Gözlənilən final
Gözlənilən final
Çempionlar Liqasının finalçıları məlum olub. `Real`I sıradan çıxardan `Barselona`nın rəqibi gözlənildiyi kimi olub.
İlk oyunda səfərdə `Şalke 04`ə 2:0 hesabı ilə qalib gələn `Mançester Yunayted` öz meydanında daha rahat oynayıb. İngilislər matça nəzarəti sonadək əldən verməyərək, böyük hesabla qalib gəliblər - 4:1. Xüsusən, 1/4 finalda İtaliya `İnter`i ilə səfərdə inamlı təsir bağışlayan və 5:2 hesabı ilə qalib gələn `Şalke 04` `qırmızı şeytanlar` qarşısında aciz qalıblar. İlk görüşdəki qolların müəllifləri Ueyn Runi və Rayan Giqqzin xidmətindən yararlanmağa ehtiyac duymayan Aleks Ferqyusonu Luis Valensiya, Darron Gibson və fasilədən sonra 2 dəfə Anderson sevindirib. Almaniya klubu qapısında gördüyü 4 topa yalnız Xose Xuradonun qolu ilə cavab verə bilib.
Beləliklə, mayın 28-də İngiltərənin paytaxtı Londondakı məşhur `Uembli` stadionunda keçiriləcək final matçında `Barselona` və `Mançester Yunayted` klubları qarşılaşacaq. Bu komandalar 2008-2009-cu il mövsümündə də həlledici görüşdə üz-üzə gəliblər. Həmin vaxt İtaliyanın paytaxtı Romadakı `Olimpiko` stadionunda baş tutmuş qarşılaşma `Barselona`nın qələbəsi ilə yekunlaşıb - 2:0.
23:45. `Mançester Yunayted` (İngiltərə) - `Şalke 04` (Almaniya) - 4:1
Qollar: Luis Valensiya, 26 (1:0). Darron Gibson, 31 (2:0). Xose Xurado, 35 (2:1). Anderson, 72 (3:1), Anderson, 76 (4:1)