Görünən və görünməyən məqamlar... (futbol+, 29.07.2006)

single-news
29 İyl 2006

Görünən və görünməyən məqamlar... (futbol+, 29.07.2006)



Gördük. Çoxumuz şahidi olduq. “Qarabağ”ın o böyük adına yaraşmayan oyunun, iki erməniyə qucaq açan “Zimbru”ya boyun əyməsini gördük. Heyf adına, Qarabağ! Əslində klub peşəkarcasına çox şey etmişdi. Oyunöncəsi mətbuat konfransı, matçın proqramı, yetərincə təbliğat və bunun nəticəsi kimi çoxsaylı azarkeş cəlb edilməsi, lentlər və bayraqlarla bəzədilmiş stadion... Təkcə meydanda yox idi peşəkarlıq. Yığmada “can çürüdənlərimiz” belə peşəkara yaraşmayan tərzdə oynayırdı. Buna oynamaq demək olardısa... ...Daha yazılarımda azarkeşlərə üz tutub “gəlin, komandalırımızı dəstəkləyək” deyə bilməyəcəm. Üzüm qalmayıb. İndi ki, stadionda bir dənə də olsun boş yer qalmamışdı. Görəsən, bunca insanı, hirsindən meydana butulka atan azarkeşləri “Şəfa”dan məyus yola salan futbolçular vicdan əzabı çəkirmi? Yoxsa yenə də “azarkeşlər dəstəkləsələr, biz də yaxşı oynayarıq” deyəcəklər. Utanmaz-utanmaz... Gördük və bir daha şahidi olduq ki, Azərbaycanda çempion olmaq və ya kubok qazanmaq hünər deyil. Hünərin varsa, buyur, beynəlxalq meydanlarda göstər. Oyunda çoxunuzun görmədiyi məqamlar da oldu. Futbol mütəxəssislərimizin bir-birinin paxıllığını çəkdiyini gördüm. Eşitmişdim, amma şahidi olmamışdım bunun. Bəlkə də Azərbaycan futbolunun inkişaf etməməsinin bir səbəbi də elə budu. Başqasının uğuruna sevinməyənləri gördüm. “Qarabağ” hesabda geri düşərkən “çiçəyi çırtlayanları”, sevincindən uçmağa qanad axtaranları gördüm. Bəlkə Böyükağa Ağayev də nəvaxtsa həmkarlarına paxıllıq edib. Yalan deyə bilmərəm, bunu görməmişəm. Bir şeyə sevindim: nə yaxşı ki, bu hiss “sıravi” azarkeşlərimizdə yoxdu. Olsaydı, bakılılar bir yana, Yevlaxdan, Lənkərandan ağdamlıları dəstəkləməyə gəlməzdilər. Amma təəssüf ki, təhlükəsizlik xidmətinin səhlənkarlığı üzündən stadiona kifayət qədər butulka keçirənlər də oldu. Onlardan birinin şüşədən olması isə baş hakimin də diqqətindən yayınmadı və o diktoru növbəti analoji hərəkətə görə matçı dayandıracağını elan etməsinə səbəb olacağını deməyə də məcbur etdi. İçəri yad əşyaların keçirilməsinin səbəbi isə sadəcə azsaylı təhlükəsizlik xidməti işçilərinin azarkeş kütləsi qarşısında aciz olması idi. Respublika stadionundan fərqli olaraq, “Şəfa”da stadion qapısına kimi yoxlanış yerlərinin olmaması seyrçilərin yeganə səddə köynək altında əşya gizlətməsinə imkan verirdi.

Paylaş