“Göyəzən” - “Qarabağ” (FUTBOL+, 20.04.2006)

single-news
20 Apr 2006

“Göyəzən” - “Qarabağ” (FUTBOL+, 20.04.2006)



Son iki ev oyununda “Bakı” və “Xəzər-Lənkəran”la matçlarda bərabərliyə qalan “Göyəzən” yenə doğma meydanda uduzmamaq üçün əlindən gələni əsirgəməyəcək. Düzdü, Qazax klubunun birinci dəstəyə düşməsi rəsmiləşib. Hər halda komanda heç olmasa, doğma publika qarşısındakı oyunlarda xal ehtiyatını artırmağa çalışır. “Qarabağ” isə Qazaxdakı görüşdə daha çox “Neftçi”ylə kubok sınağı haqda düşünəcək. Bu mənada ağdamlıların problemləri olan oyunçuları qoruyacağı gözləniləndi. Serb legionerlər - Zoran Çelinşeklə Bojan İliç “Neftçi”ylə ilk oyunadək tam sağalaraq sıraya dönməlidi. Son turda meydana çıxması məqsədəuyğun sayılmayan Mübariz Orucov, eləcə də vərəqə limitini aşaraq növbəti dəfə cəzalanmaq təhlükəsiylə üz-üzə qalan Aslan Kərimovun qorunacağı gözlənilir. Yeri gəlmişkən, Aslan cari mövsümdə vərəqələrin sayı 11-ə çatan ilk oyunçu oldu. Ağdam klubunun daha bir əsas oyunçusu Sergey Sokolovun isə cəzasının bu tura təsadüf etməsi yerinə düşdü. Hər halda, Sokolov “Neftçi”ylə kubok oyununda “Qarabağ”a daha çox lazımdı. Onu da qeyd edək ki, komandaların çalışdırıcıları Məqsəd Yaqubəliyevlə Böyükağa Ağayev bir-birilərinə yaxşı tanıyan isimlərdi. Belə ki, ötən mövsümün ikinci yarısında Ağayev Yaqubəliyevin baş məşqçisi olduğu “Şahdağ-Samur”da məsləhətçi idi.

Paylaş