Gözəldən mənəviyyat dərsi (FUTBOL+,18.07.2005)

single-news
18 İyl 2005

Gözəldən mənəviyyat dərsi (FUTBOL+,18.07.2005)



"Qarabağ" qarşıdakı mövsümlə bağlı çalışmalarını sürdürür. Baş məşqçi Elxan Abdullayev heyəti gündəlik məşqlərə çıxarır. Rəhbərlik yeni futbolçularla müqavilə imzalamağa tələsmir. Srağagün isə Ağdam təmsilçisinin prezidenti Abdulbari Gözəl heyətlə görüşüb, növbəti birincilik üçün planları açıqlayıb. Hazırda "Qarabağ" müqaviləsi başa çatmayan Samir Musayevi qaytarmağa çalışır. Bildiyiniz kimi, hücumçu "Turan"ın Türkiyə toplanışındadı. Bizimlə söhbətdə Abdullayev Musayevin Tovuz komandasına qoşulmasını yalnış hərəkət kimi dəyərləndirdi və forvardın "Qarabağ"a məxsus olduğundan düşərgəyə dönəcəyini vurğuladı. Komanda ön xətdə təkcə Samirə güvənə bilməz. Bu mənada artıq Müşfiq Hüseynovla müqavilə şərtləri razılaşdırılıb. Müşfiq artıq qarşıdakı çempionata hazırlaşır: "Klub prezidenti komandanı yığıb fikirlərini bölüşdü. Gözəl son çempionatda oyun alqı-satqısı və bunun kimi çirkin əməllərə əl atıldığından xəbərdar olduğunu qeyd etdi. Mən də "Qarabağ"ın adına yaraşmayan işlər haqda eşitmişdim. Bunu bəzi qruplaşmalar edirdi. İndi onlar komandadan uzaqlaşdırılıb. Yeni kollektiv isə saf, təmiz mübarizə aparacaq". Dünənsə "Qarabağ"ın rəsmi internet saytına maraqlı xəbər çıxarılıb. Elektron səhifədə klub prezidenti Abdulbari Gözəlin futbolçularla görüşdə etdiyi çıxış verilib. Böyük Gözəlin nitqindən diqqətçəkən məqamları biz də oxuduq. Bildiyimizə görə, toplantı Ağdam təmsilçisinin növbəti milli çempionatla bağlı hədəflərinin müəyyənləşdirməsi və planların açıqlanmasına həsr edilibmiş. Amma yığıncaqda Abdulbari bəy görülən və görüləcək işlər haqda danışmaq əvəzinə, sözün əsl mənasında mənəviyyət dərsi keçib. Məruzədə gözəçarpan əsas nüanslar isə prezidentin klubun işlərinə birbaşa rəhbərlik edəcəyini bəyan etməsidi. Bu günədək "Qarabağ"ın idarəçiliyindən birbaşa məsuliyyətli olan Tahir Gözəl isə holdinqin önəmli layihələrini həyata keçirəcəyinə görə vitse-prezident postunda rəmzi qalacaq. Ata Gözəl kluba rəhbərliyi tək həyata keçirməyəcək. İdarə heyətində baş direktor Əmrah Çəlikələ də xüsusi yer ayrılıb. Həm də bundan sonra Əmrah bəy "Qarabağ"ın nəzarət şurasında da fəaliyyət göstərməlidi. Bnudan başqa, yeni baş məşqçi Elxan Abdullayev də adıçəkilən şuraya daxil olunub. Ümumiyyətlə, Abdulbari bəyin çıxışı ötən birincilikdə baş verən oyun alqı-satqılarına münasibət xarakterlidi. Prezident belə qara işləri pisləyib, heyəti təmizliyə dəvət edir. Gözəl dediklərini sırasına "mən söz verirəm ki, bizə olan bütün haqsızlıqlara qarşı mübarizə aparacam. Sizdən bir istəyim var: sonuncu olun, amma təmiz olun" sözlərini də əlavə edib. Klub rəhbərinin nitqi demək olar bu fikrə köklənib. Gözəl oğlundan da gözəl danışıb... Hər şey əladı, söz yox, amma gərək danışılanlardan, deyilənlərdən sonra ortalıqda nəticə də olsun. Görünən isə odu ki, "Azərsun holdinq" "Qarabağ"la hansısa iddia uğrunda vuruşmur. Yenə də bu klubun şirkətin reklam marağı üçün saxlandığı fikrindəyəm. "Qarabağ" Gözəllərin rəhbərliyində çempion ola bilməyib və cəmi bircə dəfə uğursuz avrokubok təcrübəsi yaşayıb. Gərək bər-bəzəkli sözlər verəndə heç olmasa, ifadələrin yarısı qədər keyfiyyət ortaya qoyasan. Tahir bəy də əvvəl həyəcandolu şüarlar səsləndirirdi. Bəs hanı o keyfiyyət? Bundan danışmaq lazımdı. Təmiz, nizam-intizamlı olmaq futbolda əsas şərtlərdəndi. Amma futbolun danılmaz bir adı da mübarizlikdi. İddia olmayanda isə mübarizə mənasızlaşır. Futbolumuzun bugünkü reallığı isə "Qarabağ"ı həmin görmək istədiyimiz iddialı imicindən xeyli uzaqlaşdırır. Rəqibləri arasında Ağdam klubunun cılız görünəcəyi gün kimi aydındı. Çünki himayəçi klubun işinə bəlkə də 4-cü, 5-ci ciddiyyət kimi yanaşır. Elə Abdulbari bəy üçün də holdinqin layihələri "Qarabağ"ın idarə edilməsindən əlahəddə vacibdi. Yoxsa oğul Gözəlin ampluası dəyişdirilməzdi. Belə durumda ən yaxşı göz qapayan əməliyyat isə elə srağagünkü tədbir ola bilərdi ki, həyata keçirildi. Prezident düşüncəsincə kluba qarşı diqqətlilik görüntüsü yaratmağa çalışdı. Lakin şəxsən mən inanmadım ki, Abdulbari bəy dediyi kimi "Qarabağ"ı şəxsən idarə edəcək.

Paylaş

// pop up