər. Amma söhbət mövzusu Qarabağ və `Qarabağ`dırsa, o zaman bu söhbətin üstündən elə-belə keçmək olmaz. Çünki 2001-ci ildə `Azərsun Holdinq` şirkəti və onun prezidenti Abdulbari Goozal bu klubu himayəsinə götürməsə idi, bəlkə də, indi Azərbaycan futbolunda `Qarabağ` adlı klub olmayacaqdı. Nə bu adda klub olacaqdı, nə də biz `Qarabağ`ın Avropadakı zəfərlərinə sevinəcəkdik. Bu fikirlərimdə kiminsə hansısa qəribəliklər axtarmasını da istəməzdim. Sadəcə, bir vətəndaş kimi bunu qeyd etməyi vacib saydım. Bizlərin sahib çıxmadığı, göz görə-görə dağılmağa məhkum edilən bir komandaya məhz Abdurbari Goozal və `Azərsun Holdinq` şirkəti sahib çıxdı, onu dağılmağa qoymadı, yaşatdı, bu gün də yaşadır, əminəm ki, bundan sonra da yaşadacaq.İkinci doğum günün mübarək `Qarabağ`. Çempionlar Liqasının, Avropa Liqasının qrup mərhələsində görüşənədək. Özü də Suraxanıda yox, Ağdamda, `İmarət`də. AMİN!

Anar Xanlarov, `Çempion` qəzeti 

Paylaş

// pop up